“Qara maskalılar” Qazaxa da getsin! – Rəcəb Babaşovdan İlham Pirməmmədova qədər korrupsionerlər piramidası... – FAKTLAR SADALANDI

“Qara maskalılar” Qazaxa da getsin! – Rəcəb Babaşovdan İlham Pirməmmədova qədər korrupsionerlər piramidası... – FAKTLAR SADALANDI

Azərbaycanın bəzi şəhər və rayonlarında torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər. 

Miq.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Nazim Səfərov, Ucar ərazi şöbəsinin rəisi Amil Aslanov, Qazax rayonu Daş Salahlı bələdiyyəsinin sədri Asif Yusifov, Şəki rayon Qoxmuq bələdiyyəsinin sədri Etibar Eyvazov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevin daha əvvəl iş üzrə cəlb edilmiş təqsirləndirilən şəxslərlə birlikdə cinayətkar fəaliyyətdə iştirak etmələri müəyyən edilib.

Gəlin, Qazax rayonu Daş Salahlı bələdiyyəsinin sədri Asif Yusifovdan başlayaq. Bu adam 20 ilə yaxın adıçəkilən kənddə bələdiyyə sədri və icra nümayəndəsi vəzifələrini icra edib. Lakin tutduğu qanunsuz əməlləri ört-basdır etmək niyyəti ilə bir müddət bizneslə və ya sahibkarlıqla məşğul olaraq vəzifəyə iddia etməyib. Məqsəd isə məşhur deyimdə ərz edildiyi kimi, "Qar yağsın zir-zibilinin üstü örtülsün” olub.  Təxminən 10 illik fasilədən sonra Asif Yusifov yenidən sözügedən kəndə bələdiyyə sədri "təyin olunub”. Axı xirtdəyə qədər rüşvətə bulaşan bu şəxsə kimlər  "krışalıq” edir? Bu adam Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda isə Azərbaycan Texniki Universitetinin  rektor müşaviri, "Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, adı dəfələrlə rüşvət və korrupsiya hallarında çəkilmiş İlham Pirməmmədovun bacısının həyat yoldaşıdır. 

İ.Pirməmmədovun belə bir şəxsi himayə etməsi sual doğurur. Çünki İ.Pirməmmədov bütün çıxışlarında özünü  "süddən çıxmış ağ qaşıq-professor” kimi təqdim edir. Doğrudan da İ.Pirməmmədov belə "təmiz” adamdırsa, niyə rüşvət və korrupsiyaya bulaşmış qohum-əqrəbasını Daş Salahlıda icra və bələdiyyə strukturlarında işlə təmin etdirir. Yaxşı, deyək ki, İ.Pirməmmədov xalqı, milləti düşünmür. Bəs Qazaxın icra başçısı Rəcəb Babaşov hara və kimə baxır? Asif Yusifovun saxlanılması, Qazaxda baş verən bütün özbaşınalıqlar, rüşvət və korrupsiya hallarının dalğası məhz Rəcəb Babaşovu tutur axı. Kənd sakinlərinin iddiasına görə İ.Pirməmmədov R.Babaşovla əlaqələrini nizama salaraq, öz diletant, bacarıqsız qohum-əqrəbalarını vəzifəyə təyin etdirir. Həqiqətən də, belədirsə, onda R.Babaşov ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatları sabotaj etmiş olmurmu? Əlbəttə, olur. Bunun başqa adı varsa, siz deyin, izah edin, aydınlıq gətirin. Cənab Babaşov, niyə kadrları təyin edərkən onların əvvəlki fəaliyyətlərini öyrənmirsiniz? Daş Salahlıda Asif Yusifov, sabiq bələdiyyə sədri Mahir Quliyev, onun oğlu şənbə-bazar günlərində Qazax və Tovuzun mal bazarına "Qazel”lə mal-heyvan daşıyan, bazar təfəkkürlü Samir Quliyev,  kəndin icra nümayəndəsi,  əvvəllər yaxşı "aqlay ustası” kimi ad çıxarmış Tahir bəy, Akif Sozalıoğlu,(A.Sozalıoğlu ilə Tahir bəy yaxın qohumdurlar) A.Sozalıoğlunun 32 bal toplayaraq  universitetdən kəsilən, sonra İ.Pirməməddovun müdaxiləsi ilə AZTU-ya ən ölü fakültəyə qəbul etdirilən oğlu Elvin Vəliyev,  sənədsiz və qanunsuz  torpaq sataraq balalarına lüks həyat şəraiti düzənləyən "Bələdiyyə Sərxan”  ayamalı Sərxan Nəbiyevdən başqa alternativ kadr yoxdurmu? Cənab Babaşov, axı bu şəxslər sizin fəaliyətinizi də şübhə altında qoyurlar. "Balıq başdan iy verər” deyib,  sizin gördüyünüz yaxşı işləri də "qamçılayırlar. Niyə "sinənizdə ilan bəsləyirsiniz?” Niyə gənc kadrlarla işləmirsiniz? Axtarın, Daş Salahlıda kifayət qədər intellektual gənc var? Niyə gəncləri bu vəzifələrə təyin etmirsiniz? Axı ölkə başçısının kadrların yenilənməsi və  gəncləşdirilməsinə dair tapşırları var. Cənab Ali baş Komandan, müzəffər lider İlham Əliyev dəfələrlə bəyan edib ki, yeni səs və yeni nəfəs olan savadlı, işini bilən gənclərlə işləmək lazımdır. Niyə bu tapşırıqlara əməl etmirsiniz? Rəcəb Babaşov, saxlanılan Asif Yusifovun Daş Salahlıda "Dəmyə” adlanan ərazidəki anbarında  500 min ton taxılının olmasına dair ona sual etdinizmi? Bu taxıl necə əldə olundu? Kənd sakinlərinin su tapıb 1 hektar ərazisini suvara bilmədiyi dönəmdə A.Yusifov bunu necə edə bilib? Cənab Babaşov, A.Yusifov və onun "qolbəyiləri” illər əvvəl də eyni "taktika” ilə varlanmışdılar. Əvvəlcə, kənd sakinlərini su ilə sınağa çəkdilər. Taxılı, arpası sahədə yanıb, kül olan sakinlər usandılar və əkib-becərməkdən imtina etdilər. Nəticədə A.Yusifov hər bir kənd sakinin ilinə bir quzu vəd edərək torpaqlarını alıb, özü əkib-becərməyə başladı. Sizin bundan xəbəriniz yoxdurmu? Cənab Babaşov, məncə, "Qara masakalılar” qapınızı döymədən bu məsələləri yoluna qoyun. "Qara maskalılar” otağınızın qapısını döyəndə peşmanlıq hissi və həmin şəxslər sizi qurtarmayacaq. Cənab  Babaşov, sizin iş görən və ya iş görmək istəyən obrazınız formalaşdırılıb. Elədirsə, sübut edin. Ətrafınızı sarıyan köhnə "qurdlar”dan  arının. Yoxsa, sizin də həyatınız "dəmir barmaqlar” arasında keçə bilər. Kənd sakinləri iddia edirlər ki, Qazaxda, məxsusi olaraq da Daş Salahlıda Rəcəb Babaşovdan İlham Pirməmmədova qədər korrupsionerlər piramidası qurulub. 
Sındırın, bu stereotipi! 

Cənab Babaşov, Miq.Az saytı vasitəsilə kənd sakinləri sizdən xahiş edir ki, Daş Salahlının mərkəzində quraşdılan "Azercelle”ə məxsus şüa yığını olan qülləni kəndin mərkəzindən çıxarın. Kənddə ağac belə yetişmir. Belə bir məkanda necə körpə, uşaq yetişdirəsən axı?! "Mətanət –A” və "Akkord” Sement zavodunun kəndin ekologiyasına vurduğu ziyanı öyrənin. Daş Salahlıda onkoloji xəstələrin sayı durmadan artmaqdadır. Səbəbləri yuxarıda  qeyd edilib. Hər biri zəhər və ölüm saçır. Bir başçı kimi o kəndi bu bəladan xilas edin. Bütün bunlar da A.Yusifovun fəaliyyəti dönəmində müəyyən rüşvət nəticəsində reallaşıb. Nəticə gözləyirik, BABAŞOV!

Redaksiyadan: Yazıda adları çəkilmiş şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az