Polkovnikdən əsgərlərimizlə bağlı generallara ÇAĞIRIŞ: "Onları anlamaq lazımdır..."

Polkovnikdən əsgərlərimizlə bağlı generallara ÇAĞIRIŞ:

Əziz dostlar! Hörmətli həmkarlar!

Üzümü güc strukturlarının hörmətli rəhbər şəxslərinə tutub müraciət edirəm. Həm öz adımdan, həm də məndən bu məsələni ictimailəşmənin vacib olduğunu xahiş edən keçmiş və indiki zabit və gizirlərimizin, MAXE və digər şəxslərin adından. Hesab edirəm ki, bu çox vacib və önəmli məsələdir. Və yəqin ki, vəziyyətə uyğun olaraq nəzərə alınar.

Bu çətin günlərdə biz maksimum çalışmalıyıq ki, yaranmış çətinliyi əl-ələ verib anlayışla aradan qaldıraq.

Sirr deyil ki, hər şənbə və bazar, bayram günləri bizim ana və bacılarımız, doğma və əzizlərimiz hərbi xidmətdə olan övladlarımıza, doğma və əzizlərimizə baş çəkirdilər. Bu ələlxüsus da gələcəyin zabiti olacaq xüsusi məktəblərdən tutmuş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursant və şəxsi heyəti də daxil bütün hərbi təhsil ocaqlarının şəxsi heyətinə aid məsələdir.

 Məni və mənim kimi valideynləri ən çox narahat edən o körpə, ana və bacı nəvazişinə daha çox öyrəşmiş, ehtiyacı olan balalarımızdır. Onları anlamaq lazımdır. Karantin şəraitidir deyə, rayon və şəhərlərdən onların yanına gəlib-gedənləri də hələlik yoxdur. Başa düşürəm ki, müvəqqəti çətinlikdir. Onlar etibarlı yerdədirlər. Lakin, uşaq yaşlarını nəzərə alıb aşağıdakı addımların atılmasını hörmətli general və admirallarımızdan acizanə xahiş edirəm.

Bu gül balalara həftədə bir neçə dəfə, lap elə ürəkləri istəyəndə, doğmaları üçün darıxdıqları təqdirdə şərait yaradın ki, mobil və ya adi rabitə vasitəsiylə danışsınlar, toxtaqlıq tapsınlar, rahat olsunlar. Həm özləri, həm də valideynləri. Bu son dərəcə vacib bir işdir. Bidliyim qədər bəzi rəhbər şəxslər bunu öz məsuliyyətləri çərçivəsində artıq ediblər. Lakin, bu rəsmi icazə formasında olsa, bunun keyfiyyəti də, əhəmiyyəti də çox böyük olar. İndiyə kimi belə fors-major hadisə və hal olmamışdı. Bütün dünya bu virusla mübarizə aparır. Biz də əlimizdən gələni etməliyik ki, uşaqlarımız əziyyət çəkməsinlər. Şəxsi heyətlə həm müharibə zamanı, həm də sülh dövründə işləmiş insan kimi bunları çox yaxşı bilirəm və müsbət tərəfini də, mənfi fəsadlarını da yaxşı anlıyıram.

Üzümü döyüş bögəsində, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda olan rəhbər şəxslərə tuturam. Ordudan tərxis müddəti bir 3 həftəyə yaxın hələlik ertələndi deyə, əlində silah-sursat olan səbrsiz gənc balalarımıza maksimum diqqət və nəvaziş göstərilməsi çox önəmlidir. Eləsi var ki. "zəncir çeynəyir". Sözsüz ki, onları bir ata kimi, valideyn kimi başa salmaq, sakitləşdirmək laızmdır ki, səbrli olsunlar. Mən düşünürəm ki, hərbi psixoloqlarımız da bu günlərdə aktiv fəaliyyətə keçməlidirlər. Əlində silah olan gənc əsgər və ya çavuş, elə zabit də son dərəcə ehtiyatlı və məsuliyyətli davranmalıdır. Allah qorusun.

Mənə elə gəlir ki, məsələnin ciddiliyini və vacibliyini izah edə bildim.

Tanrı bu koronavirus bəlasından hamımızı qorusun, dünyamıza əmin-amanlıq, sağlam ömür və problemlərin həlli üçün biz insanlara yardımçı olsun.

P.S. Dostluğumda olan mətbuat və hərbçi dostlardan bu qeydlərimi maksimum paylaşmalarına dəstək olmalarını xahiş edirəm ki, səsimiz və narahatçılığımız əlaqədar güc strukturlarının qərar verən şəxslərinə çatsın. Hər birinizə təşəkkürlər və xüsusi minnətdarlıq edirəm. Var olun!

Tanrı Dünyamızı və Azərbaycanımızı qorusun!

Üzeyir Cəfərov
Hərbi ekspert
Ehtiyatda olan polkovnik-leytenant


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az