“O, çox az müəllimlərdən idi ki, həm təhsili, həm də jurnalist praktikasını gözəl bilirdi...”

“O, çox az müəllimlərdən idi ki, həm təhsili, həm də jurnalist praktikasını gözəl bilirdi...”

Bu gün Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nəsir Əhmədli vəfat edib. 
 
Moderator.az-a açıqlamalarında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azərbaycan Jurnalistikasının böyük bir insanı itirdiyini bildiriblər:
 
Elçin Şıxlı:
 
"Nəsir müəllim bizim jurnalistikamızdan getdi. O, jurnalist olmaqla yanaşı, həm də müəllim idi. Yüzlərlə jurnalist yetişdirib. Çox təəssüf ki, biz Nəsir müəllimi itirdik, amma həyatın qanunu budur. Bir gün gələn, bir gün gedər. Allah onu rəhmət eləsin, dostların başı sağ olsun”. 
 
Arif Əliyev:
 
"Nəsir müəllim Azərbaycanın böyük bir jurnalistlər təbəqəsinin, nəslinin müəllimi olub. Yəni müəllim kimi həmişə böyük hörmət sahibi olub və özündən sonra da dərin iz qoyub gedib. O bizim universitetdə çalışan çox az müəllimlərdən idi ki, həm təhsili, həm də jurnalist praktikasını gözəl bilirdi. Allah rəhmət eləsin. Əlbəttə ki, həmişə yeri görünəcək”. 
 
Qeyd edək ki, Nəsir Əhmədli 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində" fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaiti də daxil olmaqla 15 kitabın müəllifi olub. Eyni zamanda Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.
 
KİV xaricə siyasi informasiya yayımı sistemində, beynəlxalq radio yayımı, televiziya jurnalistikası, beynəlxalq jurnalistika və s. sahələrdə tədqiqatlar aparıb. Ali media mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.
 
Vasif Əlihüseyn


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az