Müsavat Partiyası Məclisinin iclasında deputatlığa namizədlərin siyahısının müəyyənləşdirilməsində narazılıqlar yaranıb.
Trend-in məlumatına görə, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi təşkilatının üzvü Rauf Səlimov namizəd olmaq istəyiblər.
Müzakirə zamanı R.Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə bağlı onu
şantaj edir. N.Kərimli isə R.Səlimovu partiyadan kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda günahlandırıb.
Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə çıxarılıb.
Səs çoxluğu ilə bu dairədən N.Kərimli Müsavat Partiyasının deputatlığa
namizədi olub. R.Səlimov səsvermədən öncə zalı tərk edib və səsvermə
zamanı zala çağırılsa da, qayıtmayıb.
Qeyd edək ki, bu gün Müsavat Partiyasının Məclisi parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Məclisin iclasında partiyanın rayon təşkilatları tərəfindən namizədliyi razılaşdırılmış şəxslərin adları açıqlanıb.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin 15 saylı Yasamal Birinci
Seçki Dairəsindən, indiki başqan Arif Hacılı isə 33 saylı Xətai Birinci
Seçki Dairəsindən namizəd olub. 123 saylı Kəlbəcər Seçki Dairəsindən
Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri
İsgəndər Həmidovun namizədliyi dəstəklənib. 29 saylı Səbail Seçki
Dairəsindən Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı, 46 saylı
Şirvan Seçki Dairəsindən başqan müavini Elman Fəttah, 50 saylı
Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsindən başqan müavini Səxavət Soltanlı
namizəddirlər. 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən keçmiş
deputat Arzu Səmədbəyli, 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən
sabiq deputat İkram İsrafil, 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən
Məclis üzvü Vəfa Cümşüdlü, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən
Məclis üzvü Nəsiman Yaqublu namizəd olublar. Başqan Arif Hacılının
qardaşı Mustafa Hacıbəyli 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən
namizəd göstərilib.