"Dünən axşam saatlarından başlayaraq Lənkəranda bir neçə saat aramsız olaraq leysan yağışlarının yağması nəticəsində şəhərə elə də ciddi ziyan dəyməyib”.
Bu barədə AzNews.az-a açıqlamasında rayon icra başçısının müavini və şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində leysan yağışları nəticəsində şəhərə dəyə biləcək ziyanın qarşısı vaxtında alınıb: "Dünəndən etibarən Lənkəran ərazisinə aramsız olaraq leysan yağışlar yağmağa başladı. Amma şəhərin Fövqəladə Hallar Komissiyası tez bir zamanda aidiyyəti qurumları məsələyə cəlb etdi. Biz öz tədbirlərimizi gördük. Nəticədə də yarana biləcək bütün problemlər aradan qaldırıldı. Hazırda hər şey yaxşıdır. Şəhərə də hər hansı bir ziyan dəyməyib. Dünən yağan o cür leysan yağışlardan problemsiz çıxa bildik”.
İcra başçısının müavini qeyd edib ki, şəhərə dünən işığın verilməsində müəyyən fasilələr olub: "Hazırda şəhərdə su basma halları yoxdur. Yolların bağlanmaması üçün küləyin əsməsinə görə aşan ağaclar təmizləndi. Düzdür dünən işığın verilməsində müəyyən problemlər olsa da, hazırda şəhərin bütün ərazisinə və kəndlərə işıq verilib. Qazın verilməsində də heç bir problem yoxdur. Ümumiyyətlə, şəhərdə elə də böyük bir fəsadlar yoxdur. Yağış da səhərə yaxın dayanıb”.