Vətəninfo.az xəbər verir ki, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” adlı yeni kitabı çapdan çıxıb. Kitabda müəllifin internet səhifələrində maraqla oxuduğumuz bir sıra hekayələri və “Üçbucaqda gedişlər” adlı povesti əhatə olunub.
Mənzərə Sadıqova orijinal həyat əhvalatlarını, müasirlərimizin yaşam tərzində, dünyagörüşündə baş verən dəyişiklikləri ustalıqla qələmə alıb.Əsərlərin hamısında XXI əsr İnsanının yaşantıları, psixoloji təlatümləri oxucunu həyəcanlandırır.Yazıçı hisslərin zəngin çalarlı palitrasına, qadın-kişi münasibətlərinə fərqli bucaqdan işıq salır.Dramatik süjet xətti, qəhrəmanların təsvirində insan ruhunun dərinliklərinə enmə oxucunu öz cazibə dairəsində saxlayır.Hadisələrin gedişində üzə çıxan ibrətamiz qarşılaşdırmalar oxucunu bir növ yuxudan oyadır,yada salır ki, insan nə qədər müasirləşsə də, öz soy-kökünü unutmamalıdır.
“Üçbucaqda gedişlər” adlı povestdən parçalar:
İnsanın elə hissləri var ki, onu özünə də etiraf edə bilmir.İndi Sevda içindəki “mən”i qarşısında çılpaq qalmışdı. Burada gerçəklikləri gizlətmək imkansızdı. Maskalanmaq olmurdu. İçinə çöldən boylanan Sevdaya belə fürsət verilmirdi. İyirmi yaşındaykən ərini itirməyin psixologiyasında açdığı sağalmaz yaranı görürdü. Yaşarı nə qədər sevsə də, dul qismətilə barışa bilmədiyini anlayırdı. “İçindəki Sevda” Fatehlə əlaqəsində özünü haqlı sayırdı. Sevib-sevilmək istədiyini uca səslə bağırırdı. Elə bağırırdı ki, Sevda özü o bağırtını eşitməməkçün qulaqlarını tıxamağa məcbur qalırdı. Ana olan Sevda, bacı olan Sevda isə “çöldə” dayanıb “içəridəki qadını” hey məzəmmət edirdi. Amma nə fayda?! “İçindəki Sevda”nın nəzərində qadın səadətinə haqqının olması aksiom idi. Kimsə bu haqqı ondan alammazdı! Məsələni mübahisə mövzusu edib teoremə çevirəmməzdi!
***
Yenə xəyal dünyasının pəncərəsindən toydakı cütlüyə boylandı. Fatehin üzündəki “o ifadə” şimşək tək çaxdı gözünün önündə. Qısqanclıqmı, qadınlıq heysiyyatımı – hansısa duyğu bu əzabları Nigara yaşatmağındansa bəyin ölməyini, yox olmağını istədi. Və birdən-birə Fatehin siması dəyişdi. Bu, tanıdığı Fatehin – Nigarı sevən, illər boyunca ona eşqnamələr oxuyan, evlənəcəkləri günün həsrətilə yaşayan Fatehin siması deyildi. Yad çöhrəydi. Çünki Fateh Nigardan başqasına belə baxa bilməzdi. Bu bəy kim idisə, Fateh deyildi! Sadəcə Fatehin üz cizgilərini daşıyırdı. Bəlkə də oğurlamışdı, plastik əməliyyat etdirmişdi. Qonaq Nigar bu düşüncələr içində bir də boylanıb bəy-gəlinə baxanda ürpəndi – cütlük rəqs edirdi, amma bəyin üzü yox idi. Boyu, bədəni yerindəydi, arxaya dönəndə başı da görünürdü. Ancaq üzü-gözü yox olmuşdu. Qalstukdan yuxarıda qorxunc boşluq qaralırdı. Mayn Ridin romanındakı başsız atlı kimi, rəqs edən bu bədənin də siması, çöhrəsi yoxuydu! Tam boşluq!! Nigar gördüyündən dəhşətə gəldi. Yüyürüb Fatehin üzünü tapmaq istədi. Ayaqları onu qaldırmadı. Heysizdi.
Maraqla oxunan və düşündürən bu kitaba görə Mənzərə xanımı təbrik edir, dövrün aktual məsələlərini ədəbiyyata gətirən yeni əsərlərini gözləyirik!
Aydan
Vətəninfo.az