“Qaçqınları evlərdən, küçələrdən yığıb, zorla da olsa, Qarabağa qaytarırlar...”
"Bunu icra edəcək dövlət başçısına "zalım", "diktator” deməyəcəm - qarşısında baş əyəcəm...”
3 cümlə ilə bir "quş"...
Son onilliklərdə o qədər gözlənilməz, ağlasığmaz xəbərlər eşitdik ki, koronavirus da oldu belə informasiyaların kulminasiyası, apogeyi; kimin ağlına gələrdi ki, bir gün planet üzrə hamının evdə oturub küçəyə çıxmaması barədə vahid bir komanda gələcək...
Bu günlərdə isə həm də Allahın növbəti ağır sınağı, imtahanı olan bu mərəzin tezliklə yox olması arzusuyla bərabər daha çox bir ağlasığmaz xəbəri eşitmək sevdasındayam:
"Torpaqlarımız ordumuzun genişmiqyaslı hücumu sayəsində işğalçı ermənilərdən tam azad edilib və minalardan təmizlənib. "Böyük Qayıdış" proqramına uyğun olaraq o Xocalıda, Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda və s. o yurdların əsl sahibləri üçün yeni binalar, evlər tikilir... Bakıda, Sumqayıtda, Gəncədə, Bərdədə, Ağcabədidə və s. qaçqınları evlərdən, küçələrdən toplayıb, zorla da olsa, Qarabağa qaytarırlar...”
Belə bir addımı icra edəcək dövlət başçısına "zalım”, "diktator” deməyəcəm, qarşısında baş əyəcəm - özüm də hamıdan qabaqda komanda, əmr, göstəriş gözləmədən o torpaqları qucaqlayıb öpməyə yüyürəcəm...
P.S. Vətənpərvər, yurdsevər didərginlər, qazilər etiraz edə bilər ki, məgər Qarabağdan köçkünlər arasında öz doğma torpaqlarına könüllü qayıtmaq istəməyənlər də var. Nə yazıqlar ki, 26 illik "atəşkəs” dövründə özləri üçün kifayət qədər rahat, güzəranlı həyat şəraiti düzəltmiş və dədə-baba yurdlarının azad edilməsinin çox da marağında olmayanlar və bir daha ermənilərin gözü olan o başıbəlalı yurdlara dönmək istəməyənlər xeylidir. Belə olmasaydı, bu 1 milyonluq qaçqın kütləsi Qarabağsızlığa dözməyib 1988-ci ildəki kimi meydanlardan evlərə yığışmaz, Şuşasız, Laçınsız, Kəlbəcərsiz... qalmazdı... /moderator.az/
Sultan Laçın