Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü və dəstəyi ilə Pakistan Nazirlər Kabinetinin nəzdində
fəaliyyət göstərən "Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının
Talassemiya Mərkəzində, həmçinin, Pakistanın Abbotabad və Lahor
şəhərlərində kimsəsiz uşaqlar evlərində iftar süfrələri təşkil edilib. Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.
Məlumata görə, Talassemiya Mərkəzində təşkil olunmuş təntənəli
mərasimdə Pakistanın Neft və Təbii Sərvətlər Naziri Shahid Khaqan
Abbasi, Hakim Pakistan Müsəlman Liqası partiyasının şimal bölgəsi üzrə
Prezidenti, Milli Assambleyanın komitə sədri Raca Muhammad Farooq, Bayt
ul Malın icraçı direktoru Abid Vahid Şeyx, Senatorlar, Pakistanın
nüfuzlu ictimai-siyasi xadimləri, ölkənin aparıcı televiziya kanalları,
elektron və çap media mənsubları, Talassemiya Mərkəzində müalicə alan
uşaqlar və federal paytaxtda yerləşən uşaq evinin sakinləri iştirak
ediblər.
Tədbir iştirakçılarını qarşıdan gələn Ramazan
bayramı münasibətilə təbrik edən Azərbaycanın Pakistandakı səfiri Daşqın
Şikarov dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərdən,
iki qardaş xalqları bir-birlərinə bağlayan ümumi dini, mədəni dəyərlər
barəsində danışıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanda gedən iqtisadi inkişaf prosesindən, Heydər Əliyev
Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin
birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə, o
cümlədən Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar
layihələr barəsində ətraflı məlumat verib.
Mərasim
iştirakçılarına müraciətində Bayt ul Malın icraçı direktoru Abid Vahid
Şeyx Ramazan sevincini pakistanlı uşaqlarla bölüşdüyünə görə,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun Bayt ul Malla əməkdaşlığının 2012-ci ldən
başladığını bildirən Abdul Vahid Şeyx Azərbaycanın birinci xanımının
kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini qeyd edib. O,
Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş
ilk donor olduğunu xüsusi vurğulayıb. Abdul Vahid Şeyx bildirib ki,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın bütün
bölgələrində həyata keçirdiyi layihələr pakistanlıların qəlbində
Azərbaycan xalqına qarşı böyük məhəbbət yaradıb, iki qardaş ölkə
arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Natiq çıxışında
Pakistana xidmətlərinə görə, Baş Nazir Nəvaz Şərifin təqdimatı və
Pakistan Prezidenti Məmnun Hüseynin sərəncamı ilə Mehriban Əliyevanın
cari ilin fevral ayında Pakistanın ali-Hilal-e-Pakistan ordeni ilə
təltif olunduğunu qeyd edərək, Mehriban Əliyevanın Pakistanın ali
ordenlə təltif olunan ilk birinci xanım olduğunu bildirib.
Tədbirdə cıxış edən Hakim Pakistan Müsəlman Liqası Partiyasının Şimal
bölgəsi üzrə Prezidenti R.M.Farooq Talassemiya Mərkəzinin tikintisinə
göstərdiyi maliyyə yardımına görə, Azərbaycanın birinci xanımına dərin
minnətdarlığını bildirib, iftar süfrələrinin təkcə İslamabadda deyil,
Pakistanın digər şəhərlərində də keçirilməsi faktını yüksək
qiymətləndirib. R.M.Farooq bu yardımların iki qardaş ölkə arasındakı
münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd edərək, bu kimi
tədbirlərin kimsəsiz uşaqlar üçün həm maddi, həm də mənəvi dəstək
olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən Pakistanın neft və
təbii sərvətlər Naziri Shahid Khaqan Abbasi Pakistanın aparıcı
televiziya kanalları – Vəqt News, Cang News, Royal News, Express News,
Dawn, APP, Dunya News, DRY News, PTV və digər kanallara müsahibə
verərək, Heydər Əliyev Fondunun son 4 ildə Pakistanın bütün
əyalətlərində həyata keçirdiyi layihələri, xüsusilə, Talassemiya
Mərkəzinin, Göz Xəstəlikləri korpusunun, Su Təhcizatı sisteminin
tikintiləri və bu kimi digər əhəmiyyətli layihələrin başa gəlməsində
göstərdiyi maliyyə yardımlarına görə, dərin təşəkkürünü bildirib. O,
Mehriban Əliyevanın pakistanlılar üçün müqəddəs olan Ramazan ayında
İslamabadda, Lahorda, Abatabadda və digər şəhərlərdə kimsəsiz uşaqlar
üçün iftar süfrələrinin təşkil edilməsi, Talassemiya Mərkəzinin
vaxtaşırı qanla təmin edilməsi, Pakistanın müxtəlif bölgələrində
əhalinin imkansız təbəqəsi üçün pulsuz müayinələrin təşkil edilməsi
faktını yüksək qiymətləndirərək, Azərbaycanın birinci xanımına və
Azərbaycan xalqına dərin təşəkürünü bildirib. Neft və Təbii Sərvətlər
Naziri Azərbaycan-Pakistan münasibətlərinin əsl qardaşlıq səviyyəsində
olduğunu qeyd edərək, bu münasibətlərin ən yüksək səviyyəyə
çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım
Mehriban Əliyevanın əvəzsiz xidmətləri olduğunu bildirib.
Mərasim iştirakçıları üçün təşkil olunmuş iftar süfrəsindən sonra səfir
D.Şikarov Heydər Əliyev Fondu adından Talassemiya Mərkəzinə 500 ədəd qan
paketi təqdim edib.
Daha sonra Talassemiya Mərkəzində səfir
D.Şikarovun təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. D.Şikarov,
səfirliyin əməkdaşları və tədbirdə iştirak edən digər könüllü donorlar
qan veriblər.
İftar yeməyi və qanvermə aksiyalarından sonra uşaq evlərinin sakinləri tərəfindən hazırlanan səhnəciklər nümayiş etdirilib.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Tədbir zamanı səfir D.Şikarov Pakistanın aparcı "PTV”, "ARY TV”,
"Navai Vakt”, "Express News” televiziya kanallarına müsahibələr verib.
Müsahibədə diplomat Azərbaycan-Pakistan arasında sarsılmaz dostluq və
qardaşlıq əlaqələrindən, cari ilin mart ayında Pakistan Prezidentinin
Azərbaycana səfəri, Bakıda keçirilmiş birinci Avropa Oyunları,
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə
etdiyi nailiyyətlər, Heydər Əliyev Fondunun fəaliyyəti barəsində geniş
məlumat verib. Səfir müsahibəsində həmçinin, Pakistanda 1 milyon insanın
talassemiya xəstəliyindən əziyyət çəkdiyini, hazırda ölkədə ciddi qan
çatışmamazlığının olduğunu qeyd edərək pakistanlıları qanvermə
aksiyasında fəal iştiraka dəvət edib.
Talassemiya Mərkəzində
keçirilən tədbir Pakistanın dövlət və özəl televiziya kanallarında
nümayiş olunub, 30-dan çox qəzet və agentliklər tərəfindən
işıqlandırılıb.