Azərbaycan futbolunun veteranı Ələkbər Məmmədov İtaliyanın “Milan” komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atıb. Ələkbər Məmədov əfsanəvi komandanın qapısına bu qolları ötən əsrin əllinci illərində Moskvanın “Dinomo” komandası ilə İtaliyanın “Milan” futbol klubu arasında keçirilən görüş zamanı vurub.
Azərbaycanın məşhur futbolçusu Ələkbər Məmmədov 9 may 1930-cu ildə Bakı şəhərində anadan olub. O, 1948-ci ildən 1953-cü ilə qədər Bakının “Neftyanik” komandasında oynayıb. 1954-cü ildən Ələkbər Məmmədov futbol karyerasını Moskvanın “Dinomo” komandasında davam etdirib. O bu komandanın tərkibində 4 dəfə SSRİ çempionu adını qazanıb. 1958-ci ildə Ələkbər Məmmədov SSRİ yığma komandasına dəvət alıb. Məşhur futbolçu dəfələrlə SSRİ yığma komandasının tərkibində yaşıl meydana çıxıb. Yeri gəlmişkən o,"Dinamo" və SSRİ yığma komandasının tərkibində dünyanın iyirmidən artıq ölkəsində çıxış etmişdir. Həmyerlimiz SSRİ-nin yüksək liqasında 185 oyun keçirmiş, bu oyunlarda rəqib qapılarına 56 qol vurmuşdur. Bir sözlə, Ələkbər Məmmədov dünya miqyaslı futbolçu olmuşdur. O, 1958-ci ildə SSRİ yığma komandasının tərkibində Avropa Kubokuna da layiq görülmüşdür. Ələkbər Məmmədov 1960-cı ildə yenidən Bakı qayıdıb və “Neftyanik” komandasının tərkibində oynamağa başlayıb. 1962-ci ilin sonunda o, yaşıl meydanlara vidalaşaraq idman karyerasını məşqiçilik etməklə davam etdirib. Ələkbər Məmmədov müxtəlif vaxtlarda “Neftçi”nin, 1993-cü ildə isə Azərbaycan yığma komandasının məşqçisi olmuş, Bakının ali təhsil müəssisələrində işləmişdir.
Ələkbər Məmmədov 1952-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, 1965-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirmişdir. O, 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülmüşdür.