Polkovnikdən Ramil Usubova və Eldar Əzizova: "Xoşagəlməz mənzərə..."
"Binəqədi rayon icra strukturlarının bəzi məsuliyyətsiz şəxsləri sanki öz vətəndaşlarına qarşı baş verən hadisələrdə cinayətkarlara birbaşa və ya dolayısı havadarlıq və köməklik göstərirlər"
Əziz dostlar! Hörmətli həmkarlar!
Bilən bilir, bilməyənlər üçün qısaca deyim ki, çox vacib tədbir ilə əlaqədar Türkiyə Respublikasında səfərdə idik. Dünən səhər saatlarında Bakıya dönər-dönməz çox xoşagəlməz bir hadisə ilə üzləşdik. Ailə üzvlərimizdən birinə məxsus əmlak bir qrup şəxs və ya şəxslər tərəfindən qarət olunmuş və qiymətli avadanlıq, əşyalar oğurlanmışdır. Dərhal Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları ilə əlaqə yaradılmış və artıq 1 sutkaya yaxındır ki, cinayətkar və ya cinayətkarlar axtarılır və bu dəqiqlərdə aldığım məlumata görə, yaxın saatlarda hadisədə şübhəli bilinən şəxs və ya şəxslər həbs olunacaq.
Mən baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə vacib məqamı buradan müvafiq dövlət və hökumət strukturlarının diqqətinə çatdırmaq istərdim.
Yaşadığım Binəqədi rayon icra strukturlarının bəzi məsuliyyətsiz şəxsləri sanki öz vətəndaşlarına qarşı baş verən hadisələrdə cinayətkarlara birbaşa və ya dolayısı havadarlıq və köməklik göstərirlər. Mən bunu dünən 16-46 saylı telefonla Binəqədi İcra Hakimiyyətinin rəsmi şəxslərinə açıq şəkildə bildirdim. Dövlət milyonlarla vəsait ayırıb ki, həyət və bacalarda gecə işıqları quraşdırılsın. Son vaxtlar bəzi başdan şinanaylar saat 12 olar-olmaz işıqları söndürürlər və gecə həyət və bacalarda olan avtomobil və digər əmlaklara qarşı soyğunçuluq, qarət edən şəxslər üçün geniş meydan və şərait yaradırlar. Ay olmayan başınızı yerə soxsunlar debil JEK, kommunal sferaya cavabdeh əbləhlər. Sizə elə gəlmir ki, son vaxtlar baş vermiş cinayət faktlarına görə Daxili İşlər Nazirliyi cinayətkarlarla bərabər hadisə, ərazisində baş vermiş JEK və İcra hakimiyyətlərində bir yerini şişirdən cavabdeh şəxsləri də MƏSULİYYƏTƏ cəlb etməlidirlər. Mən bunu dünən də məsul şəxslərə söylədim və bu gün də bir daha buradan Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova, onun tabeliyində olan rayonların icra strukturlarına, həmçinin DİN naziri cənab Ramil Usubova çatdırmaq istəyirəm.
Yuxarıda qeyd etdiklərim təkcə Binəqədi rayonuna aid olan məsələ deyil. Bu bütövlükdə Bakı şəhərinə xas olan bir xoşagəlməz mənzərədir.
Bir qədər subyektiv də səslənsə deməliyəm ki, dövlətin və hökumətin bəzi rəsmi şəxsləri ölkədə baş verən cinayət xarakterli hadisələrə görə bir qədər dərindən düşünsələr, onların çox ləng, anlaşılmaz və əndrabadi hərəkətlərinin də az rol oynamadığını asanlıqla görə bilərlər. Bakı şəhəri dörd bir yandan Təhlükəszilik Şəhər Kameraları (TŞK) ilə əhatə olunub. Amma, son vaxtlar oğurluq, qarət və vətəndaşların şəxsi əmlaklarına qarşı cinayətkarlığın artması Bakı Şəhər Baş Polis İdarəsinin rəisi hörmətli general Mirqafar Seyidovu, həmçinin Bakı şəhərinin rayon polis idarə, şöbə və bölmələrinin cavabdeh şəxslərini ciddi narahat etməlidir.
Üzeyir Cəfərov
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant
Miq.Az