Qaçqına vurulan o təpik...

Qaçqına vurulan o təpik...

Macarıstanın N1TV telekanalının operatoru Petra Laslo ölkəsinə Serbiyadan keçməyə çalışan suriyalı qaçqınların polislə qarşıdurmasınılentə alır. Kameranı əlidən yerə qoymadan həm iki qaçqın uşağa təpik vurur, həm də qucağında körpə olan orta yaşlı kişiyə təpik atır.

Sonuncusu - saçlarına dən düşmüş kişi müvazinətini saxlaya bilməyərək uşağın üstünə yıxılır. Qadın operatorun üz əzalarında heç bir tərpəniş yoxdur - amimik sifət. Üstəlik, o, ağzını maska ilə bağlayıb - qaçqınlar mikrob mənbəyidir.

Bu 20 saniyəlik video sentyabrın 9-da Almaniyanın RTL telekanalının jurnalisti Ştefan Rixter tərəfindən "Tvitter”də yerləşdirilir və böyük sürətlə internetdə yayılır. Tezliklə facebookda "Petra Laslonun rüsvayçılıq divarı” adlı qrup yaradılır.

Məlum olur ki, Petra Laslo ultrasağçı "Yobbik” partiyasının üzvüdür. Telekanal da digər adı "Yaxşı Macarıstan uğrunda” olan bu neonasist, neofaşist, antisemit və Avropa interqrasiyasının əleyhinə olan partiyaya məxsusdur.

Kadrların güclü neqativ rəylər doğurduğunu görən telekanal rəhbərliyi qadın operatoru işdən qovduğunu açıqlayır. Ancaq bununla nə dəyişir ki? Operatorun hərəkəti miqrantlara qarşı bir çox Avropa ölkələrində mövcud olan ictimai rəyin vur-tut göstəricisidir.

Habelə unutmayaq: "Yobbik” partiyası Macarıstanın ən iri partiyalarından biridir. Partiya parlamentdə 47 deputatla təmsil olunub. Bəzən kuryozlar da baş verir - partiyanın liderlərindən biri olan Çanad Seqedi (həm Macarıstan parlamentinin, həm də Avroparlamentin deputatı) illər boyu yəhudiləri söyməklə məşğuldur. Sonunda məlum oldu ki, özü də yəhudidir.

İndi isə keçək ümumiləşdirmələrə. Bu yaxınlarda Avropa qəzetlərinin birində Suriyadan qaçan həkimin macəraları təsvir olunmuşdu.

Suriyalı həkim Türkiyə və Yunanıstandan keçərək sonunda Serbiyadan Macarıstana daxil olub. Və jurnalistlərə deyir: "Bizə Avropanı çox tərifləyirdilər. Ancaq bilin: biz sizdən daha yaxşı yaşayırdıq”.

Eyni kəlmələri Şərqi Avropa sakinlərinə Liviyadan qaçanlar da deyə bilərdilər. Onlar sivil, kübar, sosial dövlətlərdən qaçıb yeni qeyri-müəyyənliyə sığınıblar. Arxalarında tox, mədəni həyat. İrəlidə isə - onları qarşılamaq istəməyənlərin nifrəti. Bu kübar insanlar asanca yeni həyata inteqrasiya etməyi bacarsalar belə, yerlilərin onlara qarşı olan nifrəti, ksenofobiyası bu iki fərqli aləmlərin dinc yanaşı yaşayışını əvvəldən şübhə altına salır.

Ancaq əsas problem bunda da deyil. Nə vaxtsa, 1960-80-cı illərdə əllərində kamera olanlar qurbanlıqları yalnız lentə almırdı, həm də onların mübarizəsini fəal şəkildə dəstəkləyirdilər. İstər italyan kommunist, istər Nikaraqua sandinisti, istərsə də Argentina "Monteneros” kinooperatorları təkcə əzilənlərin məşəqqətlərini lentə köçürmürdü, həm də onların mübarizəsinin tərkib hissəsi, iştirakçısı və təbliğçiləri idi. Söhbət Sol operatorlardan gedir.

Əlbəttə, onlar da tərəf idi və onlar mövqelərini şüurlu şəkkildə seçmişdilər, bu seçim onları güllə altına aparır, gerilyayalarda həyatlarını itirirdilər. Yəni "jurnalist tərəfsiz olmalıdır” müddəası tamamilə səhvdir. Jurnalist sadəcə xeyrin, ədalətin, əzilənlərin tərəfində olmalıdır.

Əlbəttə, o vaxt da Petra Laslo kimiləri vardı - onlarsız olmaz ki! Ancaq onlar öz mövqelərini içlərində saxlayır, demonstrativ olaraq əzilənlərə təpik və yumruq atmağı ağıllarından da keçirmirdilər. Bizim dövrümüzün biabırçı reallığı və yeniliyi də elə bundadır - aqressiya, qəddarlıq kultu, zəifləri daha da əzmək, yıxılanı itələmək.

Bu cəhətdən macar qadın Petra Laslo "zəmanəmiziin qəhrəmanı”dır. Eynilə Breyvik kimi, "Cihadi Con” kimi...

Və bu gün adi insanlara mal-qara sürüsü kimi baxan Laslo kimi avropalılar nədənsə unudurlar, amputasiya olunmuş empatiya hissini kənara tullayıb xatırlamaq istəmirlər - cəmisi 3 nəsil əvvəl nasistlərin tapdağı altına düşdüklərində necə asanlıqla insan sifətlərini itirmişdilər.

Bu barədə minlərlə sənəd, xatirə və əsər var, şahid ifadələri qalır. Primo Levini oxusunlar. Viktor Franklın nasist düşərgəsindəki təcrübələrini vərəqləsinlər. Və yalnız bundan sonra bacarsalar, yenə də Suriya və Liviyadakı sakit həyatlarını itirən, bombalar, təhqirlər, işgəncələr, uzun səfərlər nəticəsində mədəni dəyərlərini müvəqqəti olaraq yolda salan, Qərbin vəhşiləşdirdiyi, barbarların qorxaq, müti və kirli etdiyi bu insanlara mal-qara sürüsü kimi baxsınlar.

Avropa ötən əsrin 40-cı illərində öz başına açılmış şəxsiyyətsizləşdirmə eksperimentini unudub indi mədəni, intellektual səviyyəsi münaqişələr başladılana qədər heç də özlərinkindən aşağı olmamış qaçqınları vəhşi sayır.

İllər boyu Yaxın Şərqdəki ekstrim Macarıstanda baş versəydi, macarlar hansı arxaik səviyyəyə düşərdilər? Petra Laslo Suriyada bircə ay yaşasaydı, ölümdən qaçanlara yenə də heyvan kimi baxardımı? Ritorik sualdır.

Bəli, insanlar mal-qara səviyyəsinə endirilib. Onları vətənlərindən müharibə, Avropadan polis qovur. Onlar hamıdan və hər kəsdən qorxurlar. Onlar mədəniyyəti, elementar gigiyenanı çoxdan unudublar. Və yaxşı olardı ki, onları qovan hər kəs bir anlıq da olsa özlərini onların yerində hiss etsin.

Gənc Petra Laslo və onun kimiləri o yaşlı kişinin qucağındankı körpənin yerində öz övladlarını təsəvvür etsə, çox şey dəyişərdi... Dəyişməyəcək...

Virtualaz.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az