“Milli Məclisdə keçmiş peşəkar hərbçilərin də təmsil olunması vacibdir. Ona görə ki...”

“Milli Məclisdə keçmiş peşəkar hərbçilərin də təmsil olunması vacibdir. Ona görə ki...”
"Milli Məclisdə keçmiş peşəkar hərbçilərin də təmsil olunması vacibdir. Ona görə ki...”
"Eyni zamanda təklif edərdim ki, Milli Məclis aparatında peşəkar hərbçi kimi xidmət etmiş şəxslər rəsmən işə götürülsün ki, onlar da keçmiş hərbçi deputatlarla bərabər hərblə, müdafiə sahəsi ilə bağlı qanunların hazırlanmasında bilavasitə iştirak etsinlər...”

"Mən 2005-ci ildə doğma Şəmkir rayonundan Milli Məclis üzvlüyünə öz namizədliyimi irəli sürmüşdüm. Və faktiki olaraq yüksək səs toplamama rəğmən mən yox, başqa birisi qalib sayıldı. Bu olay məni çox sarsıtdı və ruhdan saldı. Ona görə ki, ədalətli seçkilər olacağına inanmışdım. Ondan sonra bir daha deputat kimi namizədliyimi vermək fikrində olmamışam. Ancaq mən arzu edərdim ki, Azərbaycan parlamentində - Milli Məclisdə  keçmiş peşəkar hərbçi olanlar da deputat kimi təmsil olunsunlar.. Bu, vacib məsələdir”. 
 
Bunu Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, istefada olan general-mayor Tacəddin Mehdiyev söyləyib.
 
"Eyni zamanda təklif edərdim ki, Milli Məclis aparatında peşəkar hərbçi kimi xidmət etmiş şəxslər rəsmən işə götürülsün ki, onlar da keçmiş hərbçi deputatlarla bərabər hərblə, müdafiə sahəsi ilə bağlı qanunların hazırlanmasında bilavasitə iştirak etsinlər. Hesab edirəm ki, ölkəmizin hərb siyasətinə aid qəbul edilmiş qanunlar hələ də lazım olan yüksək səviyyədə deyil. Və təklif edərdim ki, həmin qanunlar peşəkar hərbçilərin iştirakıyla ciddi redaktə edilərək, təkmilləşdirilərək yenidən qəbul olunsun...
 
Məsələn,  Müdafiə haqqında Qanunda müdafiə sahəsində ölkə Prezidentinin səlahiyyətləri göstərilir, Nazirlər Kabuinetinin, Milli Məclisin səlahiyyətləri göstərilir. Amma Müdafiə Nazirliyinin bir qurum kimi səlahiyyətləri göstərilsə də,  müdafiə nazirinin və Baş Qərargah rəisinin konkret səlahiyyətlətri göstərilmir. Belə çıxır ki, ölkənin Müdafiəsinə yüksək vəzifəli şəxs kimi yalnız Prezident məsuldur. Bəs Baş nazir, müdafiə naziri və Baş Qərargah rəisi konkret olaraq nələrə məsuldur? Yadımdadır ki, SSRİ –nin Müdafiə haqqında qanununda adı çəkilən yüksək vəzifə sahiblərinin hamısının səlahiyyətləri konkret şəkildə göstərilirdi”, - deyə davamında general-mayor bildirib.
 
"Başqa bir misal.  Hərbi qulluqçuların statusu haqqında qanunun müvafiq maddəsində yazılıb ki, müəyyən xidmət müddətinə  çatdıqda yerli icra hakimiyyətləri və bələdiyyələr onları yaşayış və torpaq sahəsi ilə təmin etməlidir. Halbuki rayon icra hakimiyyətlərində belə səlahiyyətlər yoxdur. Odur ki, bu qanun yalnız kağız üzərində qalıb. Bu günədək hansı zabit pulsuz ev və ya torpaq sahəsi ilə təmin edilib? Belə ki, hərbi qulluqçulara bu cür təminatlar qanunda yazılsa da, onun həyata keçirilməsi mexanizmi yoxdur. Yəni belə maddələrin hamısını yenidən işləyib mövcud reallığa uyğunlaşdırmaq lazımdır... 
 
Bundan əlavə, müddətli hərbi xidmətə çağırış üçün yaş həddinin 27-dən 35-ə qaldırılmasının mənası nədir? Həmin maddənin qəbulunda peşəkar hərbçi olmuş deputat iştirak etsəydi, bu sualı verərdi və bu yaş həddini artırmağın əhəmiyyətsiz olduğunu əsaslandırardı. Mən Azərbaycanın müstəqilliyimizin ilk çağlarında işləmiş keçmiş hərbi komissarı kimi bu məsələlərə də yaxşı bələdəm. Hər bir gənc 18 yaşında hərbi xidmətə yollanmalıdır. Onun yalnız bir neçə halda, məsələn, ali məktəbə daxil olduqda, yaxud sağlamlıq vəziyyəti yol vermədikdə hərbi xidmətə çağırışdan möhlət hüququ var. Tutaq ki, hərbi çağırış yaşlı gənclərin 2-3 faizi ali məktəblərə daxil oldu, 2-3 faizi də sağlamlıq göstəricilərinə görə hərbi xidmətə yollanmadı. Bu, Azərbaycan Silahlı Qüvvələrinin planlaşdırılması üçün qorxulu rəqəm deyil. 4 ildən sonra 22 yaşında ali məktəbi bitirən gənc təhsilini artırmaq məqsədi ilə magistiraturaya daxil olmadığı halda hərbi xidmətə yollanmalıdır. Yenə də tutaq ki, ali məktəbi bitirən gənclərdən 2-3 faizi magistiraturaya daxil oldu, qalanları əsgər getməlidir. İki il müddətinə magistiraturanı bitirən gəncin 24 yaşı tamam olur və o, doktoranturaya(keçmişdə aspirantura) daxil olmadığı təqdirdə hərbi xidmətə yollanmalıdır. Yenə də 24 yaşlı ali təhsilli gənclərin çox cüzi faizi doktoranturaya daxil olur və qalanları hərbi xidnmətə yollanır.  İki ildən sonra doktoranturanı bitirib dissertasiya müdafiə edərək fəlsəfə doktoru(keçmiş elmlər namizədi) adını ala  bilən cüzi sayda gənclər yenə də hərbi xidmətdən möhlət hüququ qazanır, qalanları isə hərbi xidmətə yollanır. Bir sözlə, artıq 27 yaşadək bu proseslər hamısı bitir. Belə olduğu halda çağırışçılar üçün yaş həddini 35 yaşadək qaldırıb insanları incitməyin nə mənası var. Hər üç ildən bir onları çağırıb komissiyadan keçirmək və sağlamlığına-filana görə möhlət müddətini artırmaq nəyə lazımdır? Əvvəlki dövrlərdə yaş həddi 27-yədək idi, hansısa bir problem yaranırdımı? İnsanları süni şəkildə dövlətdən narazı salmaq olmaz”, -deyə keçmiş müdafiə naziri vurğulayıb. 
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az