Naməlum qadına məktub

Naməlum qadına məktub
Aydın Can


Vağzalda(n) ayrılmazlar

... Səhər tezdən vağzala tələsdiyindən bir stəkan da çay içməmişdi. Özünü əyalətə gedən ilk elektriçkaya çatdırmaq üçün qaçarağa düşmüşdü: 5.30-da metroya, keçidlərdən qaçaraq əsas xəttə, ordan kassaya. Nəfəsi kəsilirdi. Üstəlik də boğula-boğula siqareti daldabal çəkməyi lap üstünü "düzəldirdi”. Bileti alıb yola düşməyə qalan 11 dəqiqədə bir kofe içmək üçün vağzaldakı kafeyə yaxınlaşdı. Yarıyuxulu qırğız ləng tərpənirdi. Leksikonuna uyğun, ən ağır, latayır ifadələrlə qırğızı tələsdirəndə...
– Molodoy çelovek, budte ostorojno, popadaete pod koleso...
Şok oldu! Latayırlığına verilən reaksiyadan - heç də hərfi mənada deyilməyən bu sözlərdən diksinib şoka düşdü. Qəriblikdə bu qədər dəyərləndiriləcəyini heç uğrunda savaşdığı qızından - "mənim generalım” çağırıb əzizlədiyi doğma balasından gözləmirdi. Bu irad təkcə onun özünün xilası deyildi, həm də onu istəyənlərin var olduğunun, "qatar təkərlərinin altında düşüb məhv olacağı təqdirdə” ağrıyacaqlarından yana, mesajıydı.
Ömrünün itkinlik çağında, ömrün itkilər fəslində son dəyərləri – hələ də onu istəyə bilənlərin olduğunu anışdıranda, bir də diksindi.
Xanımı – "jenşina balzakovskoqo vozrasta” – özünün məhzun və heç kimdən təsəlli ummayan, daha heç nəyə sevinməyən (əslində, onu sevindirən nələrsə də, kimlərsə də yox idi, ya itirmişdi, ya dəyərləndirməyib itmişdilər) baxışlarıyla süzdü, baxdı, yaddaşında saxladı.
Onun üstünə şillə-təpiklə, pulla, zorla, işlə-vəzifəylə gəlib udmaq olar, amma dünyanın ən axmaq adamı olacaq o adam ki, onun üstünə sözlə gəlsin. Həyatda uduzduğu bütün cəbhələrin qisasını üstünə sözlə gələndən alırdı, almışdı, alacaqdı, Sözünə də uduzduğu olsaydı, ölərdi, cavaba kökləndi, qadın isə, baxmayaraq ki, qadın idi, amma qadın kimi də dabanı üstə fırlanıb kişiyana, ağayana, eleqant bir yerişlə, kübar ədayla, sanki "sən dəyərlisən, xəbərdar elədim” mimikasıyla ilğıma döndü.
Belə anlarda "naməlum” adamların adlarını, ünvanlarını, telefon nömrələrini bilməsə də, tapmaq üsulu vardı: bir dəfə rastlaşdığı yerdə, rastlaşdığı vaxtda günlərlə, aylarla gözləyirdi!
06.50! Vağzal.
Bu vaxtı, bu vağzaldan hələ çox gedəcəkdi əyalətə - işlərini görmək üçün səfərbər etdi fikrini, "unutdu” onu "qatar altına düşəcəyindən xəbərdar edən” xanımı, amma yad(daşın)da saxladı!
Əri döyən arvadı it də tutduğu kimi, macəraları düşmüşdü dalınca, əl çəkmirdi. Tərslikdən də, problemi olan adamların hamısı "gülləyə” (söyüşə gələn) gələn kopayoğlulardı kişili-dişili. Bu ərəfələrdə hamı onu başa düşürdü – özündən yaşlı və cavan, kişi və qadın, hamısı. Heç kim söyüşünü, latayır danışığını bəhanə edib uzaqlaşmırdı, ürəyi partlamasın deyə, "söy, iç, çək”,- deyən dostları da çoxdan çoxdan idi – onlara diri lazım idi!
Özü də dəfələrlə etiraf edirdi bu "əclaflığını”, amma və lakin...
Həyatında az adam vardı yadına düşəndə, adını çəkəndə rahatlaşırdı, uğuru ovcunun içində sığınırdı. Vahid MÜƏLLİM idi, hacı Tahir idi, Ustad Cəfər müəllim idi, İlham müəllim idi, İqbal bəy idi, Əvəz, Vazeh, Aqil, Arif idi...
İndi Vahid MÜƏLLİMlə söhbəti yada düşdü: "Dəyməyin, Onun söyüş söyməyi vaxtınacandır. An anındadır, müddət müddətində”.
Elektriçka saatda 157 km/saat sürətlə şütüyürdü: "bəsirət gözü” olan vardısa vaqonda, mütləq görəcəkdi ki, yaş damlaları da elə o sürətlə uçurdu gözündən... toza çevrilərək! Qəriblikdə doğma olmağını anlamaq (hətta adam bunu özü belə saymasa da, sözündən-münasibətindən bu ehtimal yaransa da) dəhşətli dərəcədə adamı kövrəldir! Tapacaqdı o qadını! Sözünə uduzduğu qadını - yad doğma qadını! Cavabı beynində hazır idi!
... Bir həftə sonra yenə də eyni səfər, eyni zaman, yenə də eyni vağzal. Elektriçka biletini alıb perrona minəcəyi vaqonun həndəvərinə doğru üstündəki, içindəki dərdləriylə addımlayırdı. Hər zaman, hər yerdə olduğu kimi (təyyarədə və yuxuda olduğu vaxtdan başqa), siqareti tüstülənirdi! Birdən öskürək boğmağa başladı. Əvvəl əyildi, qatlandı və... ayılanda bildiyi kimi: təpəsi üstə aşdı. Şüşəsi qırılmış telefonunun bir qadın əlində ona uzandığını gördü:
- Mojno i svejim vozduxom dışat! Toqda vı so vsemi lyudmi budete dışat svejim vozduxom, i lyudyam ne pomeşayet vaş vonyuçiy zapax, yestestvenno, i vı ne popadete pod koleso”
Bu o idi... Keçən dəfə söyəndə "qatar təkərinin altına düşəcəyini” xəbərdar edən xanım!
Situasiya eləydi ki, "utandı” demək qıpqırmızı yalan olardı! Utanan kopayoğlu onu o günə salan siqareti çəkməkdən imtina edərdi! Kimlər deməmişdi ki: İlyas müəllim, Nemət bəy, hacı Tahir, dostu və qardaşı Əvəz, atası Məmməd, körpə qızları...
Bu xanıma bir də uduzdu – yıxılmağı onun əvvəlki verə biləcəyi cavabını da sıfırladı! Amma nəsə demək istəyirdi. İstəyirdi desin ki...
Xanım... perrondan uzaqlaşan qatarda idi artıq!
... Elektriçka 157 km/saat sürətlə onu üstündəki-içindəki dərdləriylə ünvanına aparırdı!

"Saqi, mey gətir məclisə”...

Ayrıları pulla, evlə-mülklə, maşınla varlanır, o da dərdləriylə varlanmaqda idi: vətəndə atası, qürbətdə balası qan içində boğulurdu. Bu yandan da bu xanım...ın "dərdi”.
Həyatında, düşüncəsində minnətdar adam idi. Xırda bir yaxşılığı öpüb göz üstünə qoyub it sədaqəti sərgiləmişdi! Düzdü, atası peyğəmbər, anası peyğəmbər qızı deyildi, ancaq hər şeyin, hər kəsin yerini bilirdi. Onu yandıran oydu ki, yazılarında yazdığı həyatı – yaxşılıqları yaşaya bilmədi, təbliğ etdiyi ədəb-ərkanı özündə yaşada bilmədi, bununla belə, yenə də "nankor” damğası vurula bilməzdi, təsəllisi buydu! Üç-beş dönəm xanımı istədiyini deyə bilərdi haqqında, o dediklərinin içində həqiqət də ola bilərdi bol-bol yalanlarla bir yerdə, çünki o həqiqi əclaflıqları bilə-bilə eləmişdi, özü də boyun olurdu!
Amma indi... ömrünün yorğun çağıydı, indi ölkə idarə etmək yaşındaykən, ona bir çox şeyləri irad tuturdular. Dostu Arif demişkən, Saakaşvili sən yaşda olanda Gürcüstanın prezidenti, bin Laden dünyanın bir nömrəli terroristiydi, sənsə, ərsiz arvadları yığmısan başına. Arifin sözünün altında qalmasa da (Arif, neynim, ərli arvadları yığım başıma, bin Ladenin dədəsinin milyardları vardı, Saakaşvilinin arvadı holland qızıydı, mənim dədəm sırıqlı pencək geyirdi, arvadım da mənim sözümə "yox” deyib, içib mənim üçün piano çalan, gələndə ayağa duranın qabağında "bəli, baş üstə” deməyi şərəf bilən), həqiqətin ağır yükü altında xurd-xəşil olmuşdu, sümükləri belə ovxalanmışdı, una dönmüşdü, çətin özünə gələydi. Belə məqamlarda Faiqi yığırdı. Faiqdən başqa bu qərib şəhərdə kimi varıydı ki!
– Faiq, gəlirəm!
Məclisdə Osman Sarıvəllinin şeirindən bir misra - "gətir, oğlum, gətir” səhərəcən səsləndi. Və məlum oldu ki, o, sabah səhər tezdən vağzalda olmalıdı!
Faiq özü içməsə də, bu "zır”dan başlayıb "dütt”də dayanan zırramanın zülmünə dözüb gözləmişdi. Taksiylə vağzala yola saldı!
Vağzal polisiylə bir az məzələnib, bilet aldı. Təbii ehtiyaclarını ödəmək üçün KFC-yə girdi. Aşırma sumkasını stollardan birinin üstünə qoydu. Çıxıb perrona doğru addımladı: artıq səndirləyirdi. Ayaqları sağ-sol vururdu. İndi onun uca boyu ilə fəxr eləmək bir yana, ancaq arzulamaq olardı ki, yer yarılsın, yerə girsin, torpağın da bu boy qədər gübrəsi artsın. Perrondakı dayaq dirəyinə söykəndi. Qatar yaxınlaşanda minmək üçün addım atdı. Arxadan kimsə əlindən tutdu:
- Molodoy çelovek, sumku zabıli. Budte ostorojno, a to v takom sostoyanie çerez unitaz vıbrosyat vas!
Yenə də həmin Xanım! Yenə də... Artıq üçüncü dəfə sözünə uduzduğu xanım! KFC-də sumkasını götürüb, yarım saatdan artıq seyrini vurub, qatara minəndə son sözünü deməklə tam və qəti qələbə qazanan Qadın!
Ayıldı,- demək yalan olar! Miskincəsinə sumkaya əlini uzatdı – özündən başqa, qızının həyatını müəyyən edəcək sənədlər vardı! Ayrı halda bəlkə də götürməzdi!
Bu dəfə heç nə demək istəmədi! İstəsəydi də deyə bilməzdi – qadın onun qatarıyla paralel yoldan yola düşən qatara mindi. Qatara mindi. Anladı... onlar "iki qol düyməsi” kimidi. Amma o düşəndən düşənə bir qolun düyməsi olur!
Bu boyda rüsvayçı məğlubiyyətdən sonra sevindirici olan bir ştrix vardı: bu möhtəşəm qadın hər günmü, hər həftəmi, ən azından, üçüncü və dördüncü günlər bu vaxtı paralel xətdən qatarla yola düşür.
Bu boyda sərxoş durumunda yenə də beynində Quran ayəsi idi: "isra yusra”, yəni hər qaranlıq gecənin AYDINLI SƏHƏRİ var!
Sərxoş vəziyyətindən tam yararlanmaq istədi, son dəfə, son dəfə, sərxoşluğuna görə hətta qatardan düşürsələr də belə, qəhqəhə çəkdi və vaqondakılara müraciətlə səsləndi:
- Ya lyublyu! Neznakomku! Ona v druqom poyezde!
Gözlədi ki, indi başlayacaqlar konduktoru çağırmağa, polisi yığmağa, hazırlaşırdı qatarı tərk etməyə, addımladı da və...
Bir an bir-birinə baxan sərnişinlər, ardınca qəfil qopan alqışlar, sonra yer-yerdən səslənən dəstək fikirlər:
- Lyubi, Ded!
- Lyubi!
- Lyubi!
- Bud sçastliv, molodoy çelovek!
Qayıtdı oturdu yerində...
Yolda - 178 kilometr və 1 saat 37 dəqiqə - fikirləşməyə imkan vardı! Nə deyib, necə əzizləyib sevəcəkdi bu qadını!? Dünyanın bütün əzizləmələrini əzizləri ölmüşlərə demişdi! Buna nə deyəcəkdi – heç birinin heç vaxt əzizləmədiyi kimi əzizləyən qadına?
Deyəcəkdi ki, mən əclafam, özü də ən səmimi əclaf!? Deyəcəkdi mən dərddən içirəm, axmaqlıqdan çəkirəm, möhtərəm və möhtəşəm olduğum üçün söyürəm? Deyəcəkdi anama indiyəcən bir dəsmal, bir tuman almamışam, sənə Marsdan, Aydan ulduz dərəcəm? Deyəcəkdi səni kirayələrdə sürünə-sürünə xoşbəxt edəcəm, 10 sot torpaq vermişdi dostum Elxan, onu da satdırdım, 3 min Arifin borcunu qaytardım, 10 mini getdi torpağın altına? Ya da deyəcəkdi səni xoşbəxt etmək, işıqlı Azərbaycan qurmaq üçün nəsil artıracam, sonra da 30 il tənqid etdiyim rejimin məmurunun qapısında boyun bükəcəm ki, mənə yardımçı olsun... səni yaşatmağa? Ya da... durub deyəcəm ki, baxma babayam, nəvə oynatmaq əvəzinə, sənin nazınla oynayacam? Bəlkə səni hamıdan yaxşı sevəcəm, ona görə qoşul mənə? Deməz elə xoşbəxt edən kopoluydun indiyə qədər həyatındakı 1403 qadından birini edəydin? Nə deyərəm, deyərəm olanların hamısı yalan dedi, xəyanət elədi? Deməz adam kişi olar, hər yerdə düzlükdən danışırsan, bu boyda yalan olar? Bəlkə səmimi şəkildə "biri qısqandı, birini qısqandım, biri yalan dedi, biri mənim üçün dəli idi, birinin dəlisi mən idim”deməyim də bəs eləmədi?
Belə düşündükcə... bir də qəhqəhə çəkdi! Qatardakılar onsuz da bu qoca əbləhi əvvəldən qəbul edib yola vermişdilər... qəhqəhə çəkə-çəkə hönkürdü!
Dəlicəsinə qışqırdı: bu... Odur!
Ömründə həmişə fikirlərinə-qənaətlərinə heyrət etmişdi, bu dəfə də tapdı! İndiyə qədər o qadın haqqında adi, sıravi kişi kimi düşünürdü, amma son anda özü kimi – möhtərəm və möhtəşəm düşündü!
Bu... o qadındır! Onun gördüyü qadınlardan deyil! Bu... milyonlardan biri deyil, milyondabir qadındır! Telefonu çıxarıb "Azərbaycan himni”ni tapdı yutubdan!
Ayaq üstə qalxıb səsləndirdi! Əlini sinəsinə qoydu: ürəyi doğrudan da çırpınırdı! Bu qadın "Azərbaycan himni” kimi onu istəsə də, istəməsə də, ayağa qaldıran qadın idi!
İndi qatardakılar bir az ciddi yanaşdılar!
Sonuncu dayanacağa çatanda qəti qənaətiydi: tapacaq onu! Amma "nəyi necə sübut edəcək” sualının da cavabını tapmışdı! O qadın hətta ərdə olsaydı belə, onu qaçırdacaqdı. Bu... Onun qadınıydı!

Vağzal sürprizləri

Taleyin hədiyyəsi demək düz olmazdı, çünki yaxşı adamlar bu 7 ayda hər an ona dəstək olmuşdular. Artıq problemi həll olunmaq üzrəydi!
İndi hər an Onu düşünürdü: Naməlum qadını. Ömründə ilk dəfəydi ki, Qadın haqqında belə ehtiyatla, ədəblə, səliqəli görkəmdə, abır-həyayla düşünürdü.
Yanındakı paltarların hamısını atdı zibilliyə. Əynini təzələdi. Üstündə və içində siqaret iyi xatırladacaq heç nə saxlamadı!
Bu, Onun Naməlumun gözündə ilk qələbəsi sayılardı! Anlamışdı ki, Naməluma qalib gəlmək üçün ən yaxşı cavab özünün qalib obrazıdı!
İkinci qələbə oydu ki, inanmalıydı içmir!
Üçüncü qələbə leksikonun arıtlanması, saflanması, dializdən keçirilməsiydi – buna da şahid olmalıydı. Bunları nümayiş etdirməyə yeganə yol onun ya birbaşa iştirakı lazımıydı, ya da şahid olması. Qadın qulağıyla sevər, ancaq gözünə də inanar!
Özü Sözün nə olduğunu bildiyi kimi, Naməlumun özünün də Sözü bildiyinə əmin idi! Sözü bilməyən adam Sözü elə deməzdi!
Qatarların hərəkət cədvəlinə baxdı. Naməlumun marşrutunu öyrəndi, iki dayanacaq sonranı seçdi! Saat 06.55-də yola düşən qatarı qarşıladı iki dayanacaq sonra. Birinci qatardan sonuncuya addımlamağa başladı. Qarşısında qəfil peyda olmasından qıpırdanmayan Naməlumla sadəcə salamlaşdı. Qadın tanımadığı adamın onu axtardığını görəndə mütləq bilir ki sözü var! Təxmin etdiyi sözü gözləyir! Amma O "həmin sözü” demədi:
- Vağzalda, kofe içdiyim kafedə hər gün sizə məktublar olacaq! Xahiş edirəm, götürəsiniz!
Növbəti dayanacaqda düşdü!
Hər gün saat 06.45-də gəlib kafedə məktublarını qoydu!
Nə o Naməlumu görməyə çalışdı, nə də Naməlum üzə çıxdı!
Səliqəliydi! Ayıq idi! Söymürdü... hətta yazılarında belə söyüş söyən adam!
Naməlum buna əmin olmuşdu! Və o hər gün yazırdı, gözləmirdi, izləmirdi də ki, götürdümü!?
Sonra... məktubları qoyduğu poçtda ona məktub vardı:
- Sizə inanıram!
Naməlum doğrudan da həmin "hardasa mütləq var olan O qadın” idi! Doğru düşünmüşdü!
Ev istəyən... evi quranda yanında olan sevdiyindi!
Sevgi istəyən... özü yalan danışmayandı!
Dünəninə görə ittiham haqqı sevildiyində olmadığı kimi, sevdiyində də olmamalıdı!
Atan-qardaşın, dostun kimi görmək istədiyinə... ana-bacı, rəfiqə olmalısan!
Ağlamağını istəmirsənsə, ağlatma!
... Naməlum, hər yerdən baxanda, istər Bakıdan, istər Moskvadan, uzaqda olan doğmasıydı Onun.
Zaman gərəkirdi. İkisinə də.
Maraqlı olan bir incəlik vardı: ikisi də insan istəyirdi! Heç kimin heç nəyə ehtiyacı yox idi... bu ac, bu quduz, bu gödəni doymayan dünyada!
Naməlum... insan idi – adamlar içində. Naməlum, sadəcə illərlə etdiyi yaxşılıqlarını etməkdə idi, bu dəfə də ona etmişdi. Ola bilərdi ki, o da o biriləri kimi insanlığa qayıtmasın, bundan Naməluma heç bir isti-soyuq olmazdı.
Insanlıqdan çıxma üçün minlərlə bəhanə var, insanlığa qayıtmaq üçün bircə... İnsanı... görmək!
Gördünsə, qayıdacaqsan, sevəcəksən o Naməlumu, ayağından saçının ucunacan öpəcəksən, səni görən gözlərinə, səni düşünən beyninə, sənə özündə yer verən ürəyinə, səni xilas üçün uzanan əllərinə, səni ayağa qaldırmaq üçün sənə doğru addım atan ayaqlarına "qurban olaram” deyəcəksən, bunu deməyinə belə razı da olmaz, amma hər təşəkküründə gözləri işıq olacaq, üzü nurlu ay olacaq, ömrünə günəş olacaq!
Olacaq! Əmin olun, olacaq!
Əgər xoşbəxt deyilsinizsə, tapın Naməlumunuzu.
Siqaret iyiylə, sərxoş halınızla, söyüşlü, yalanlı dilinizlə qaçırtmayın özünüzdən, illah da ki, hər gün sizi xəbərdar edənlərin içində - Naməlum yanınızdadı, sizinlə bir dünyadadı!
Bəzən öz xanımlarınıza və bəylərinizə də bir diqqət yetirin – öz Naməlumunuza. Həyatda xoşbəxt olmaq üçün ilk növbədə İnsan olmaq lazımdı. Xoşbəxtlik elə də çox şeylər istəmir!
... O hər gün Naməlum qadına məktub yazırdı!
Naməlum qadın hər gün oxuyurdu!
Sonucu məktubunda isə:
- Mən bu dünyaya bir də gəlməyəcəm. Bu dünyaya sən gələn dəfə kişi kimi gələcəksən – mənim əvəzimə! Mənim sonuncu missiyam bir qadını xoşbəxt etmək idi! Bu şansı mənə tanıdın – sınıq-salxaq, həyata və dünyaya əlinin dalını çevirmiş birinə! Mən İlahi testin bütün suallarına cavab vermişdim! Təkcə "qadın xoşbəxtliyinə nail oldunmu” qrafasında cavab boş qalmışdı!
Cavab gözəl idi: "Sən bir də bu dünyaya qayıtma! Səni mənim kimi sevən də olmayacaq! Mən xoşbəxtəm! Estafeti mənə verdiyin üçün sağ ol!”
p.s. Qadına verdiyin sözü tut! Qadın mal-mülk istəməz, çiyin istəyər ürəyi dolu olandan!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az