Müdafiə nazirinin karikaturasına görə redaktoru təhdid edirlər: “Səni zorlayacağıq...”

Müdafiə nazirinin karikaturasına görə redaktoru təhdid edirlər: “Səni zorlayacağıq...”

Ermənistanda müdafiə naziri Vigen Sərkisyanın karikaturasını dərc etmiş saytın redaktoru sosial şəbəkələr üzərindən ölüm və zorlanma təhdidləri alır.

Virtualaz.org xəbər verir ki, medialab.am saytında dərc edilmiş karikaturada Müdafiə Nazirliyinin ötn il gül və gül kompozisiyalarının alınması üçün dövlət büdcəsindən 7 milyon dram (təqribən 14 min dollar) xərcləməsi lağa qoyulur. Karikaturada gül buketinin önündə dayanmış müdafiə naziri, ondan arxada ayağının birini itirmiş əsgər və əsgərə corab tayı göstərən komandir təsvir olunub. Karikaturada Müdafiə Nazirliyinin gül dəstələri üçün 7 milyon dram xərclədiyi qeyd olunur. Və komandir əsgərə deyir: "Sənin bir ayağın var, deməli corabın bir tayı da bəsindir”.

Bu karikaturanın dərcindən sonra Facebook üzərindən saytın redaktoru Marianna Qriqoryan ölüm və zorlanma təhdidləri alıb, ona və saytın əməkdaşlarına "Charlie Hebdo” jurnalının işçilərinin aqibətini xatırladıblar. Xatırladaq ki, bu fransız jurnalının redaksiyasına İŞİD terrorçuları silahlı basqın edib və xeyli əməkdaşı güllələyib.

"Sizə elə gəlmirmi ki, sərhədi keçdiniz? Baxın, sizi də fransızların aqibəti gözləyə bilər”-Ayk Berman Ohanyan adlı istifadəçi redaktora yazıb.

Qriqoryanın ünvanına çoxsaylı başqa təhdidlər də yazılıb. Bu təhdidlər hansısa feyk-profillərdən deyil, real istifadəçilərdən gəlib. Onlardan bəziləri hətta Müdafiə Nazirliyinin zabitləri olduqlarını açıq yazıblar. "Mənə şəxsi məktublar yazmağa başlayıblar, hətta saat şəkli göndəriblər ki, baxın, vaxt gedir”-Qriqoryan epress.am saytına bildirib.

Saytın redaksiyası və Helsinki vətəndaş assambleyasının Vanadzor ofisi təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyə hazırlaşır.

"Təhdidlər çoxdur. Bu karikaturanın müəlliflərini öldürməyə, zorlamağa, doğramağa çağrırlar. Real təhdidlər də olub. Nəticədə bizim xaricdə yaşayan karikaturaçılarımızdan biri saytla əməkdaşlığı kəsməli olub. Çünki onun Ermənistanda yaşayan anasına naməlum adamlar baş çəkiblər, qonşulardan onun barəsində soruşublar. Nəticədə əməkdaşımız valideyinləri üçün qorxaraq əməkdaşlığı dayandırmalı olub”-Qriqoryan deyib.

Sayt bundan əvvəl də məmurların karikaturalarını dərc etdiyi üçün təhdidlər alıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az