Nizami Gəncəvinin heykəli hara yoxa çıxıb? – Açıqlama
Lənkəran Rayon İcra Hakimiyyəti dövlət tərəfindən mühafizəyə götürülmüş dahi Nizami Gəncəvinin heykəli və onun adını daşıyan tarixi memarlıq abidəsi - "Nizami” kinoteatrının sökülməsinə aydınlıq gətirib.
Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi Marifə Əhmədova AzNews.az-a açıqlamasında bildirib ki, "Nizami” kinoteatrı tarixi abidə deyil: ""Nizami” kinoteatrı heç zaman memarlıq abidəsi olmayıb. 60-cı illərə aid olan bir tikilidir. Uzun müddət istifadəsiz olub, yararsız vəziyyətə düşüb. Kinoteatrlar istifadə olunmadığından bina qəzalı vəziyyətə düşmüşdü. Özü də o dövlət səviyyəsində 5 il bundan öncə özəlləşdirilən bir əmlakdır. Onun yerində hər hansı ictimai iaşə obyekti tikilir”.
N.Gəncəvinin heykəlinə gəlincə, M.Əhmədova onun adi betondan tökülmüş bir heykəl olduğunu bildirib: "Onu sökməyiblər, götürüb bir müəssisəyə veriblər, orada istifadə olunur”.
Qeyd edək ki, Lənkəran şəhərində dövlət tərəfindən mühafizəyə götürülmüş dahi Nizami Gəncəvinin heykəli və onun adını daşıyan tarixi memarlıq abidəsi "Nizami” kinoteatrı "Neon-111” MMC tərəfindən sökülərək məhv edilib. "GƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi məlumat yayıb ki, Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülmüş Lənkəran şəhərindəki Nizami adına kinoteatrın binası heç bir hüquq müəyyənedici sənəd olmadan "Neon-111" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülüb məhv edilərək, yerində "Neon” Şadlıq Sarayı üçün tikinti işləri aparılır. O cümlədən, kinoteatrın qarşısında olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli də sökülüb.
Miq.az