Mitinq keçiriləcək

Mitinq keçiriləcək

Taqanroqda 416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Vətəninfo.az” a daxil olan məlumata görə, mayın 9-da Taqanroqda bu şəhərin alman faşistlərindən azad edilməsində qəhrəmanlıqla həlak olan əsgərlərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunan 416-cı Taqanroq və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı olacaq.
Açılış mərasimində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri və KİV nümayəndələri iştirak edəcəklər. Rusiya tərəfindən tədbirdə Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev, Rostov vilayətinin şəhər və rayonlarının nümayəndə heyətləri, Böyük Vətən Müharibəsi veteranları, Taqanroq hərbi qarnizonunun hissələri iştirak edəcəklər.
Abidənin açılışı və Böyük Vətən Müharibəsində qələbənin 67-ci ildönümü münasibətilə Memorial kompleksin önündə mitinq keçiriləcək.
Rusiya Federasiyası və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndikdən və rəsmi şəxslər çıxış etdikdən sonra Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Daha sonra toplardan yaylım atəşi açılacaqdır. Mitinq başa çatdıqdan sonra təntənəli hərbi parad keçiriləcək.
Tədbir abidə önünə əklillərin qoyulma mərasimi ilə başa çatacaq.
Xatırladaq ki, Taqanroqdakı abidə kompleksi 1980-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə açılıb.

Mirvari Nəcəf



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az