Göylər deyir ki;
Şairləri əzilən bir şəhərə
Göydən mələklər qarğış yağdırar
Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində
Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün
Bəla var qarşıda;
Tufan, qasırğa
Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda.
Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək
Bir gün...
Günahkar şəhərin nəfəsindən
Zaman-zaman udduğu murdar zibillər
Qasırğaya qarışıb geri dönəcək;
Çırpılacaq üzlərə
Göylər qəzəblənəcək
Ildırımlarar nərə çəkəcək
Şimşəklər toqquşacaq
Hər şey bir anda baş verəcək;
Şiddətli külək, qasırğa, tufan
Bir də Xəzərin şahə qalxmış dalğaları...
O zaman
Qurtuluş olmayacaq
Tikdiyiniz evlərə nicat olmayacaq;
Şüşələri qırılacaq,
qapıları yıxılacaq
daşları uçacaq
o zaman üçün
Yeni evlər tikin;
bünövrəsi halaldan
daşları yaxşılıqdan
qapısı sevgidən olsun!
və...
Şairləri incitməyin...
Bircə gün...
Dərd çoxdu, daşımaq olmur,
(rəng deyil, qaşımaq olmur).
Atasız yaşamaq olmur;
Sən mənim atam ol, Allah!
Qoyma dərd önündə çöküm,
Güc ver dərdi gözəl çəkim.
Dünyamızda axı heç kim,
Ona əvəz deyil, Allah!
Gündüzüm var, yoxdu günüm,
Yol dumanlı, itib yönüm.
Bircə gün atam ol mənim,
Qulun olum min il Allah!
Gəldim
Min ildi salınmış hikmət bağına,
Söz adlı bir fidan əkməyə gəldim.
Yerdə şölələnən haqq çırağına,
Içimin yağını tökməyə gəldim.
Min balta vurdular fəqət ölmədim,
Qan ər naxışıdır, yara silmədim.
Bu torpağa yük olmağa gəlmədim,
Yurdumun yükünü çəkməyə gəldim.
Şeytanlar bularsa örüş ürəkdə,
Üfunət verəcək min leş ürəkdə.
Şərdən təmizləyib üç-beş ürəkdə,
Tanrıya Eşq evi tikməyə gəldim.
Insan ah çəkincə göylər “can”!- deyir,
Allah da kitabda “Ya insan”!- deyir.
Tamahsa dünyada hələ “qan”- deyir;
Nəfsin boğazına çökməyə gəldim.
Eşqi sabahlara aparmaq üçün,
Yerlərdən göylərə yol varmaq üçün,
Halal ağacları suvarmaq üçün,
Haram özülləri sökməyə gəldim.
OLAR
Ömrü yellərə vermək,
Ağıllıya ar olar.
Ar olan işi görmək,
Ruh üçün azar olar.
Könüllərdə qalanlar;
Dünyada iz salanlar.
Var ikən yox olanlar,
Yoxkən necə var olar?!
Ulus, yurd nədi bilməz;
Canda varsa yad nəfəs.
Özgədən süd əmən kəs,
Özgələrə yar olar.
Bədbəxt kimdi; yol əyən,
Qazancını yeməyən.
Haqqı görüb deməyən,
Kor olar, həm kar olar.
(Söz demə almayana,
Tanrıdan dolmayana).
Könlü tox olmayana,
Geniş yer də dar olar.
Yox! - deyib batma yasa,
Var! – söylə - var, hardasa;
Üç-beş yaxşı olmasa,
Yaşamaq çox zor olar.
Qaldımı
Bir zaman içində yanan alovdan,
İçdə qığılcımın, közün qaldımı?!
Ürəyin büsbütün söz dəniziydi,
Ürəkdə Eşq dolu sözün qaldımı?!
Təmizlə dünyanı, dara, yu eşqim!
Ruha sığal çəkər mənim qu eşqim.
Deyirdin minillər sözməz bu eşqim,
Eşqindən nişanə, izin qaldımı?
Yalan ah – üzlərdə yalançı boyaq.
Vaxtsız yorulmağın adın nə qoyaq?!
Bu uzun yolları gedəcək ayaq,
Bu yükə dözəcək dizin qaldımı?!
Dünya dəmirçinin qaynar kürəsi
Yandırar ağ bayraq qaldıran kəsi.
İrəli getməyə yaşam həvəsin,
Geriyə dönməyə üzün qaldımı?!
Döndü tarixlərə o çağ deyəsən,
Açdın qədərinə qucaq deyəsən...
...Içində sönübdü ocaq deyəsən;
Barı özünsənmi, ÖZün qaldımı?
Türkə
(“Muğanda düşüncələr” seriyasından)
Yerlər min il heyran baxdı;
Sultan türkə, bəy, xan türkə...
Hər nə var cahana gəldi,
Cahansa ərməğan türkə.
Bir ömürlük davası var,
Qədərdə min qovğası var.
Alnında ər damğası var,
Diqqət et, hər doğan türkə.
Hər dərdi öz dərdi bilib,
Sevincini yarı bölüb.
Həmən bilir, Göydən gəlib;
Fəhm ilə baxan türkə.
Baxma torpağı duz kimi;
El bəslədi Oğuz kimi!
Yaraşır ay-ulduz kimi,
Türk Muğana, Muğan türkə.
əli çatan, ünü yetən;
Hər yer oldu ona Vətən.
Salam dedi yerdən bitən,
Göy üzündən yağan, türkə...
Qaranlıqda şam yandırmaq
Ürəyində şər uyuyur,
Bəs, onu kim qovasıdı?!
Dilin Allah! Allah! -deyir,
İçin iblis yuvasıdı.
Nadanlıqdı qəlb sındırmaq,
Pərt eləmək, utandırmaq...
...Qaranlıqda şam yandırmaq,
Peyğəmbərlər davasıdı.
Ürəkdə eşq daşıyana;
Tamahını boşayana,
Aşiq kimi yaşayana,
Od da cənnət havasıdı.
Kişilər var idi...
Kişilər var idi bu yer üzündə,
Bir elin yükünü çəkən kişilər.
Quduz sultanlara qılınc sıyırıb,
Yetim qarşısında çökən kişilər.
Babalar var idi, bir kəlmə sözü,
Qan söhbəti bağlamağa bəs idi.
Nənələr var idi, nənə deyirəm;
Təpədən dırnağa nur kündəsiydi.
Qadınlar var idi şimşək baxışlı,
Qanında yüz ərin qeyrəti vardı.
Nə oldu, necoldu ülvi adamlar,
Torpaqmı gizlədi, yelmi apardı?!
Oğullar var idi, qaya parçası,
Ölsələr, harama yanaşmazdılar.
Qurban gedərdilər namus üstündə,
Namusdan bir kərə danışmazdılar.
Obalar var idi, barlı-bəhərli,
Bir giriş, bir çıxış cığırı vardı.
Gələn yolçuları hələ uzaqdan,
Təndir çörəyinin ətri vurardı...
...Günəş həmin Günəş, Ay həmin Aysa,
Bəs niyə dəyişdi bu cahan belə?!
Kök həmin kökdüsə, soy eyni soysa,
Nədən cılızlaşdı bəs insan belə?!
Hələ ki nidayam
Dan yeri ağarır, oyağam hələ,
Nə gözlər yumulur, nə qəlb dincəlir.
Açılmaz səhərim ta innən belə,
Baxma üfüqlərdə Günəş yüksəlir...
Dostları min olsun, nə faydası var,
Əyər tənhadısa ruhu insanın.
Duyulmaz oldusa bir qaydası var,
Yüksələr göylərə ahı insanın.
Din gəzdim, ruhuma dinclik aradım,
Sonunda gördüm ki, özüm dinmişəm.
Yerlərdə, Göylərdə min sirr aradım,
Dünyanın ən böyük sirri mənmişəm.
İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr,
Beşikdən qəbrəcən sirri açılmaz.
Sabah nə olacaq, bir kimsə bilmir;
Yazısı dəyişməz, qədər – qaçılmaz.
Nə olsun milyondu hər yerdə sayı,
Milyonlar içində təkdi hər adam.
Bu göylər altında, bu yer üzündə,
Bəxtəvər olmadı hələ bir adam...
...Nə arzu tükəndi, nə də ki dərdim,
Yaxşı ki, dərd boyda min xəyalım var.
Ömrü palaz kimi yollara sərdim,
Göylərə verəcək çox sualım var.
Hələ ki nidayam bu yer üzündə,
Heyrətlər içində çoxmu qalacam?!
Ömrümə qoyulan işarə kimi,
Ömrümün sonunda sual olacam...
Ölsən...
Köksü xal lalələr, tər bənövşələr,
Sənsiz qalacaqsa nəyimə gərək;
Lap dönsün behiştə dağlar, meşələr,
Gözümdə bir yığın külə dönəcək.
Var ol, varlığımın parası, yaşa!
Ruhundan güc alıb yaşaya bilim.
Yaşa ki, çiynimdə bir ömür boyu,
ən ağır yükü də daşıya bilim.
Yaşasan, uğruna tufan yaracam,
Hər gün tələsəcəm sən olan öyə.
Ölsən, məzarını gen qazdıracam,
Yanında mənə də yer olsun – deyə.
Sən...
Sən eşqin bağında bitən çiçəksən,
Eşq ilə yanmayan dərməsin səni.
Qaranlıq ürəkli, donuq baxışlı,
Sevgidən uzaq göz görməsin səni.
Adını çəkməsin, adını çəkən,
Adında bal kimi dadı duymasa;
Gəzməsin bu qutsal torpağın üstə,
Özünü ən mutlu bəndə saymasa.
Cismiylə yerləri nura bələyib,
Mələklə göylərdə yaşıyanımsan.
Türküstan çölünün, Tanrı dağının,
Ətrini ruhunda daşıyanımsan.
Ancaq
Bir sirr açmaq istədim,
Tutuldu dilim ancaq.
əl uzatmaq istədim
titrədi əlim ancaq.
Bu gerçəkmi, yuxumu;
Gül açdı eşq toxumu.
Saçlarında qoxunu,
Təkcə mən bilim ancaq.
Susmaz yanında bu dil,
nəğmə deyər lap min il...
...Ölüm sənsizlik deyil,
Sənsizlik ölüm ancaq.