Nəqliyyat nazirliyi adına gizli yeyinti ünvanı... - Lisenziya üçün rüsumdan əlavə yığılan milyonlar hansı işlərə xərclənir?
Azərbaycanda nəqliyyat müfəttişləri tərəfindən ayrı-ayrı sürücülərin
sənədlərinin alınması, avtomobillərdən dövlət nömrə nişanlarının
açılması və digər qanun pozuntuları halları artıb. Üstəlik, nəqliyyat
müfəttişləri onların özbaşına hərəkətlərinə etiraz edən sürücülərə qarşı
zorakılıq tətbiq edir, onları vəhşicəsinə döyürlər. Qaydalara əsasən
isə müfəttişlərin maşınların nömrəsini açmağa, sürücülərin sənədlərini
almağa ixtiyarı yoxdur. Onlar sənədləri yalnız yoxlaya bilərlər. Yük və
sərnişin daşıyan sürücülərin borcudur ki, müfəttiş sənədi baxmaq üçün
istədikdə təqdim etsinlər. Lakin sürücülər sənədləri təqdim etsələr də
nəqliyyat müfəttişləri səlahiyyətlərini aşır və onlara qarşı xoşagəlməz
hərəkətlərə yol verirlər. Nazir Ziya Məmmədov isə iddia edir ki,
nəqliyyat müfəttişlərinin sürücülərə qarşı törətdiyi qanunsuzluqların
qarşısı alınır. Amma nazirin söylədiklərinin əksinə olaraq bu günlərdə
onun tabeliyindəki müfəttişlər daha bir qanunsuzluğa imza atıblar. Bu
barədə müfəttişlərin zorakılığına məruz qalmış sürücü Elman Əhmədov
mətbuata danışıb. O bildirib ki, iyulun 14-də saat 10:45 radələrində
yaxın qohumunu avtovağzala aparıb. Onu yola saldıqdan sonra iki nəfər
qəfil maşınına yaxınlaşaraq özlərini təqdim etmədən fiziki güc tətbiq
ediblər: "Maşının açarlarını zorla əlimdən aldıqdan sonra özümü də
itələyib yerə saldılar. Yıxılaraq əlimdən zədə aldım. Maşınımı isə
qaçırdılar". Elman Əhmədov qeyd edib ki, ilk olaraq nə baş verdiyini
anlamayıb. Daha sonra isə idarə etdiyi avtomobilin kimlər tərəfindən
qaçırıldığını öyrənə bilib: "Mənim idarə etdiyim 10 PS 395 dövlət nömrə
nişanlı maşınımı Nəqliyyat Nazirliyinin müfəttişlərinin qaçırdığını
öyrəndim. Maşında olan əşyalarımın taleyi isə müəmmalıdır. Mən taksi
fəaliyyəti ilə məşğul olmuram. Maşının qaçırılması ilə bağlı 102
Xidmətinə zəng etdim. Həmin zəngimdən sonra məni 40-cı Polis Bölməsinə
dəvət edib izahat aldılar. Amma hələ də maşınımın harada olduğu və
taleyinin necəliyindən xəbərim yoxdur". Apardığımız araşdırmalar
göstərir ki, bu, Ziya Məmmədovun işçilərinin ilk özbaşınalığı deyil.
Belə ki, ötən ilin sonlarında Bakının Nizami rayonunda Nəqliyyat
Nazirliyinin müfəttişləri ilə sürücü arasında yaranan mübahisə bir
müddət müzakirə mövzusuna çevrilmişdi. Məlumata görə, Kürdəmir rayon
sakini, 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti
ilə məşğul olarkən 4 nəfərin hücumuna məruz qalıb.Sürücü mülki geyimdə
olan bu şəxslərin müştəri kimi maşına əyləşdiklərini bildirib. Qapılar
bağlanan kimi "müştərilər" əvvəlcə sənəd, daha sonra isə lisenziyasız
taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər. Sənədlərinin ələ
keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da, bir
fayda verməyib. Həmin şəxslər avtomobilin sənədini götürərək avtomobillə
ərazidən uzaqlaşıblar. Eyni hal bu ilin fevral ayında da təkrarlanıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən verilən məlumata
görə, hadisə fevralın 26-da axşam saatlarında "Koroğlu"
metrostansiyasının yaxınlığında qeydə alınıb. Şuşa rayonundan olan
məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə
ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat
təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının
qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən döyülüb.
Ümumiyyətlə, nəqliyyat müfəttişləri tərəfindən sürücülərin döyülməsi
halları kifayət qədərdir. Bu problemin yaranmasının kökündə isə taksi
fəaliyyəti dayanır. Belə ki, nəqliyyat müfəttişləri ürəkləri istəyən
şəxsin maşınına minib sürücünün taksi fəaliyyəti ilə məşğul olmasını
bildirirlər. Qarşı tərəf buna etiraz edəndə tərəflər arasında mübahisə
yaranır. Nəzərinizə çatdırmaq istəyirik ki, Nəqliyyat Departamentinin
işçilərinin taksi sürücülərinə lisenziyanı dövlət rüsumundan baha
qiymətə satması haqda dəfələrlə məlumat verilib. Əfsus ki, bu vaxta
qədər heç bir tədbir görülməyib. Ölkədə korrupsiyaya qarşı mübarizə yeni
başlayanda Nəqliyyat Departamentinin əməkdaşları taksi sürücülərinə
lisenziya almaq üçün idarəyə getməyi məsləhət görürdü. Aradan bir müddət
keçəndən sonra yenidən taksi sürücülərini lisenziyanı onlardan almağa
məcbur edirlər. Sürücülərin dediyinə görə, həmin məbləği departamentin
işçilərinə ödəməyən sürücülərə işləməyə imkan verilmir. Deyilənə görə,
nəqliyyat müfəttişlərinin belə qanunsuz işlər görməsini nazir əmr edib.
Lisenziyanın müddətindən bir gün keçən kimi isə taksi sürücüləri dərhal
cərimələnir. Onu da qeyd edək ki, taksi fəaliyyəti üçün tələb olunan
lisenziyanın dövlət rüsumu 18 manatdır. Buna baxmayaraq, taksi
fəaliyyəti ilə məşğul olan şəxslərdən dövlət rüsumunun əvəzinə 57-60
manat alınır. Maraqlıdır ki, lisenziyanın aylıq pulunun ödənilməsi ilə
bağlı qəbzin üzərində 18 manat yazılır, amma sürücülərdən əlavə "rüsum"
tələb edilir. Bu azmış kimi, heç bir sürücünün tələbinə məhəl qoymadan
onlardan istədikləri məbləği alırlar və etiraz edənlər nəqliyyat
yetkililəri ilə üzləşməli olurlar. Paytaxtda taksi fəaliyyəti ilə məşğul
olan minlərlə sürücünün olduğunu nəzərə alsaq Nəqliyyat Nazirliyinin
büdcəsinə lisenziyalara görə alınan "rüsum"un hesabına milyonlarla manat
vəsaitin daxil olduğu məlum olar. Həmin pulların hansı işlərə sərf
edildiyi isə bəlli deyil. Nəqliyyat müfəttişlərinin özbaşına əməlləri
həm taksi sürücüləri, həm də vətəndaşları boğaza yığıb. Təəssüf ki,
nazir Ziya Məmmədov özünü qoçu ədəbsiz aparan müfəttişlərə qarşı heç bir
tədbir görmür, ya da görmək istəmir. Görəsən, niyə? Biz inanırıq ki,
islahatlar tezliklə Nəqliyyat Nazirliyinə də keçəcək və işçilərinin
özbaşına əməllərinin qarşısını ala bilməyən nazir görəvdən alınacaq.
Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
DİA.az