Mətbuatın çatışmayan “hərf”ləri

Mətbuatın çatışmayan  “hərf”ləri

Və saytımızın texniki səbəblərdən işləmədiyi tarix

147 il əvvəl  və neçə belə yüzilliklər sonra dəyişən saylar olsa da "Əkinçi”nin əvvəlinə qoyulan İLK sözü dəyişməyəcək. Azərbaycan mətbuat tarlasının İLK Əkinçi-ləri  dəyişməz olaraq qalacaqlar.

Milli mətbuatın təməlini qoyan, ilk toxumunu səpənlər  haqqında düşündüyümdə içimdən bu kəlmələr keçdi.
"Oğlum, bu gün o çiynində  basdırmağa apardığın  keçmişindir. Dəfn etdiyin o keçmişin ki, onsuz gələcəyin yetim olacaqdı”.

Kəlam olacaq söz çoxdan yazıldı. Və söz çoxaldıqca kəlam sadəcə kəlməyə dönüşüb ortalıqda lüt-üryan oynayan rəqqasənın paltarlı yerinə soxuşdurulan pul kimi əzildi. Günün sonunda məbləğ olaraq artdı bəlkə də, amma dəyər olaraq utandı.
Yeri gəlmişkən, məbləğə dəyər deməyin. Çünki məğləb nominal, dəyər isə ölçüsüzdür. Ona görə "dəyər-dəyməzlə” ölçülür  onun azlığı, çoxluğu.

Əlqərəz. Qərəzsizlik qəzetçilyin,  mətbuatın qızıl qaydasıdır dedilər. İnandıq.
Sözü tirajlayıb bizə çatdırmaq istəyən- Qəzet çıxardanların məqsədi  cəhalət  bataqlığında boğulanları qəflətdən oyatmaq, "axurlarda gizlənməmək” , "poçt qutusunun” yanında keşik çəkməmək üçündü.  
Bu günün mətbuatı nəyə xidmət edir? Sualı  belə qoymaq daha doğru olar. Kimə xidmət edir?
Rüşvətlə mətbuat qurumlarına üzvlük vəsiqəsi verməyəmi? Yoxsa qələmi bir yana ağzı söz tutmayanı, kardan cigiltiliyə keçidini anlamadığı sözün yazılışı ilə deyilişi arasında hələ də çaşıb qalanların gündəm müəyyənləşdirməsinəmi?  
Mətbuat bağını salan "Əkinçi”ləri  bəzən qıtlıq da çəkdilər hər anlamda. Bizcə sözdən başqa. Deyiləcək, yazılacaq söz çoxdu, amma hərf  çatmırdı.  Bəli, elə bu cümlənin hərfi mənasında.
Mətləb buradan başlayır.  Dünəninlə bu günün arasında körpü rolunu oynayan, gələcyini müəyyənləşdirən sözun yolu qədim, onun kəlam biçimində ümimiyə çatdırılması-avamı maarifləndirməsindən ötrü qəzetləşməsinin yolunun yaşı isə 147 oldu.
Əski tarixlə 1292, yeni tarixlə il 1875-di.  Ay da elə bu gün.
Mətbuat tarixini kitabından oxuyun. Onun kitabı da "Əkinçi” və onun bağbanlarıdır. Çox deyil. Cəmi 56 nömrə. 4 il zülm-zillətlə icazədən sonra ərsəyə gələn 5-6, 56.
İndi icazə bir bildirişə bağlıdır. Ya da elə hər yer mətbuatdır. Çap maşını da var,  çap kağızı da. Kağızsız rəqəmsal olanı əlimizdə, cibimizdə. Bu qədər zəhmətə də gərək varmıyıd?
Elə 3-cü nömrəsindən H. Zərdabi  qəzetin ləngiməsi səbəbindən yazırdı.
"Q”, "K”, "R”, "L” hərfləri çatmadığından bu hərflərlə başlayan sözləri dəyişdirmək məcburiyyətində qaldığını oxucusuyla paylaşır və hərflərin mətbəədə olmaması ucbatından onun İstanbuldan gətirilməsi  zaman və xərc deməkdir- deyirdi.
Necə yəni. Q-sız qəzet olmaz!.
Qəzet –qərəzsiz olsun gərək. 
Qərəzsizlik də Kəlmə ilə anladılır.
Kəlmələrsiz də Rəzili-Rüsvay olarıq.
Rəzilikdən qurtulmağın yolu  hərflərin Labüdlüyüdur. Lüzumludur  hərflər söz, kəlam anladan qəzet üçün.
Gəl indi bunları əvəz edən sözlər tap. İçində q, k, r, l hərfləri olmayan sözlər həm də. Təsəvvür etmək belə çətindir. Əslində həm də zaman alandır.
 
Belə bir dövrdə  zaman alan şeylərlə uğraşaraq qəzet çıxartdılar.
Bu gün hərflər də var, onları uyğulayan bizi hərifləyənlər də. Ortada qəzet yoxdur, amma.
Var olanı da ya qərəzlidir, ya rüşvətli, ya da keyfiyyətsiz  və lüzumsuz. Bu çatışan  hərflərlə də bu qədər olur.
"Eh oğlum,  ört-basdır etməyə çalışdırğın çatışmayanınla içində dəfn edildiyin bu günün deyil, həm də gələcəyindir. O gələcək bu günlü keçmişlə yetimdir!”
Mətbuatın bu günü Olubmu, Ölüblü? Elə "Əkinçi”dəki ərəb hərfiylə  verilən e’landakı "Olub”  kəlməsinin  "Ölüb”ə dönüşdüyü sayaq...

Tünzalə Vəliqızı, Moskva

22.07.2022.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az