Mələklər Allahın sadiq qullarıdır-II

Mələklər Allahın sadiq qullarıdır-II

Rauf CƏBRAYILOV, İlahiyyatçı

Mələklərin belə heyrətamiz yaradılmalarının əsas səbəbi onların Allahın müxtəlif əmrlərini yerinə yetirmək üçün çətinlik çəkməmələri və kainatın işlərini idarə etmək üçün müəyyən qüdrətə sahib olmaq zərurətindən irəli gəlir. Mələklər də insanlar kimi bir-birindən üstün yaradıldıqlarından onların bəziləri digərlərinə nisbətən çox qüvvətli və qüdrətlidirlər. Məsələn, ərşi daşıyan, ağır buludları hərəkətə gətirən mələklərin güc və qüvvəti digərləri ilə müqayisədə çoxdur. Bütün ömrünü yatmadan, usanmadan səcdə, ruku, qiyam halında, Quran oxumaqla keçirən böyük əzm sahibi olan mələklər də vardır. Onların bəziləri möminlər üçün şəfaət istəyən, onların əmin-amanlığı üçün Allaha yalvaran rəhmli, bəziləri isə kafirlərə, müşriklərə, münafiqlərə, bir sözlə Allaha asi olanlara qarşı çox sərt təbiətli və daş ürəklidirlər (Məsələn, Cəhənnəm keşikçiləri olan zəbanilər). İslam dinində və onun müqəddəs kitabı olan Qurani-Kərimə görə mələklər birmənalı olaraq məsumdurlar. Xristianların müqəddəs külliyyatı olan Əhdi-Cədiddə isə günahkar mələklərdən danışılır: “Çünki, Allah günaha batmış mələklərə rəhm etməyib, onları cəhənnəmə atdı və qaranlıqda zəncirlə bağladı ki, məhkəməyə (qiyamətə) kimi həbsdə saxlansınlar.”(Əhdi-Cədid, Müqəddəs həvari Peterin ikinci məktubu, 2-4). Bir məsələyə diqqət yetirmək lazımdır ki, insanlardan fərqli olaraq mələklərin müxtəlif xüsusiyyətlərə, görkəmə, qüvvətə, sürətə sahib olmaları onların bəzilərinin yaxşı, bəzilərinin pis olması anlamına gəlməməlidir. Çünki, adi insanlar öz xarakter, davranış, fiziki güc, elm əldə etməkdə,  onları istiqamətləndirməkdə və inkişaf etdirməkdə azaddırlar (Fiziki və əqli qüsurlular istisnadır). Hər bir normal insan çalışıb səy göstərməklə özündə olanları daha da çoxalda, inkişaf etdirə bilər, pis xüsusiyyətlərdən uzaqlaşaraq mənəviyyatını ilahi və insani dəyərlərlə zinətləndirə bilər. Bir başqa insan isə Allahın qadağan etdiyi və pislədiyi işləri adətə çevirərək rəhmsiz, qaba, sərt, nankor, təkəbbürlü kimi pis xüsusiyyətlər də kəsb edə bilər. Belə olan halda insanların bəziləri yaxşı, xeyirxah, mömin, bəziləri isə pis, asi, zalım, kafirə çevrilirlər.  Bu seçim hər bir insanın öz əlindədir (Əqli qüsurlular istisnadır). Mələklərin isə belə seçim imkanı yoxdur. Onlar xüsusiyyətlərini, xarakterlərini, güc-qüvvətlərini, sürətlərini özləri yaratmırlar. Onları əbəs yerə “robot” adlandırmırlar. Əslində mələklər bizim anladığımız dəmir parçalarından ibarət cansız, mexaniki proqramlaşdırılmış bir varlıq deyillər. Sadəcə onlara iradə azadlığı və nəfsi istəklər verilməmişdir. Buna baxmayaraq onlar insan kimi sevinib şadlanan, qüssələnən, ağlayan, qəzəblənən, rəhmə gələn, qəlbi olan hissiyyatlı müdhiş varlıqlardır. Sadəcə onların bəzilərinin rəhmli, bəzilərinin isə sərt, daşürəkli yaradılmalarının səbəbi onlara tapşırılan işlərin xüsusiyyətindən irəli gəlir. Məsələn, Cəhənnəmin keşikçiləri olan zəbaniləri Allah-təala sərt və daşürəkli yaratmasaydı onlar öz vəzifələrinin öhdəsindən gələ bilməz, Cəhənnəmə düşənlərin dəhşətli aqibətlərinə, onların yalvarışlarına dözə bilməz, bununla da Allahı qəzəbləndirmiş olardılar.
İslam dinində mələklərə qeyd-şərtsiz, yaxşı və ya pis bölgüləri aparılmadan, onlara hər hansı bir günah şamil olunmadan, Allahın ən sadiq bəndələri kimi iman gətirilir. Allahın bu heyrətamiz varlıqları nə qədər də qorxunc, müdhiş güc və qüvvətə sahib olsalar da hamısı Həzrət Adəmin (ə)  timsalında ilk insana təzim edərək tabe olduqlarını bildirmişlər. Həzrət Adəm (ə) Allahın peyğəmbəri və yer üzərində ilk xəlifəsi idi. Mələklər ondan sonra Həzrət Məhəmməd (s.ə.s) də daxil olmaqla bütün peyğəmbərlərə itaət etmişlər. Bu da öz növbəsində peyğəmbərlərin mələklərdən üstün olduğunun göstəricisidir. Adi müsəlmanlara gəldikdə isə Allah-təalaya tam təslim olan, nəfsi istəklərinə qalib gələrək mömin səviyyəsinə ucalan bir insan Allah yanında mələklərdən də üstün varlığa çevrilə bilər.
Hər bir müsəlman unutmamalıdır ki, iman gətirdiyi  Allahın sadiq qulları olan mələklər, iradə azadlığına və nəfsi istəklərə sahib olmasına baxmayaraq Allaha səmimi qəlbdən təslim olan mömin bir insana daim qibtə etmişlər. Çünki, insanın mələkdən fərqli olaraq xislətindəki azadlıq, meyillilik, nəfsi istəklər, şeytan kimi onu yoldan çıxarmağa söz vermiş güclü bir düşməni olmasına rəğmən Allah rizasını qazanmaq naminə günahlardan və pis əməllərdən çəkinirsə belə insan yaradılışın ən üstün məxluquna çevrilir. Həmin insan mələklərin belə qibtə edəcəyi şərəfli bir əbədiyyətə sahib olacaqdır. Amma unutmamalıyıq ki, insan bu şərafətə yüksəlməyə yalnız Allaha, Onun qəbul edilməsi vacib şərtlərinə vəbu şərtlərdən biri olan mələklərə ayrı-seçkilik qoymadan qeyd-şərtsiz iman gətirməklə başlayır. Biz hər bir insana belə şərəfli gələcək arzulayırıq.               
                
            
                 
                            



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az