“ÇOX VAXT TELEFONUMU GÖTÜRMÜRLƏR...” – “Dedim ki, bu məsələ dərhal həll olunmalıdır, əks halda mətbuata çıxacağam”

“ÇOX VAXT TELEFONUMU GÖTÜRMÜRLƏR...” – “Dedim ki, bu məsələ dərhal həll olunmalıdır, əks halda mətbuata çıxacağam”
Səyyad Aran: "Hər kəsə kömək etmək istəyirəm, amma imkan hər zaman çatmır”




Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü, qocaman deputat Səyyad Aran müsahibə almaq istəyimizə uzun çəkən tərəddüddən sonra razılıq verdi. Görüşəndə bir az jurnalistlərdən, sosial şəbəkələrdən gileyləndi, amma dərhal əlavə elədi ki, peşəkar media ilə işləməyə, danışmağa həvəslidir, həmişə fikirlərini, düşüncələrini rahat şəkildə ifadə edib. Biz də ölkə gündəmində olan problemlər, onları yaradan səbəblər, çıxış yolları barədə ona suallar ünvanladıq.

Müsahibənin ikinci hissəsini oxucularımıza təqdim edirik:


- Səyyad müəllim, sosial problemlərlə, xüsusi ilə əlillik təyinatları ilə bağlı şikayətlər necə, həllini tapırmı?

- Mən şəxsən əlilliyin təyin olunması ilə bağlı 2-3 məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək həll etmişəm. Əlillik təyinatıyla bağlı problemlər çoxdur, həddindən artıq çoxdur… Müraciətlər də çox olur, mən də bacardığım, imkanım çatan qədər kömək edirəm. Özüm də əmin olandan sonra ki, bu şəxs doğrudan da həmin dərəcəyə – ya üçüncü, ya ikinci, ya da birinci dərəcəyə layiqdir, məsələ qaldırıram. Onun sənədlərini toplatdırıram. Xəstənin özünə və ya yaxınlarına deyirəm ki, bütün sənədləri özləri toplasınlar, hansı komissiyalardan keçmək lazımdırsa, keçsinlər. Məsələn, elə hallar var ki, şəxs mütləq 10 gün xəstəxanada yatmalıdır və oradan əlilliklə bağlı rəsmi rəy verilməlidir. Sənədlər toplandıqdan sonra müraciət edirəm, aidiyyəti şöbə müdirinə göndərirəm. Onlar baxır və qərar qəbul edirlər. Görürlər ki, həqiqətən də vəziyyət ağırdır, müsbət qərar verirlər.


Məsələn, İmişlidən Aleksandr Kolmıkov adlı bir şəxs var idi. Elektrik ustası idi, evli idi və kənddə yaşayırdı. Bir qohumu dedi ki, "Bu ölüb gedir, vəziyyəti çox ağırdır”. Mən onun evinə namizədlik dövründə getmişdim. Doğrudan da vəziyyəti çox ağır idi. Tapşırdım ki, sənədlərini toplayıb aidiyyatı üzrə müraciət etsin. Əlillərin Bərpa Mərkəzi ilə əlaqə saxladım, gedəcəkləri vaxtı dəqiqləşdirdim. Bazar günüydü, zəng vurdular ki, Bərpa Mərkəzindəyik. Mən də taksiyə minib ora getdim. Özümü təqdim etdim. Orada baş həkim xanım idi. Dedi ki, biz xəstəxana tipli müəssisə deyilik, burada müalicə imkanlarımız məhduddur. Dedim, siz nə danışırsınız, görmürsünüz bu insan nə vəziyyətdədir? Bu cür yanaşma olar? Belə münasibət düzgün deyil. Bir az səsimi qaldırdım, etiraz etdim. Nəhayət, razılaşdılar və həmin şəxsi qəbul etdilər. O, 10 gün orada yatdı. Baş həkim mənə demişdi ki, orada yatması ilə bağlı rəsmi arayışı alıb gətir, biz də sistemə daxil edək. Həmin sənədi aldırdım. 10 gün ərzində bir dəfə də yanına getdim. Sənədlər sistemə daxil edildi. Mərkəzi xəstəxananın direktoru da bu məsələdə tapşırıq vermişdi və proses sürətləndirildi. Sonra bir daha bazarlıq edib onun evinə getdim. Dedim, darıxma, bu işlər bir az vaxt aparır. Xoşbəxtlikdən ona ikinci dərəcəli əlillik təyin olundu.


Başqa bir uşağa da, bir qadına da əlillik dərəcəsi almışam. Bəziləri indi yadımdan çıxır, amma ümumilikdə bu işlərlə daim məşğul oluram. Bütün nəsli dua edir ki, heç olmasa çörək pulu var. Qohum-əqrəba da kömək edir, amma dövlətdən gələn 300-400 manatın yerini heç nə verə bilməz. Çünki o pul hər ay gəlir və ailənin sabit dolanışığını təmin edir. Mənim bütün fəaliyyətimin əsas məqsədi budur ki, insanlarda dövlətə inam, etibar, məhəbbət və sevgi formalaşdırım. Budur işim!

Məsələn, Qaradonlu məktəbi ilə bağlı bir məsələ oldu. Mən o kənddə doğulmuşam. Atam orada işləyib, anam da o kəndin qızıdır. Özüm isə bir nömrəli məktəbdə oxumuşam. Doğulduğum kəndə gedəndə utana-utana dedilər ki, məktəbdə sanitar qovşaq yoxdur. Dərhal bir "Kamaz” daş gətirtdim.

- Öz vəsaitiniz hesabına?

- Bəli, öz vəsaitim hesabına. Sonra bir maşın qum gətirtdim. Ustaların dediyi nə lazımdırsa, mərhələli şəkildə aldırdım. Sonra lazımı səviyyədə - müəllimlər üçün ayrı, şagirdlər üçün ayrı olan sanitar qovşaq tikdirdim, mənə 7 min manatdan artıq vəsaitə başa gəldi. Açığı, bu bəzən mənə çətinlik yaradır, maddi baxımdan da problem olur. Bir dəfə dedilər ki, biz internetə girə bilmirik, çünki kompüterimiz, lazımi avadanlıq yoxdur. Modelini, qiymətini soruşdum və alıb məktəbə verdim. Çünki ürəyim yanırdı. Baxdım ki, yaxşı uşaqlar var, oxumağa həvəsli şagirdlər var. Kollektiv də səmimi idi. Ona görə də kömək etməyi özümə borc bildim.
 

 

- Səyyad müəllim, icra hakimiyyətlərində ixtisarlar başlayıb, dövlət qurumları birləşdirilir. Yəqin ki, xeyli insan işsiz qalacaq. Xüsusilə dövlət qulluğunda çalışanların vəzifələri ixtisar olunur. Bu da yeni bir situasiya yaradır. Siz bir deputat kimi nə təklif edirsiniz? İxtisarlar bir tərəfdən yaxşıdır, çünki dövlətin yükü azalır, amma digər tərəfdən insanlar işini itirir və onların əmək bazarında yer tutması vacibdir…

- Bu məsələ mənim arzumdan və ya şəxsi təkliflərimdən asılı deyil. Bu, ölkədə gedən ümumi prosesdir və hesab edirəm ki, dövlət özü bu məsələləri müvafiq şəkildə həll edəcək. Mən bu istiqamətdə yön verə və ya konkret fikir bildirə bilmərəm. Dövlət bununla bağlı uyğun mexanizmləri müəyyən edəcək.

- Bakıda nazirlərin vətəndaş qəbulları olmur. Paytaxtda təxminən 4 milyon əhali yaşayır. Bu barədə fikriniz maraqlı olardı.

- Bakıda yaşayan vətəndaşların nazirliklərə çıxış imkanı var. Onlar ya rəsmi məktub göndərə, ya elektron müraciət edə, ya da qəbul günlərinə yazıla bilərlər. Nazirlərin və müavinlərin müəyyən qəbul günləri olur. Mən deputat kimi mənə müraciət edən vətəndaşa kömək etmək üçün əlaqə saxlayıram. Nazirə və ya nazir müavinlərindən birinə zəng edib xahiş edirəm ki, filan şəxs qəbulunuzda olmaq istəyir. Hansı tarixdə qəbul edə bilərsiniz? Məsələn, deyirlər beş gündən sonra. Mən də vətəndaşa bildirirəm ki, ayın 14-ü, filan saatda qəbul var. Eyni zamanda, qəbul otağına məlumat verilir ki, bu şəxs mənim müraciətim əsasında gəlir. Əgər girişlə bağlı problem yaranarsa, birbaşa dəstək göstərirəm.

Bəzən isə məsələ xəstəxana ilə bağlı olur. Bir dəfə qış aylarında rayonda ağır vəziyyətdə olan xəstə var idi. Bakıya gətirilməli idi, amma rayon xəstəxanasına məxsus təcili yardım maşını icazəsiz Bakıya xəstə gətirə bilmir. Guya Bakıdakı müvafiq qurumdan icazə alınmalıdır. Ölüm ayağında olan xəstənin təcili şəkildə Bakıda müəyyən edilmiş xəstəxanaya çatdırılması lazımdır. Belə bir vəziyyətdə mən əlaqə saxladım. Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə dedim ki, bu məsələ dərhal həll olunmalıdır, əks halda mətbuata çıxacağam. Çünki xəstə ölür… Rayon xəstəxanası göndəriş verib, amma Bakıdan icazə gözlənilir. Bu nə deməkdir? Xəstə ölüm ayağındadır və dərhal paytaxtdakı müvafiq xəstəxanaya çatdırılmalıdır. Bir neçə dəqiqə keçməmiş məsələ həll olundu. Baş həkim zəng etdi və bildirdi ki, problem aradan qaldırılıb, təcili yardım maşını ilə xəstə qəbul olunacaq. Bu cür inzibati məsələlərdə bəzən əsassız maneələr yaranır. Halbuki əsas məsələ insan həyatıdır. Mən müəllim oğluyam, xalqın içindən çıxmışam. Bacı-qardaşlarımın içində məndən başqa ali təhsilli yoxdur, onlar müxtəlif sahələrdə çalışırlar. Mən özümü həmişə qohum-əqrəbamın səviyyəsində hiss edirəm. Kimlərin vəziyyətinin necə olduğunu yaxşı bilirəm. Elə bilirəm ki, bu problemlər mənim və ya yaxınlarımın başına gəlir. Ona görə də cani-dildən kömək etməyə çalışıram. Aidiyyəti olan nazirə və ya quruma çıxıram.

- Telefonlra cavab veririlərmi?

- Açıq deyim ki, heç də hər şey asan deyil. Çox vaxt telefonu götürmürlər, əlaqə saxlamaq çətin olur.

 

 

- Səyyad müəllim, 2005-ci ilə qədər də millət vəkili olmusunuz. O dövrlə müqayisədə indi millət vəkillərinin hakimiyyətdə rolu, sözünün çəkisi və problem həll etmək imkanları nə qədər fərqlidir?

- İndi daha çətindir. İnsanların hamısı səndən kömək gözləyir. Maddi, mənəvi, hüquqi və insani baxımdan hər kəs deputatdan nəsə umur. Amma təsəvvür edin ki, deputatlar da dövlət qulluqçusu kimi, müəllim kimi "avans-poluçka” maaş alır. Əksər deputatların maddi imkanı yoxdur ki, müraciət edənlərə geniş şəkildə yardım etsin. İmkanı olanlar da var, olmayanlar da. Mən şəxsən çox əziyyət çəkirəm, çünki hər kəsə kömək etmək istəyirəm, amma imkan hər zaman çatmır.

- Eləsi də var ki, imkanı var, amma kömək etmir…

- O, artıq onun öz vicdanına və Allahına qalan məsələdir. Mən kömək etmək istəyirəm, amma mənim imkanım məhduddur. Bəzən elə vəziyyət yaranır ki, maddi baxımdan çətinlik çəkirəm. Bu da deputatın üzləşdiyi real atmosferdir.

- Sizcə, vətəndaş deputatla, məmurla niyə təmasda olmağa can atır ki, kömək istəsin?

- Birincisi, bəziləri öz işi üçün vasitə axtarır. İkincisi, seçicilərin bir qismi öz hüquqlarını dərindən bilmirlər. Hüquqi savadları zəifdir. Üçüncüsü, bəzən insanlar tənbəllik edir, prosedurları özləri izləmək istəmir, məsuliyyəti başqasının üzərinə qoymaq istəyirlər.

- Yəni, əsas problem insanların özündədir?

- Bəli, müəyyən qədər insanların özündədir. Həm hüquqi maarifləndirmə zəifdir, həm də bəzi hallarda məsuliyyəti başqasına ötürmək meyli var. Bəzən deyirlər ki, siz yüksək maaş alırsınız, amma sizdən qat-qat aşağı maaş alanlar var və buna görə deputat günahkardır. Savadsız danışığa mən nə deyim? Mən vaxtında oxumuşam, özü də yaxşı oxumuşam. Orta məktəbdə də, institutda da yaxşı nəticələrim olub. Həmişə ictimai və siyasi hadisələrdə fəal iştirak etmişəm. Məsələn, xalq hərəkatı başlayanda mən də İmişlinin dəmiryolu vağzalında qurulan tribunadan çıxış edərək bu hərəkata qoşulmuşam. Ermənilərin qanunsuz hərəkətlərini ifşa etmişəm, münasibət bildirmişəm. Həmişə fəal mövqedə olmuşam. Qabiliyyətimi, çevikliyimi, dinamikliyimi və savadımı görüblər, məni irəli çəkiblər. İndi kimsə məktəbi yarımçıq qoyub, dərslərə getməyib, avara həyat tərzi keçirib, sonra da deyir ki, mən niyə yaxşı yaşamıram? Niyə az maaş alıram?

- Problem deputatın maaşı deyil. Problem başqalarının aşağı maaş almasıdır. Məsələn, minimum əmək haqqı 400 manatdır. Amma ölkədə əmək qabiliyyətli və işləyən insanların xeyli hissəsi 500–600 manat maaş alır. Problem bundadır.

- Hamı deputat ola bilməz. Kimsə müəllim olur, kimsə həkim, kimsə mühəndis. Burada günahkar axtarmaq düzgün deyil. Məsələ ondan ibarətdir ki, cəmiyyətdə orta aylıq əmək haqqı ilə real gəlirlər arasında fərq var.

- Rəsmi olaraq orta aylıq əmək haqqı təxminən 1100 manat göstərilir, amma müəllimlərin əksəriyyəti 600–700 manat maaş alır və bu, orta maaş göstəricisinə çatmır.

- Problem ondadır ki, müəllimlərin sayı çoxdur, dərs yükü də azdır, amma əməkhaqqı səviyyəsi aşağı qalır. Yəni əsas məsələ deputatın yüksək maaş alması deyil, ümumi əməkhaqqı balansının və sosial ədalətin təmin olunmasıdır.

E.Rüstəmli

E.Bəyməmmədli

"AzPolitika.info”




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az