"Otur gözlə, Hacıbala sənə vəzifə verəcək. Dininizi, imanınızı nahaqqa satmayın. Mənliyiniz olsun".
"Vətəninfo.az" xəbər verir ki, avqustun 8-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə hakim Vüsalə Baxışovanın sədrliyi ilə iş adamı Maqsud Mahmudovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbova qarşı iddiasına dair məhkəmə prosesi davam etdirildi. Qeyd edək ki, M.Mahmudov İ.Abutalıbova məxsus ofisi icarəyə götürüb, oranı təmir etdirib, lakin bir müddət sonra merin oğlu onu ofisdən zorən çıxarıb. İndi isə iş adamı İ.Abutalıbovu məhkəməyə verərək, təmirə xərclədiyi vəsaiti tələb edir.
Proses başlayanda M.Mahmudovun vəkili İlham Əsədov qaldırdıqları iddiada dəqiqləşdirmələr etdi. O, cavabdeh qismində Bəxtiyar Məmmədovun deyil, Hacıbala Abutalıbova məxsus olduğu deyilən “Müstəqil Spektr”MMC-nin tanınmasını; 35 min manat təzminat ödənilməsini istədi. Bundan sonra “Müstəqil Spektr” MMC-nin vəkili Ələsgər Məmmədov tələb olunan təzminatın nəyə xərclənməsini soruşdu və iddia etdi ki, ora xərc çəkilməyib. Bundan sonra M.Mahmudov dedi: “2009-cu ildə mən həmin ofisə gəldim, gördüm ki, qapısına ”arenda" sözünü yazıb vurublar. Əlaqə nömrəsinə zəng elədim, Bəxtiyar Məmmədov gəldi. Dedi ki, icarə haqqı 1000 manatdır, amma 800 dollarını rəsmiləşdirəcəyik. Bunu mən deməyəcəkdim. Amma məcbur edirlər. Elə buradaca Ələsgər durub Bəxtiyarın, onun arxasında dayananların adından əlini gətirdiyim bu Qurana bassın, desin ki, Maqsud orada təmir işləri aparmayıb, mən iddiamdan imtina edib gedirəm. Allahları var, düz danışsınlar. Mən Hacıbalanın oğlu kimi də vəhhabi deyiləm. Hacıyam, düz danışıram. 1 kəlmə deyin ki, orada təmir aparmısan, məsələ bitsin. Bu, Hacıbala Abutalıbovun qoca kişinin qoyunlarını əlindən alıb aparıb qurban kəsdirməsini etiraf etmək deyil ki? İndi Ramazan ayıdır, indi aparıb öz hesabına kəsdirsin də".
Məlum oldu ki, “Müstəqil Spektr” MMC M.Mahmudovla yanaşı eyni ofisə görə 4-5 şəxslə müqavilə bağlayıb. M.Mahmudov isə hakimin diqqətinə çatdırdı ki, Abutalıbovun şirkəti vergidən yayınmaq üçün belə maxinasiyalara əl atıb: “Bəxtiyar bir gün gəldi ki, vergidən ”Müstəqil Spektr"i yoxlayırlar, bura başqa şəxslə müqavilə bağlamaq istəyirəm. Dedim nə bilirsən elə, ofis özünüzündür. Mən nə bilim ki, bunlar belə sözlərindən qaçan adamlardır. Biz ticarət adamlarıyıq, sözümüzə cavabdehik".
Daha sonra tərəflər arasında təmirə çəkilən xərclə bağlı mübahisə davam edib.
M.Mahmudov:
- Mənim üçün Quran məhkəmədən üstündür. Vəhhabi olub saqqal saxlamaqla deyil.
Ə.Məmmədov:
- Bura məhkəmədir.
- Mənim üçün Quran məhkəmədən üstündür, sizin üçün belə deyil? Əgər siz məhkəməni Qurandan üstün sayırsızsa, mən bir daha bura gələn deyiləm. Otur gözlə, Hacıbala sənə vəzifə verəcək. Dininizi, imanınızı nahaqqa satmayın. Mənliyiniz olsun. Mən bir daha bura ayaq basan deyiləm.
M.Mahmudov bu sözləri deyəndən sonra məhkəmə zalını tərk etdi. Bundan sonra məhkəmə prosesi avqustun 31-nə kimi təxirə salınıb.
Müsavat.com