Müşfiq Abbasovu Çingiz Abdullayev həbs etdirib? – AYB-dən açıqlama

Müşfiq Abbasovu Çingiz Abdullayev həbs etdirib? – AYB-dən açıqlama
Keçmiş müstəntiq Müşfiq Abbasovun həbsi ilə bağlı yeni iddia gündəmə gəlib. Lent.az-ın məlumatına görə, Abbasov məhkəmədə yazıçılıq etdiyini, bir neçə kitabın müəllifi olduğunu söyləyib. O deyib ki, ittiham olunduğu faktlardan biri Azərbaycan Yazıçılar Birliyi və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı yazdığı statusdur.

Sitat: "Statuslarımda konkret ad çəkməmişəm. Lakin bu gün burada ad çəkəcəyəm. Məsələn, keçmiş vəkil Adəm Məmmədovun cəmi bir kitabı çıxmışdı və Yazıçılar Birliyinin üzvü idi. Əgər Yazıçılar Birliyi nizamnamə ilə idarə olunursa, niyə başqasının iki-üç kitabı çıxdığı halda Yazıçılar Birliyi onu üzvlüyə qəbul etmir. Ancaq bir kitabı çıxmış şəxsi qəbul edir. Bununla bağlı mən öz müstəqil fikrimi və iradımı yazmışam.

Demişəm ki, Çingiz Abdullayev hüquq elmləri doktorudur. Detektiv yazardır. Mən hüquqşünas yazıçı kimi yüzlərlə insanın hüquqi sualını təmənnasız cavablandırmışam, kömək etmişəm, yol göstərmişəm. Amma hüquq elmləri doktoru olan Çingiz Abdullayev bir nəfərə hüquqi məsləhət veribmi?”

Doğrudanmı Müşfiq Abbasovun həbs səbəblərindən biri AYB və xalq yazıçısı Çingiz Abdullayev haqda yazdığı statusdur?

AYB-dən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, deyilənlər əsassızdır:

"Azərbaycan Yazıçılar Birliyi sözügedən şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib. Bu günə qədər Yazıçılar Birliyində bir neçə nəfər məhkəməyə verilib və bunu açıq şəkildə media vasitəsilə ictimailəşdirmişik. Məhkəmə çəkişmələrində isə, təbii ki, Yazıçılar Birliyi haqlı olub və məhkəməni qazanıb. Müşfiq Abbasovun həbsinin bizə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, orda ittiham maddəsi qeyd olunur. Qanunla yayılması qadağan edilən informasiya ilə bağlı maddə AYB və digər ictimai təşkilatlarla heç bir əlaqəsi olmadığını göstərir. Yəni bu məsələdə biz heç bir ittiham altında deyilik”.

Çingiz Abdullayev məsələsinə gəlincə, qurum qeyd edib ki, həmin statusdan Ç.Abdullayevin xəbəri olmayıb:

"Müşfiq Abbasov nizamnaməni əsas gətirir, lakin qəbul və üzvlük məsələləri nizamnamə ilə tənzimlənmir. Bu proses Qəbul Komissiyasının müəyyən etdiyi qayda və şərtlərə uyğun şəkildə həyata keçirilir.
Qaydalarımıza əsasən, üzvlük üçün müəllifin ən azı iki kitabı olmalıdır. Bununla belə, istisna hallar da mümkündür. Məsələn, müəllif cəmiyyətdə tanınmış şəxsdirsə, əsərləri kifayət qədər populyarlıq qazanıbsa, lakin yalnız bir kitabın müəllifidirsə, belə hallarda onun AYB-yə üzv qəbul edilməsi mümkündür.”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az