Nurayın atasına qarşı iddia qaldırıldı - “Atalıq hüququndan məhrum edilsin!”

Nurayın atasına qarşı iddia qaldırıldı - “Atalıq hüququndan məhrum edilsin!”
Quba rayonunda yaşayan 10 yaşlı Nuray Bayramzadənin bioloji atası Əvəz Bayramovun atalıq hüququndan məhrum edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb.

BakiPost.az xəbər verir ki, bu barədə vəkil Tağı Hüseynov sosial şəbəkədə yazıb.
 
Vəkil qeyd edib ki, artıq Nurayın xalası Mehriban Eldarova Binəqədi Rayon Məhkəməsinə Əvəz Bayramovun atalıq hüququndan məhrum edilməsi ilə bağlı müraciət edib: "Mən hüquqşünas olaraq bildirmək istəyirəm ki, qüvvədə olan məhkəmə qətnaməsi var ki, uşaq bioloji atasına verilsin. Lakin bu qətnamənin icrası zamanı azyaşlıya zor tətbiq etmək qanunsuz hərəkətdir. İstənilən halda azyaşlıya zor tətbiq edilməməli idi. Bu, uşağın psixoloji durumuna birbaşa zərbədir. Əslində qətnamənin qüvvədən düşməsi üçün Nurayın qəyyumu tərəfindən tədbirlər görülməli idi. Axı acizlik özü-özünə zülm etməkdir. Hüququnu bilməmək insana həmişə bəla və yaxud çətinliklər gətirir. Şükürlər olsun ki, gözlənildiyi kimi Nurayın bioloji atasının valideynlik hüququndan məhrum edilməsi ilə əlaqədar Nurayın qəyyumu, yəni xalası artıq Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Ümid edirəm ki, məhkəmə ədalətli qətnamə qəbul edib iddianı təmin edəcək və Nuray öz xalasının yanında qalacaq”.

Xatırladaq ki, Bakıda yaşayan Əvəz Bayramov 5 saylı doğum evində anestezoloq işləyir.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayıraraq atasına verməsini özündə əks etdirən görüntülər yayılıb. Belə ki, azyaşlı Nuray ona bu günə kimi atalıq etməyən bioloji atasından imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Buna baxmayaraq Nuray zorla alınaraq atasına verilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az