Naci Şensoy Azərbaycan- Türk Futbol Məktəbinə dəstək verdi

Naci Şensoy Azərbaycan- Türk Futbol Məktəbinə dəstək verdi

"Azərbaycanla Türkiyənin yaxın olması onların gücünü artırır”

Naci Şensoy: “Hesab edirəm ki, Azərbaycan futbolunda bacarıqlı olan gənclərimizi ölkənin içində formalaşdırıb, ondan sonra beynəlxalq yarışlara çıxardacağıq”

Türkiyənin məşhur məşqçilərindən olan, eyni zamanda Tovuzun “Turan” klubunun sabiq məşqçisi, hal isə Albaniya liqasında fəaliyyətini davam etdirən Naci Şensoyun müsahibəsi:

- Naci bəy, Azərbaycan-Türk Futbol Məktəbi haqqında fikirlərinizi bilmək istərdik. Peşəkar bir məşqçi kimi məktəbin fəaliyyəti haqqında hansı tövsiyələriniz var?

- Öncə onu qeyd edim ki, mən Yusuf Uncuların başçılığı altında yaranan Azərbaycan-Türk Futbol Məktəbinin fəaliyyətinə inanıram və ona uğurlar arzulayıram. Yusuf bəy Azərbaycan futbolunun inkişafı üçün çalışan dostlarımızdandır. Azərbaycan futbolu üçün çabalar göstərir.

Həmçinin, bu böyük idman layihəsi iki qardaş ölkə insanını bir-birinə sıx bağlayacaq və qardaşlıq, dostluq və sosial bağları daha da sıxlaşdıracaq. Bu kimi addımlar atmaq lazımdır ki, iki qardaş ölkə arasında olan mənəvi-siyasi və iqtisadi körpülər dayanıqlı və güclü olsun. Azərbaycanla Türkiyənin yaxın olması onların birgə gücünü artırır. Atalarımızın “Sağlam  baş sağlam bədəndə olar” deyimi hər zaman prioritet olmalıdır.

Bu məktəbin Azərbaycanda sağlam nəsillərin yetişməsində də töhfəsi olacaq. Şübhəsiz bunun müsbət təsiri yaxın zamanlarda özünü göstərəcək. Çalışmalıyıq ki, gənclərimiz üçün yeni imkanlar açılsın, onlar öz potensiallarını ortaya qoya bilsinlər. Bunun üçün şərait və məkan önəmlidir. Bu yerdə Amerikanın keçmiş prezidenti Ruzveltin sözləri yadıma düşdü. Rüzvelt qeyd edirdi ki, “bir ölkənin ən böyük itkisi maddi olaraq o ölkənin təbii zənginliklərinin itkisi sayılmaz, bir ölkənin gerçək itkisi o ölkənin bacarıqlı gəncinin qabiliyyətinin maksimuma çata bilməməsidir”. Yəni potensiallı gənlərin üzə çıxmasına yol açmaq lazımdır. Gənclik bir dövlətin gücüdür. Amerika dövlətinin güclü edən faktorlardan biri də budur.

- Bir təcrübəli məşqçi kimi Azərbaycan futbolu ilə bağlı nə təklif edirsiniz?

- Hesab edirəm ki, Azərbaycan futbolunda bacarıqlı olan gənclərimizi ölkənin içində formalaşdırıb, ondan sonra beynəlxalq yarışlara çıxardacağıq. Bu məsələ hər zaman diqqət mərkəzində saxlanılamalıdır. Onu da əlavə edim ki, bunun Azərbaycan futboluna, bütövlükdə ölkə mədəniyyətinə, iqtisadiyyatına, turizminə böyük təsiri olacaq.

Burada bir məsələni xatırlatmaq istəyirəm ki, tanıtım məsələsi xüsusi önəm daşıyır. Bu, Azərbaycanın dünyada tanınmasına böyük təsir göstərəcək. Xüsusilə, qlobal dünyada reklamın önəmi böyükdür və buna xüsusi önəm vermək lazımdır. Heç kimin şübhəsi olmasın ki, bunun bütün Azərbaycan futboluna böyük müsbət təsirləri olacaq. Azərbaycan-Türk Futbolu Məktəbinin reklamı da bu səviyyədə qurulmalıdır.

Elnur Eltürk

P.S. Qeyd edək ki, Futbol meydançası, Bakı şəhəri, Nərimanov rayonunu, Qafur Murad küçəsi (DİN Hospitalının arxası), 207 sayli orta məktəbin yanında yerləşir.

Əlaqə telefonu: (050) 556-56-08, (050)721-76-68



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az