Rizvan Hüseynov
12 iyun 1993-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən beynəlxalq erməni terroristi, səhra komandiri Monte (Avo) Melkonyan məhv edilmişdir.
Xatirladaq ki, 1993-cü ilin iyununda İbad Hüseynovun kəşfiyyatçı dəstəsi çoxsaylı kəşfiyyat əməliyyatlarından birində Montenin izinə düşməyə nail olmuş və Muğanlı kəndində də məhv etmişdir.
Qeyd edək ki, əslən Kaliforniyalı, ixtisasca arxeoloq, təbiətcə terrorist olan Monte Melkonyan Avropa ölkələrində çoxsaylı insan ölümləri ilə nəticələnən bir çox teraktların təşkilatçısı idi. Həmçinin, Qarabağ müharibəsində də iştirak etmiş Melkonyan dinc azərbaycanlı əhalinin qırğınında günahkardır. 17 fevral 1992-ci ildə Aramo, Arabo və Avodan (Monte Melkonyan) ibarət muzdlular dəstəsi MDB-nin Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı polkuna arxalanaraq strateji əhəmiyyətli azərbaycan kəndi – Qaradağlını işğal etdilər. Qaradağlı uğrunda döyüşlərdə 54 nəfəri bir gündə olmaqla 91 adam qətlə yetirilmişdi.
Cəmi 9 gün sonra, fevralın 26-da erməni quldur birləşmələri MDB-nin elə həmin motoatıcı polkunun dəstəyinə arxalanaraq Xocalı şəhərinə hücum edib, şəhərin əhalisinə qarşı soyqırım təşkil edirlər; nəticədə 63 uşaq, 106 qadın, 70 yaşlılar olmaqla, 613 insan vəhşicəsinə qətlə yetirilmişdir. 487 adam yaralanmış, 1275 əsir düşmüş, 150 nəfər itkin düşmüşdür. Bu amansız əməliyyatın hazırlanmasında Melkonyan da iştirak etmişdi. Melkonyanın məsuliyyət daşıdığı bəşəryyətə qarşı qanlı cinayətlərin siyahısını hələ çox davam etdirmək olar, lakin, bu beynəlxalq terroristin 1993-cü ilin iyununda məhvinin əhəmiyyətinə qayıtmaq lazımdır.
1993-cü ilin martında Melkonyan strateji əhəmiyyətli Xocavənd rayonundan digər Azərbaycan rayonlarına hücum planı hazırlamağa başlayır. Onun planına əsasən, Azərbaycanda başlanan vətəndaş müharibəsi və anarxiya şəraitindən istifadə edərək, erməni silahlı qüvvələri Xocavənd rayonundan hərəkət edərək Kür və Araz çaylarının qovuşduğu yerdə Taxtakörpü adlanan körpüyə çıxmaq məqsədilə Ağcabədi rayonunu tutmalı idilər, bu — Azərbaycanın mərkəzini idarə altına almaq və bizi Qərbə və digər rayonlara gedən strateji əhəmiyyətli kommunikasiyalardan məhrum etmək demək olacaqdı. Beləliklə, erməni tərəfi xarici qüvvələrin, cənubda və şimaldakı separat hərəkatların dəstəyi ilə, ümumyyətlə müstəqil bir dövlət olaraq, Azərbaycanın varlığına son qoymaq məqsədi güdürdü.
Heydər Əliyevin hakimiyyətə qayıtması erməni strateqlərinin və onların xarici himayədarlarının planlarına uyğun gəlmirdi, çünki, ölkədə siyasi sabitliyin bərqərar olması ilə onlar bir çox dəstək mənbələrindən məhrum olurdular.
1993-cü ilin yayı, Azərbaycan üçün böhranlı bir vəziyyətdə erməni tərəfi azərbaycan rayonlarına hücum və ölkəni daha da böyük anarxiyaya salmaq, Azərbaycanda yeni vətəndaş müharibəsinə şərait yaratmaq planını Monte Melkonyana tapşırır.
Lakin bu planlar həyata keçməyəcəkdi, çünki, artıq qeyd etdiyimiz kimi, Monte Melkonyan 1993-cü ilin yayında, Muğanlı kəndində məhz bu planlar üzərində işləyərkən azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən məhv edilmişdi. Melkonyanın ölümündən sonra ermənilərin bu istiqamətdə hücumları dayandı və Azərbaycanın mərkəzi rayonlarını tutmaq planları uğursuzluğa düçar oldu.
Təxminən, bir il bundan əvvəl, biz İbad Hüseynovla onun hərbi xidmətləri, əsasən də, Melkonyanın məhv edilməsi ilə bağlı müsahibə apardıq. Bu müsahibədən sonra, Yerevandan əmr alan erməni KİV-ləri və təbliğatçıları Melkonyan barədə “qəhrəmanca ölüm” versiyasını yaratmağa başladılar.
Biz Monte Melkonyanın məhv edilməsi əməliyyatı və onun iştirakçıları ilə bağlı bir sıra sənədlər, 1993-cü il 12 iyun tarixində Muğanlı kəndində keçirilən əməliyyatın təfərrüatları barədə faktlar və fotoşəkillər təqdim etmişik. Lakin, Melkonyanın öldürülməsi ilə bağlı ən vacib nöqtəni yenə də, Muğanlı kəndində öz komandirlərini hansı vəziyyətdə tapdıqlarını danışan onun öz silahdaşları qoyublar.
Məsələyə daha da böyük gərginlik gətirən Avonun (Melkonyanın) dəstəsindən olan bir muzdlunun Muğanlı kəndində Melkonyanın məhv edilməsi faktını təsdiq edən səmimi sözləri oldu.
Monte Melkonyana həsr edilmiş saytda özünü “fədai” adlandıran silahdaşları öz komandirləri barədə xatirələrini bölüşüblər. Onlardan bir neçəsi Montenin məhvi ilə bağlı öz narazılıqlarını və məyusluqlarını bildirirlər, onların sözlərinə görə, Monte erməni təbliğatçılarının iddia etdiyi kimi, Ağdamın Mərzili kəndində yox, Xocavəndin Muğanlı kəndində qətlə yetirilmişdir.
1993-cü ilin iyununda itkin düşmüş Melkonyanı axtarmağa səfərbər edilmiş erməni döyüşçülərinin nəql etdikləri xüsusilə maraq doğurur. Məsələn, erməni muzdlusu Aşot Mirzoyan bu barədə yazır:
“Bəsdir, Avonun ölümü barədə yalan danışdınız! O, kosmosdan gələnlər tərəfindən öldürülməyib. O, bizim düşmənlərimizin əli ilə qətlə yetirilib. Lakin, o, hansısa gənc azərbaycanlı kəşfiyyatçısından aman diləyə bilməzdi. Mən bu hadisəni gözlərimlə görmüşəm. 12 iyun 1993-cü ildə günorta təxminən 3-də bizi həyəcan siqnalı ilə ayağa qaldırdılar. Biz Muğanlı kəndini mühasirəyə aldıq. Biz Avonu axtarırdıq. Bütün səylərimizə baxmayaraq, biz onu tapa bilmədik. O, 3 gündən sonra, başsız tapılmışdı. O, bizim onu tapdığımız yerə çox yaxın yerdə öldürülmüşdü. Biz bilmirik, onlar neçə nəfər idilər. Biz orada azərbaycanlı xüsusi təyinatlıların izlərini tapmışdıq. Onlar izlərini çox yaxşı gizlətmişdilər. Mühasirədən necə çıxdıqları isə, bizə indiyədək naməlum qalır”.
Elə həmin yerdə Ara Martirosyan adlı bir erməni Qarabağda gedən “milli azadlıq hərəkatının” iştirakçısı – atasının Avonun ölümü barədə danışdıqları haqqında dedikləri də maraq doğurur. Martirosyan deyir (yazı tərzi və orfoqrafiyası saxlanılıb):
“Mən Martuni istiqamətində döyüşürdüm. Ağır zamanlar idi. Monte Artsaxa gəlməmişdən qabaq Martuni rayonunun ermənilərinin də, digər ermənilər kimi, həyatları bir ipin ucundan asılı idi. Avonun sayəsində biz sağ qala bildik, bütün türkləri qovmağa və azərbaycan ordusunun seçmə hərbi bölmələrini məğlub etməyə nail olduq. O, erməni ideyasına xəyanət edən qorxaqlara qarşı çox amansız idi. O özü isə həmişə ön cəbhədə olurdu. Azad olunmuş ərazilərdə çox vaxt tək, müşayiətsiz gəzirdi, bu da onun ölümünə gətirib çıxardı.O, 1993-cü il iyunun 12-də əvvəllər azad olunmuş Muğanlı kəndində öldürülmüşdü. Kəndin xarabalıqları arasında tək, müşayiətsiz gəzən Monte naməlum şəraitdə öldürülmüşdü. Onun cəsədi 3 gündın sonra tapılıb, dərhal Yerevana göndərilmişdi”.
“Üç gün – gecə və gündüz, biz AVO-nu axtardıq”, — başqa bir erməni muzdlu Askanaz Abramyan yazır və bununla belə, İbad Hüseynovun və 14 nəfərlik dəstəsinin ermənilər tərəfindən işğal olunmuş Muğanlı kəndinin ərazisinə necə daxil ola bildiyini, AVOnu necə məhv edə bildiyini və oranı gözə çarpmadan necə tərk etdiyini anlaya bilmir. “Biz bunu görməyəcək qədər axmaq olmuşuq… əgər bunu edən məhz onlardırsa, bəs sonra hara yoxa çıxdılar? Axı biz, yüzlərlə döyüşçü həmin ərazinin hər santimetrini bir neçə dəfə qarış-qarış dolaşdıq” (orfoqrafiya və yazı tərzi saxlanılıb), — deyə Abramyan təəccüblənir.
Erməni “melkonyanşünasları” hiddətə gətirən amerikalı televiziya aparıcısı, məşhur publisist və rejissor, melkonyanla şəxsən tanış olan və dəfələrlə ondan müsahibə götürən ted Boqosyanın Monteni xarakterizə edən sözləri olmuşdu. Qeyd edək ki, Montenin yaşıdı və yerlisi olan, Kaliforniyada yaşayan və Berkli Universitetində təhsil alan Boqosyan da özünü erməni ideyası üçün mübarizə aparan “fədai” hesab edirdi. 2010-cu ilin aprelində verdiyi müsahibədə Montenin şəxsiyyəti haqqında və onunla söhbətləri barədə danışan Boqosyan onu adi narkotacir, quldur və silah alverçisi adlandırır. Boqosyanın müsahibəsini ingiliscə bütöv halda burada dinləmək olar.
Daha sonra, Qarabağ müharibəsinin veteranı, İbad Hüseynovun təxribat-kəşfiyyatçı dəstəsinin döyüşçülərindən biri, Sahib Şirinov ermənilər tərəfindən buraxılan və bəzi azərbaycanlı KİV-lər tərəfindən də həqiqət kimi təqdim olunan Montenin Ağdam rayonunun Mərzili kəndində ölümü barədə nağılı təkzib etdi.
Sahib Şirinov deyir ki, “Avo iyunun 12-də Ağdamın Mərzili kəndində ölə bilməzdi, çünki, Mərzili həmin vaxt bizim nəzarətimiz altında idi və təxminən bir ay sonra, iyulun 9-da ermənilər tərəfindən işğal olunmuşdu”.
“Erməni hərbi hissələri Mərziliyə ilk hücumlarını 1993-cü il iyulun 1-də həyata keçiriblər. Onlar bəzi strateji yüksəklikləri ələ keçirməyə nail olmuşdular. Iyulun 8-də isə, ermənilər irimiqyaslı hücuma başladılar və ertəsi gün kəndi tutmağa nail oldular. Biz Mərzili yaxınlığında bir erməni tankını vurmuşduq. Ermənilərin ratsiya ilə “general” adlandırdıqları, livan mənşəli muzdlu, yüksək vəzifəli hərbi komandiri həmin tankın içində idi. Bu hadisə iyulun 8-də baş vermişdi. Gördüyünüz kimi, həmin gün Avo orada ola bilməzdi, belə ki, artıq çoxdan Yerevanda dəfn olunmuşdu”, — deyə Şirinov qeyd edir.
Məlum olur ki, həmin gün, iyunun 12-də Mərzili kəndi istiqamətində ümumiyyətlə heç bir döyüş olmayıb, və bunun əksini iddia edənlər “Mərzilidə döyüş”ü uydurub Montenin “qəhrəmancasına” həlak olması barədə xəbərləri yayan Ermənistanın Müdafiə nazirliyinə istinad edirlər.
Yekunlaşdıraraq, qeyd edək ki, bu gün Ermənistanda beynəlxalq terrorist Monte Melkonyan və onun kimilərini “milli qəhrəman” kimi anırlar, onlara heykəllər qoyulur, adlarına fondlar açılır, məktəblər adlandırılır və erməni uşaqları bu cür “qəhrəmanların” nümunəsində tərbiyə edilir. Bu il də, şübhəsiz, Ermənistanda və diasporada Montenin ölüm günündə müxtəlif xatirə tədbirləri keçiriləcək, ünvanına təriflər yağdırılacaq, onun terrorist və quldur kimi keçdiyi həyat yolu gənclərə nümunə kimi göstəriləcək. Lakin, Montenin bütün pərəstişkarlarına xatırlatmaq istərdik ki, iyunun 12-ni Azərbaycan və bütün proqressiv ölkələr ən qaniçən terroristlərdən və cinayətkarlardan birinin məhv edilməsi günü hesab edir. Bu gün onun hələ həyatda olan və hazırda Ermənistanı idarə edən silahdaşları Azərbaycan torpağında törətdikləri qanlı əməllərinə görə bir gün cavab verəcəklər.