Natiq Cəfərli: "İnsanlar təkcə Prezidentə yox, Ali Baş Komandana səs verdilər, o, bunu haqq edirdi..."
"REAL Partiyasının mövqeyi nədir ki, tənqid olunur? Biz bəyəm seçkilərə hüquqi qiymət vermişik? Xeyr! Seçki prosesinə qiymət vermişik? Xeyr! Sadəcə, məlumdur ki, bu seçkilərdə Prezident İlham Əliyev qalib gəlib. Əsas rəqibimiz Yeni Azərbaycan Partiyasının rəhbəridir. Ölkəyə yeni siyasi mədəniyyət gətirmək lazımdır. Seçkilərin necə keçirilməsindən asılı olmayaraq, faktiki hüquqi olaraq qalib gəlmiş Prezidentdir. Bizi tənqid edən şəxslər Avropadan daha çox danışırlar. Dünən Şarl Mişel də Prezidenti təbrik etdi, yaxşı, bəs onu niyə tənqid etmirlər? Etsinlər də, desinlər ki, Şarl Mişel, bu nə hərəkətdir etdin? Niyə İlham Əliyevi təbrik edirsən? Bu, məntiqsiz yanaşmadır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli deyib.
O bildirib ki, Azərbaycanda REAL Partiyasının mövqeyi kifayət qədər şəffafdır: "Biz seçkilərin necə və hansı formada keçirilməsinə qiymət verməmişik. Amma de-fakto və de-yure əsas rəqibimiz olan Yeni Azərbaycan Partiyası rəhbərinin Prezident seçilməsi faktını görüb, onu təbrik etmişik. Amma çağırış da var. Nədənsə bizdə insanlar mətnin ikinci hissəsini oxuya bilmirlər. Bu zaman da elm və təhsil nazirinin sözü yada düşür ki, Azərbaycanda mətni oxuyanların 60%-i yazını başa düşmür. Deyəsən, nazir, doğrudan da, haqlıdır. Bizdə əsas mətnin ikinci hissəsidir. Çağırış etmişik ki, əsas məsələ parlament seçkiləridir. Parlament seçkilərində dürüst və ədalətli rəqabət olacağına ümid etmişik və bunu səsləndirmişik. Ölkənin gələcəyi ilə bağlı seçkilər parlament seçkiləri olacaq. İki gün bundan əvvəlki seçkilər ölkənin keçmişi ilə bağlıdır. Keçmişdən qalan ən böyük problemin həlli Qarabağ kontekstində idi. Allaha min şükür ki, bu problem həll olundu. İnsanlar təkcə Prezidentə yox, Ali Baş Komandana səs verdilər. Doğrudan da, o, Ali Baş Komandan kimi bunu haqq edirdi. REAL-ın da həmin mətndə əsas hədəfi parlament seçkilərində ədalətli və dürüst rəqabətin olacağına ümid və inamın, belə bir istəyinin olduğunu vurğulamaqdır, vəssalam”.