"Vətəninfo.az"ın verdiyi xəbərə görə,Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumunda iştirak edən millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı bu ölkədəki səfirliyimizdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadənin də iştirakı ilə Litvada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə görüşüblər.
“Litva Azərbaycanlıları “ cəmiyyətinin sədri Mahir Həmzəyev, “Günəş” assosiasiyasının sədri Sadıq Nurullayev, “Azəri” cəmiyyətinin sədri Kamal Zülfiyevlə görüşdə millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı bildiriblər ki, Azərbaycanla Litva arasında bütün sahələrdə əməkdaşlıq getdikcə daha da sürətlənir və bu ölkədə yaşayan azərbaycanlıların Azərbaycan həqiqətlərinin, tarixinin, mədəniyyətinin Litva cəmiyyətinə daha da geniş şəkildə çatdırılmasında səylərini artırması çox vacib və önəmlidir. Torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olmasının, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımını törədənlərin hələ də cəzasiz gəzməsindən hər bir azərbaycanlının ciddi narahat olduğunu vurğulayan millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Litvanın qondarma erməni soyqırımı iddialarını tanıyan ölkələrdən biri olmasından narahatlıqlarını bildirən millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının, Azərbaycan diaspora təşkilatlarının Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalarını sürətləndirmələrinin vacibliyini vurğulayıb. Millət vəkilləri azərbaycanlı gənclərin Litvanın ictimai-siyasi həyatında aktivliyinin artmasının vacibliyini xüsusi vurğulayıblar və bu istiqamətdə geniş fikir mübadiləsi aparılıb.
“Litva Azərbaycanlıları “ cəmiyyətinin sədri Mahir Həmzəyev, “Günəş” assosiasiyasının sədri Sadıq Nurullayev, “Azəri” cəmiyyətinin sədri Kamal Zülfiyev millət vəkillərinə Litvada gördükləri işlər, həyata keçirməyi planlaşdırdıqları layihələr barədə ətraflı məlumatlar verib və geniş fikir mübadiləsi aparılıb. Diaspor təşkilatları da Azərbaycan həqiqətlərinin və mədəniyyətinin Litva cəmiyyətində daha da geniş şəkildə çatdırılmasının vacibliyi ilə bağlı millət vəkillərinin fikirlərinin doğru olduğunu bildirərək getdikcə fəaliyyətlərini daha da genişləndirəcəklərini bildiriblər. Onlar Azərbaycanın Litvadakı səfirliyinin bu istiqamətdə fəaliyyətinin genişlənməsinin onların fəaliyyətinə müsbət stimul verdiklərini də vurğulayiblar.