MTN İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak edən qrupu zərərsizləşdirib
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş
anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar
yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə,
onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika
ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin, terrorçuluq, yəni
dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən
qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak
olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak
ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş
verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər
törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə
hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini
məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik
zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan
silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə,
yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də
həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və
digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan
Respublikasının vətəndaşları – Xasaylı Şirxan Elxan oğlu, Mikayılov
Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və
Eyyubov Azər Mətləb oğlu şübhəli şəxs qismində tutulmuşlar.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi
tərəfindən AR Cinayət Məcəlləsinin 12.1,279.1-ci, 12.3,28,214.2.1,
12.3,28,214.2.3 və 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət
işləri başlanılmışdır. Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba
oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov
Azər Mətləb oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin
qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilmişdir.
Onlardan Mikayılov Rövşən Baba oğlu barəsində istintaq tamamlanaraq
Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 25
avqust 2015-ci il tarixli hökmü ilə Rövşən Mikayılov ittiham olunduğu
cinayətlərdə təqsirli bilinərək 13 il azadlıqdan məhrumetmə cəzasına
məhkum edilmişdir.
Təqsirləndirilən şəxslər - Şirxan Xasaylı, Elşən Adilov, Vüqar
Hacıyev və Azər Eyyubov barəsində, habelə cinayət işləri üzrə bütün
halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının
müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
Müəyyən edilmişdir ki, Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov,
Vüqar Hacıyev və Azər Eyyubov 2013-2015-ci illər ərzində müxtəlif
vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində
həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən
"İslam Dövləti (İŞİD)” terrorçu təşkilatının fəaliyyətində iştirak
etmişlər.
Məlumat üçün bir daha bildirilir ki, yuxarıda göstərilən cinayətlərin
törədilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş cəza müddətləri artırılaraq 20 ilədək və ya ömürlük
azadlıqdan məhrumetmə cəzaları müəyyən edilmişdir.
Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarını
ayıq-sayıq olmağa, milli təhlükəsizlik əleyhinə hüquqazidd əməllərdən və
milli maraqlara yad təsirlərdən kənar durmağa çağırır.
Trend