Məni çağıranlar getdi… - Heydər Əliyevin “Sabah”a müsahibəsi

Məni çağıranlar getdi… - Heydər Əliyevin “Sabah”a müsahibəsi

Sovet hakimiyyəti dağıldıqdan sonra mən siyasətdən tamamilə uzaqlaşmaq istəyirdim. Ancaq buna imkan vermədilər.

Miq.Az xəbər verir ki, bu sözləri Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev 1994-cü ilin 14 iyun tarixində Türkiyənin "Sabah” qəzetinə verdiyi müsahibəsində deyib.

H.Əliyev bildirib ki, o, Sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycan rəhbərliyi vəzifəsinə öz iradəsilə gəlməyib:

"Mən buraya öz iradəmlə gəlməmişəm. 1987-ci ildə SSRİ rəhbərliyi və şəxsən Qorbaçovla ciddi fikir ayrılıqları olduğuna görə Siyasi Büro üzvlüyündən istefa verdim və birdəfəlik siyasətdən uzaqlaşdım. 1990-cı ildə Bakıda qalmağa icazə verilmədiyi üçün Naxçıvana getdim. Ancaq yenə də siyasətə qatılmaq istəmirdim. Ümumiyyətlə, Sovet hakimiyyəti dağıldıqdan sonra mən siyasətdən tamamilə uzaqlaşmaq istəyirdim. 1991-ci ildə qarışıq bir vəziyyət yaranmışdı. Naxçıvan Muxtar Respublikası İran, Türkiyə və Ermənistanla sərhəd olduğu üçün çətinlik yaşayırdı. Müharibə zamanı da mühasirədə qaldı. Xalq bir neçə gün meydanlarda mitinq etdi və mənim Ali Sovetin sədrliyinə gəlməyimi xahiş etdi. Məcburiyyətdən və xalqın xahişini nəzərə alıb işləməyə başladım. Naxçıvanda artıq vəziyyət yaxşılaşmışdı. Türkiyədən 100 milyon dollar borc alıb onun 20 milyonunu dərhal qida məhsullarına xərclədik və bu, vəziyyətimizi nisbətən düzəltdi”.

Mərhum Prezident H.Əliyev muxtar cumhuriyyətin onun üçün son dayanacaq olacağını düşünüb:

"Lakin keçən ilin (1993-cü il) iyun ayında Azərbaycanda hakimiyyət uğrunda mübarizə kəskinləşdi və respublika vətəndaş müharibəsi ərəfəsinə gəldi. O dövrdə Azərbaycan hökuməti Prezident Əbülfəz Elçibəy vasitəsilə mənim Bakıya gəlib respublikanı böhrandan çıxarmağımı xahiş etdi. Mən qayıtmaq istəmirdim. Ancaq sonra düşündüm ki, xalq çətin vəziyyətdə qala bilər. Bakıya gəldim və Ali Sovetinin sədri seçildim. Təəssüf ki, məni Bakıya çağıranlar sonradan gizlicə Bakıdan ayrıldı. Mən isə tək qaldım. 11 aydır ki, respublikada vəziyyəti düzəltməyə çalışıram”.

Xatırladaq ki, bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az