Millət vəkili: «BMT “fövqəlgüclər”in təsri altında hərəkət edir»

Millət vəkili: «BMT “fövqəlgüclər”in təsri altında hərəkət edir»

«Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzanmasının əsas səbəblərindən biri heç şübhəsiz regionda nüfuz savaşının başa çatmaması ilə bağlıdır. Yəni, bölgəni təsir dairəsinə daxil etmək istəyən “supergüclər” regiondakı münaqişələrdən təzyiq “rıçaq”ları kimi istifadə etməyə çalışırlar”. Bunu millət vəkili Rafael Cəbrayılov dilə gətirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin həllində fəal rol oynamaq şansı isə regionda əlahiddə nüfuz sahibi olmaq iddiasının gerçəkləşməsi deməkdir. Millət vəkili bildirib ki, münaqişənin təminatlı həlli istənilən halda ABŞ, Rusiya və Fransa “üçlüyü”nün qarşılıqlı güzəştindən əhəmiyyətli dərəcədə asılıdır: «Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ilk növbədə, bu güclər arasında konsensusun əldə olunmasından, nüfuz savaşının başa çatmasından asılıdır. Rusiya son illərdə müəyyən fəallıq göstərərək belə bir şans əldə etməyə çalışsa da, son nəticədə regiondakı “for-post”unun üzərinə getməyə özündə cəsarət tapmadı. Daha dəqiqi, münaqişənin həllinin Moskvaya sərfəli görünmədiyini açıq etiraf etməyin vaxtı çatıb”. Millət vəkilinin eyni zamanda xatırlatdığına görə, BMT Nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır və bu təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb: «Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələrini 20 ildir ki, icra etmir. Bunun səbəblərindən biri də odur ki, təşkilatın beş daimi üzvü hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən tamamilə öz geosiyasi maraqlarından çıxış edir.Burada, əsasən, Çin və Rusiyanın maraqları ABŞ, Böyük Britaniya və Fransa ilə tez-tez toqquşur. Bir daimi üzvün veto tətbiq etməsi isə konkret qərarın qəbuluna mane olur. Belə olan təqdirdə, təşkilat iflic vəziyyətinə düşür. Bu, BMT-nin, əslində, bir neçə aparıcı dövlətlərin nüfuz dairəsində olduğunu, daha dəqiqi, “fövqəlgüclər”in təsiri altında hərəkət etdiyini göstərir. Məhz bu vəziyyəti nəzərə alan rəsmi Bakı BMT-də yuxarıda müəyyən islahatların aparılmasının təşəbbüskarı kimi çıxış edir».

"Vətəninfo.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az