“Neftçi”nin qarşısına böyük hədəflər qoymaq gülünc olar"

“Neftçi”nin qarşısına böyük hədəflər qoymaq gülünc olar"

Vətəninfo.az “Neftçi”yə yeni baş məşqçi təyin edilən Samir Əliyevin apasport.az saytına müsahibəsini təqdim edir:

- Bu təyinat sizin üçün sürpriz olmadı?

- Açığı, sürpriz oldu. Bunu heç gözləmirdim. Amma bir şey də var ki, bu posta müvəqqəti gətirilmişəm. Hər şey öz işimdən asılıdı. Düzdü, riskli addımdı. Bu sahədə gəncəm, təcrübəm yoxdu. Amma nə vaxtsa bu olmalı idi.
 
- “Neftçi”də baş məşqçi işləmək böyük məsuliyyət tələb edir. Buna hazırsınız?

- Düzdü, “Neftçi” kimi böyük komandanı çalışdırmaq asan iş deyil. Bilirəm ki, tənqidlər də olacaq. Yaxşı nəticə olmasa, hamı baş məşqçini tənqid edəcək. Ancaq rəhbərlik böyük nəticələr tələb etmir. Komandanın əksəriyyəti gənclər olacaq. Belədə uğur qazanmaq çətinləşir. Bir çox əcnəbi ayrılacaq. Bir sözlə, komandanın sütunu gedir. Amma yenə də yerli futbolçularla mübarizə əzmi yüksək olan kollektiv qurmağa çalışacağıq.
 
- “Neftçi” geridə qalan mövsümü uğurlu keçirmədi. Yenidən toparlanmaq çətin olmayacaq?

- Zaman lazımdı. Çətinlik çox olacaq. Artıq iyulun 2-də Avropa Liqasında ilk oyunumuza çıxacağıq. İyunun 18-də isə təlim-məşq toplanışına yığışacağıq. Toparlanmaq, heyəti qurmaq üçün 13-14 gün vaxtımız var. Belə vəziyyətdə nə dərəcədə uğurlu olacağıq, bunu zaman göstərəcək.

 - Əcnəbi futbolçulardan kimlər qalacaq?

- Hələ ki, Flavinyo, Erik Ramos və Kaue da Silva qalıblar. Onların müqaviləsi davam edir. Digərlərinin müqavilə müddəti başa çatıb. Onlardan da kimin qayıdıb, kimin qayıtmayacağına rəhbərlik qərar verəcək.

 - Əvəzedici heyətdən əsas komandaya neçə futbolçu cəlb edəcəksiniz?

- Bizim əsas komandada, onsuz da, kifayət qədər gənc oyunçumuz var. Açığı, əvəzedicilərdən çox oyunçu götürmək fikrində deyiləm. Uzağı 1-2 oyunçu cəlb edərik. Amma bu, rəhbərliyin transfer siyasətindən asılı olacaq. Komandada minimum 20-22 futbolçu olmalıdı. Yəni hər mövqedə ən azı iki futbolçu yer almalıdı. Hər şey əcnəbilərlə bağlı veriləcək qərardan asılıdı. Əgər onlar qayıtmasalar, o zaman əvəzedicilərdən daha çox oyunçu götürməli olacağıq.

- Sözlərinizdən belə başa düşdüm ki, “Neftçi” xeyli zəifləyəcək. Bu heyətlə Avrokubokda necə uğur qazana biləcəksiniz?

- Çox çətin olacaq. Hazırda komandada qalan 3 əcnəbidən ikisi - Kaue və Ramos cəzalı olduqları üçün Avrokubokdakı ilk oyunda iştirak etməyəcəklər. Flavinyo isə zədəlidi. Çətin ki, o da birinci matça qədər sağalsın. Çalışacağıq 1-2 əcnəbi oyunçu alaq. Həmçinin bir neçə təcrübəli yerli futbolçu da transfer etmək olar. Gənclər də onların yanında “artırarlar”, komandada rəqabət yaranar.

 - Avrokubokda qarşınıza hansı hədəflər qoyulacaq?

- Böyük məqsəd qoyulmayıb. Demirəm ki, 2-3 mərhələ keçəcəyik. Heç olmasa, ən azı bir mərhələ keçməyə çalışacağıq. Çünki komandanın əsası gənclərdən qurulacaq. Onların isə Avrokubok təcrübəsi yoxdu. Belə vəziyyətdə “Neftçi”nin qarşısına böyük hədəflər qoymaq gülünc olar.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az