
Bioqrafiyasında göstərilir ki, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. "Sənaye müəssisələrinin iqtisadi tənzimləyiciləri”, "Heydər Əliyev neft strategiyası əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir”, "Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı Proqramı (2005-2010 və 2015-ci illər)”, "Ümummilli lider Heydər Əliyev – Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir”, "Onun ideyalarını qorumağa və yaşatmağa çalışıram” və s. elmi əsərlərin və monoqrafiyaların müəllifidir.
Azərbaycanın ən kasıb rayonlarından biri olan Zərdab həm də icra orqanlarından mətbuata və yuxarı instansiyalara ən çox şikayət olunan rayonlardandır. Br neçə il əvvəl isə o, hətta Mingəçevirin polis rəisi , polkovnik Ələsgər Bədəlovla publik qarşıdurmaya da girmişdi.Virtualaz.org-ın məlumatına görə, buna səbəb isə Lütvəli Babayevin qardaşı oğlunun Mingəçevirdə avtoxuliqanlığa görə saxlanılması idi.
L. Babayev deyib ki, həmin polis rəsi uzun müddətdən bəri davam edən ədavət üstündə onun qohumlarına qarşı şantaj xarakterli materiallar yayır: "Mən Mingəçevirdə icra başçısı olan zaman bu adamın qanunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. Bu adam Azərbaycanın hətta beynəxlaq nüfuzuna mənfi təsir edən hərəkətlərin müəllifidir. Yadınızdadırsa, bir neçə il əvvəl Qarabağ əlilini polis şöbəsində döyüb öldürmüşdülər. Uzun zaman bu biabırçılığa görə başımız ağrıdı. O vaxt bu hadisəyə görə 9 nəfər həbs eildmişdi, rəis Ələsgər Bədəlov isə ciddi şəkildə cəzalandırılmışdı. Bir dəfə də 5 yaşlı qardaşım oğlunu 25 yaşlı qonşunu döyməkdə ittiham etmişdi. Axund qardaşım Xanəli Babayevin narkotik qaçaqmalçısı olması haqda xəbər yaymışdı. Bu xəbərlərin heç biri doğru çıxmayıb. İndi də bu hadisəni qəsdən yayır. Məsələ belə olub ki, rəis karyerdə işləyən qardaşım oğlundan qum istəyib. Uşaq da qumu verməyib. Buna görə karyerin KamAz-larından birini cərimələyib. Uşağı da şillə ilə vurub.

Maraqlıdır ki, bu adam seçki öncəsi belə mənasız və təxribat xarakterli xəbərləri niyə yaradır və yayır? Bu məqamı araşdırmaq lazımdır! Yaxşı olar ki, adam qanunun aliliyini gözləsin. Böhtan xarakterli xəbərlər yaymaqla məşğul olmasın” .
"Lütfəli Babayev niyə ona qarşı qərəzli olduğumu deyir, bunu bilmirəm. Mən onun barəmdə soylədiklərini yalan hesab edirəm. Kimin kim olduğunu ölkə rəhbərliyi yaxşı bilir. Əgər yaxşı icra başçısı olsaydı, onu Mingəçevir kimi şəhərin rəhbərliyindən uzaqlaşdırmazdılar”,-polis rəisi bu deyilənlərə cavab olaraq bildirmişdi.
Lütvəli Babayevlə bağlı başqa məşhur qalmaqallardan biri keçmiş müavini Tofiq Abdullayev tərəfindən məhkəməyə verilməsidir. Bu hadisə hələ 2013-cü ildə baş verib. Tofiq Abdullayevin vəkili o zaman mediaya açıqlamasında bildirmişdi ki, müdafiə etdiyi şəxsin Lütvəli Babayevi məhkəməyə verməsinin səbəbi qanunsuz olaraq işdən çıxarılmasıdır. Özü "ideal” məmur olan Lütvəli Babayev onu 4 dəqiqə gecikdiyinə görə vəzifəsindən azad etmişdi…
Ötən il isə aprel döyüşlərində şəhid olan Zərdab sakini Nurlan Abdullayevin atası Rasim Abdullayevin Lütvəli Babayevdən şikayəti dərc olunmuşdu. Onun dediyinə görə, rayon rəhbərliyi şəhidin ailəsinə və adına hörmətsizlik edib. Şəhid atasının sözlərinə görə, rayonun hərbi komissarlığı tərəfindən ona verilən 500 manatı icra başçısı Lütvəli Babayev alıb ki, şəhidin məzarının üstü götürülməlidir. Bununla yanaşı, rayondakı dövlət müəssisələrinin rəhbərlərindən şəhidin məzarının üstünü götürmək adı ilə xeyli vəsait toplayıb. Rasim Abdullayevin sözlərinə görə, icra başçısı ona "oğlunun meyitini yarılmağa mən qoymadım ki, bunun üçün 3000 manat xərc lazım olacaqdı, daha nə istəyirsən məndən” deyə minnət qoyub.
Bu ilin əvvəllərində isə Zərdab başçısının Bakıda tikinti biznesi haqda fakt ortaya çıxmışdı. Məlum olmuşdu ki, o, Binəqədi rayonunun 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə 12 mərtəbəli bina tikib. Binanın sahəsi 10 min kvadrat metrə yaxındır və tikintisi icra başçısının oğlu Babəli Babazadənin adı ilə həyata keçirilib.

L.Babayevdən edilən şikayətlərin siyahısını artırmaq da olar. Lakin hər halda, tez, ya gec olmasından asılı olmayaraq, daha bir neqativ reputasiyalı məmur yola salındı. Ümid edək ki, Zərdab camaatı yeni icra başçısının fəaliyyətindən razı qalacaq…//azpolitika.info//