Nazir nəqliyyat sektorundakı nöqsanlara görə işçilərinə irad tutdu
Dünən Nəqliyyat Nazirliyində Azərbaycan
Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə
2015-ci ilin 8 ayı ərzində yerinə yetirilən işlərin yekunlarına,
Nəqliyyat-yol kompleksi üzrə 2016-cı ilin büdcə və proqnoz
göstəricilərinə və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Vətəninfo.az-ın Modern.az-a istinadla
məlumatına görə, müşavirədə nəqliyyat nazirinin müavini Musa Pənahov
2015-ci ilin 8 ayı ərzində nəqliyyat sektorunda aparılmış islahatlar,
görülmüş işlər barədə danışıb.
Müşavirədə «Azəryolservis» Açıq
Səhmdar Сəmiyyətinin sədr əvəzi Saleh Məmmədovun, Dövlət Avtomobil
Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin, Bakı Beynəlxalq Dəniz
Ticarəti Limanının Baş direktoru Taleh Ziyadovun hesabatları
dinlənilib.Nəqliyyat naziri Ziya
Məmmədov daha sonra çıxışında vurğulayıb ki, sentyabrın 8-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi
məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr
edilmiş müşavirədə nəqliyyat sektoruna aid səsləndirilmiş iradların
aradan qaldırılmasıbundan sonrakı fəaliyyətin əsas istiqaməti
olmalıdır.Müşavirədə avtomobil
yollarının tikintisi ilə məşğul olan şirkətlərin nümayəndələri də
iştirak edib və nəqliyyat naziri Ziya Məmmədov bəzi yol layihələrinin
icra müddətinin gecikdirilməsi, həmçinin yolların lazımi keyfiyyətdə
çəkilməməsi ilə bağlı ciddi iradlarını bildirib, yarımçıq qalmış
layihələrin bu ilin sonunadək başa çatdırılması barədə tapşırıqlar
verib.
Müşavirədə, həmçinin,
nazirliyin tabelində fəaliyyət göstərən digər qurumların da
fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların
olduğu, dəmir yolunda, eləcə də taksi və avtobuslarla sərnişindaşımada
bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər
nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində
sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.