Ərdoğan Suriyanın şimalında Rusiya aviasiyasının zərbələri nəticəsində onlarla türk əsgərinin həlak olmasının ardınca Putinlə telefon danışığı aparıb və görüşmək barədə təşəbbüs qaldırıb. Türkiyə prezidentinin bu gün Moskvaya gedəcəyi gözlənilir.
Rusiya isə Ərdoğanın bu kritik səfəri ərəfəsində həm də Suriyanın şimalında vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Suriya ordusu Rusiyanın dəstəyi ilə yenidən hücuma keçərək strateji əhəmiyyətli, ölkənin şimalı ilə cənubunu birləşdirən şossenin üzərində yerləşən Serakib qəsəbəsini tutub. Və dərhal oraya Rusiya hərbi polisi yerləşdirilib. Rusiya hərbçilərinin qəsəbəni nəzarətdə saxlaması Türkiyə ordusunun Serakibi vurması imkanlarını məhdudlaşdırıb.
Habelə fevralın 28-dən etibarən Rusiya Suriyada hərbi iştirakını artırmaqdadır, durmadan bu ölkəyə hava və dəniz yoluyla əlavə hərbi texnika, canlı qüvvə daşıyır. Bosfor boğazından keçib Suriya sahillərinə istiqamət alan Rusiya hərbi gəmilərinin sayı son günlər kəskin artıb, habelə Hmeymim aviabazasına tez-tez Rusiya hərbi nəqliyyat təyyarələri enir.