Mübariz Qurbanlı İlham Zəkiyevə hədiyyə verdi

Mübariz Qurbanlı İlham Zəkiyevə hədiyyə verdi

Avqustun 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya, beşqat Avropa və dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevlə görüşüb. 

Vətəninfo.az xəbər verir ki, bu haqda Modern.az saytına məlumat qurumun mətbuat xidmətindən verilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mötəbər yarışla bir daha dünyaya gücümüzü göstərdiyimizi bildirib. İdmana diqqət və qayğının dövlət siyasəti olduğunu deyən Komitə sədri ölkə başçısı cənab İlham Əliyevin idmanın maddi-texniki bazasının gücləndirilməsi, eləcə də idmançıların dövlətin xüsusi qayğısı ilə əhatə olunmaları, istedadlı idmançıların potensial imkanlarının inkişafı üçün daima geniş imkanlar yaratdığını deyib. 

Mübariz Qurbanlı qeyd edib ki, İlham Zəkiyevin həm döyüşçü, həm də idmançı kimi keçdiyi şərəfli yol hər bir gənc üçün nümunə və qürur mənbəyidir. Dövlət Komitəsinin sədri İlham Zəkiyevə prezident İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına Azərbaycanda ilk dəfə gözdən əlil insanlar üçün brayl əlifbası ilə nəşr edilən "Qurani-Kərim” hədiyyə edib və idmançıya 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında uğurlar arzulayıb.

İlham Zəkiyev diqqətə və hədiyyəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, brayl əlifbası ilə nəşr olunmuş Qurani-Kərim onun aldığı ən qiymətli hədiyyələrdən biridir. İlham Zəkiyev növbəti Olimpiya Oyunlarına hazırlaşdığını və Azərbaycan bayrağını ucaltmaqdan şərəf duyduğunu deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az