Putin Bakıya niyə gəlir? -Azərbaycan müharibəyə başlasın, başlamasın?

Putin Bakıya niyə gəlir? -Azərbaycan müharibəyə başlasın, başlamasın?
 
Rusiya Cənubi Qafqazda başlanacaq müharibədə Ermənistanı qorusa və hərbi toqquşmalara müdaxilə etsə, Azərbaycanla yanaşı, Qərb və İslam dünyası ilə münasibətlərini gərginləşdirəcək.
 
Miq.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Onun sözlərinə görə, Rusiya hakimiyyət kanalları Putinin Azərbaycana səfəri ilə bağlı xəbər yaymaqla Bakının bu səfərə münasibətini öyrənməyə çalşır:
 
"Çünki rəsmi Bakı səfərin detalları barədə məlumatlı deyil. Mayın 8-də Putinin II Dünya müharibəsindəki qələbənin 71-ci ildönümü münasibətilə Azərbaycan prezidentinə göndərdiyi məktubda belə bir cümlə var idi: "İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir”.
 
Putin sanki rəsmi Bakıya mesaj göndərir ki, Azərbaycan müharibəyə başlamasın”.
 
Politoloq Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı iki versiya irəli sürüb:
 
"Birinci: Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Putinin planının ümumi konturları hazırdır və o bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Putin bu planı erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfi atəşkəsə riayət etməyə çağıracaq. Görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. O, Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerji itkisindən qorxur. Çünki Qərb Rusiyanı zəiflətmək üçün müxtəlif yollar axtarır.
 
İkinci: - Putin Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2011-ci ildə hazırladığı Kazan prinsiplərini yenidən rəsmi Bakıya qəbul etdirməyə çalışacaq. Bununla bərabər, Bakıda Lavrovun "atəşkəsə riayət olunmalıdır”, "insidentlər araşdırılmalıdır” kimi fikirlərini təkrarlaya bilər. Hazırki vəziyyətdə statusun müəyyənləşməsini nəzərdə tutan Kazan prinsipləri Azərbaycanın maraqlarına uyğun deyil. Kreml sadəcə müharibənin başlanmasını əngəlləmək üçün vaxt qazanmaq istəyir”.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az