"Ötən əsrdə pensiya sistemləri yarananda insan sayının artmasına hesablanmışdı. Azərbaycanda pensiya kapitalı Dövlət Sosial Müdafiə Fondundadır. Biz işləyirik, maaşımızdan məcburi dövlət sosial sığorta haqqı tutulur, bunun hesabına pensiya kapitalı formalaşır. Pensiya yaşı çatanda həmin kapitala uyğun bizə pensiya verirlər. Bu isə indi ödədiyimiz pul deyil. Sabah pensiya yaşına çatanda aktiv əhali hesabına pensiya alacağıq. Aktiv əhali əksər ölkələrdə azalıb. Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin sayı azalır. Bizdə də artıq vəziyyət belədir. Əhalinin sayında artım əvvəlki kimi deyil və proqnozlara görə, bizdə də əhalinin sayının artımı azalacaq. Bunun səbəbləri isə çoxdur. Bir sözlə, aktiv insanlar azalanda bizə haradan pensiya verəcəklər? Pensiya yaşı azalsa, deməli, pensiyaya daha tez çıxacağıq. Onda pensiyaçıların sayı çoxalacaq. Buna görə nəinki Azərbaycan, dünyanın əksər ölkələri pensiya yaşını artırırlar. Yəqin ki, bizdə də yenə pensiya yaşı artacaq. Səbəb budur ki, pul yoxdur, vəssalam”.
Sosioloq Lalə Mehralı isə deyib ki, pensiya yaşının aşağı salınması əslində haqlı tələbdir:

"İndi insanlar əvvəlki kimi uzunömürlü deyillər. Nadir insanlar var ki, pensiya yaşını uzun müddət keçirə bilir. 15-20 il pensiya alan insanların sayı günü-gündən azalır. Pensiya yaşına çatmayanların sayı isə çoxalır. Buna görə də pensiya yaşının aşağı salınması haqlı iraddır. Bu günlərdə çoxuşaqlı anaların pensiya yaşının aşağı salınması ilə bağlı təklif irəli sürüldü. Bəs ölkədə nə qədər beş uşaq doğub, tərbiyə etmiş qadın var? Bu da müəmmalı məsələdir. Pensiya fonduna toplanan kapitalın geri qaytarılması məsələsi də heç vaxt gündəmdən düşməyəcək. Pensiya yaşını görməyən, amma 20-25 il işləyib, pensiya fonduna pul yığan insanların və onların ailələrinin haqqıdır ki, o pulu geri alsın. Bu pul vətəndaşın özəl mülkiyyətidir. Bankda mühafizə olunan pul kimi pensiya fondunda mühafizə olunan pul da vəfat edənin ailəsinə geri qaytarılmalıdır. Bu məsələlər ölkə qanunvericiliyi ilə idarə olunur deyə pensiya kapitalının ölüm halında geri qaytarılması qanunvericiliyə əsaslanır. Buna görə də qanunvericilikdə dəyişiklik etmək lazımdır. Bu gün dünyada pensiya kapitalını geri qaytaran çoxsaylı ölkə var ki, ölüm halında həmin pul ailəyə qaytarılır. Pensiya məsələsinin bir çox ölkədə sığorta sisteminə əsaslanması o pulun geri qaytarılmasını asanlaşdırır. Bizim ölkədə belə bir sistem tətbiq olunmadığına görə həmin pul ailəyə qaytarılmır. Ailədə yalnız yetkinlik yaşına çatmayan uşaqlar olarsa, dövlət ailə başçısını itirməyə görə ödəniş edir. Bu da ümumi vəziyyət deyil, fərdi baxış əsasında tətbiq olunur”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.