MTN generalının ölümü kimə lazımdır?
"Mahmudovçu”ların barmağı "qapı arasında”
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov cinayətləri ətrafında müzakirələr bitmək bilmir. Səhhətində ciddi problemləri olan odioz general işlədiyi cinayətlərin əsl gizlinlərini və bu cinayətləri kimin tapşırığı üzərindən həyata keçirdiyini açıqlamır.
İlqar Əliyev sirləri açacaqdı, amma...
MTN cinayətlərini xırda detalları ilə bilən qurumun Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin həbsdəki müəmmalı ölümü Akif Çovdarovu ehtiyatlı olmağa məcbur edir. İ.Əliyev ölümü o vaxta təsadüf edirdi ki, onun cinayətlərdə əli olmuş nüfuzlu şəxslərin adlarını açıqlayacağı gözlənilirdi. Lakin həmin məlumatların yayılmasının səhəri günü MTN polkovnikinin həbsxanada özünü asdığı xəbərləri gəldi. Sürpriz intihar o iddiaları ortaya çıxardı ki, İlqar Əliyevi həqiqətlərin gizlin qalması üçün özünü öldürməyə məcbur ediblər. Heç bu ölümün intihar, yoxsa qətl olması barədə də doğru informasiya verilmədi. İlqar Əliyevin faciəvi sonluğu Akif Çovdarov üçün də keçərli ola bilər. Gizlinləri açacağı halda onu da hansı aqibətin gözlədiyini əvvəldən bilir. Buna görə də general yaxasını kənara çəkmək üçün bir sıra variantlara əl atır. Ölümcül halda xəstə olmasını elan etməsi, aclıq aksiyasına başlaması və yalnız vəkili vasitəsilə danışması da Akif Çovdarovun həqiqətləri açmaqdan qorxduğundan xəbər verir.
Bəhanələri Çovdarovun əleyhinə
Akif Çovdarovun məhkəmənin daha böyük adlara aparıb çıxaracaq suallarından yayınmaq üçün özündə 9 cür xəstəliyin tapıldığını dedi. Hətta "çox az yaşayacam” elanı ilə danışmaq istəmədiyini bildirdi. Şübhəsiz ki, general həqiqətləri açacağı halda MTN-nin sabiq başçısı Eldar Mahmudovu ələ verməli olacaq ki, bu da onun üçün həyati təhlükəlidir. Hələlik keçmiş rəisini ələ verməməsi üçün gətirdiyi xəstəlik bəhanəsi Akif Çovdarovun öz əleyhinə işləyir. Amma burada diqqətçəkən əsas məqam odioz generalın həqiqətləri açmaması yox, ölümcül xəstə olduğu halda səhhətini yaxşılaşdıracaq müalicənin başladılmamasıdır. Bu da o ehtimalı yaradır ki, əgər Çovdarovun açacağı həqiqətlər lazım olsaydı, o zaman onun xəstəliyinin müalicəsi işinə başlanılmalı idi.
Bu halda Akif Çovdarov, İlqar Əliyev və digər MTN yetkililərinin bu cinayətləri keçmiş MTN "şef”i Eldar Mahmudovun təzyiqləri altında işləməyə məcbur olunduğu faktları da üzə çıxacaqdı. Lakin indiki situasiyadan görünən budur ki, hakimiyyət daxilindən hansısa usta əl cinayətlərin işlənməsində əli olan və cinayətlərin təşkilatçısı olmaqdan ittiham edilən Mahmudovu hələ də müdafiə edir, buna görə də Akif Çovdarovun ölümü yerinə düşərdi.
Odioz general kimləri ələ verə bilər?
Akif Çovdarov sirləri açsa, ələ keçən təkcə Eldar Mahmudov yox, onunla işbirliyində olmuş hakimiyyətdə təmsil olunan bir sıra yüksək rütbəli məmur, yaxud məmurlar da ələ keçəcək. Buna görə də həmin şəxslər və Mahmudov üçün Akif Çovdarovun susması, yaxud xəstəliklə ölməsi daha məqbul variant hesab olunur./Cebhe.info/
Miq.az