Qarabağ Qazisindən Rəhim Qazıyevə TUTARLI faktlar: "Kimin tapşırığı ilə..."

Qarabağ Qazisindən Rəhim Qazıyevə TUTARLI faktlar:

Ötən həftə saytımızda Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenat Nazim Bayramın "Rəhim Qazıyev hansı haqla qazilərə ÇAĞIRIŞ etməyə qalxır?!" adlı məqaləsi ([url=http://miq.az/az/rehim-qaziyev-hansi-haqla-qazilere-airis-etmeye-qalxir-herbi-icmalci/]http://miq.az/az/rehim-qaziyev-hansi-haqla-qazilere-airis-etmeye-qalxir-herbi-icmalci/[/url]) geniş rezonans doğurdu. Müəllifin silahdaşları da yazını sosial şəbəkələrdə paylaşaraq, Qaziyə öz dəstəklərini verdilər. Keçmiş Müdafiə Naziri Rəhim Qazıyev də haqqında Nazim Bayramın səsləndirdiyi ittihamlara cavab yazmaq əvəzinə sosial şəbəkələrdə bəzi qaziləri tənqid edib. Beləliklə, ehtiyatda olan polkovnik-leytenantın bu dəfəki məqaləsi də müharibənin qaranlıq tərəflərinə işıq saldığından oxucuların diqqətinə çatdırırıq. 

                 ****

R.Qazıyevə Miq.Az saytı vasitəsi ilə ünvanladığım yazıya konkret cavab vermək əvəzinə, təəssüf ki,  keçmiş Müdafiə Naziri sosial şəbəkədə mövqeyimi bölüşən və məni dəstəkləyən Qarabağ veteranlarına qarşı haqsız ittihamlar yağdırdı.
Ancaq R.Qazıyevin məzmunlu cavabları hərb tariximizə tövhə ola bilər. Çünki qoyduğum suallar bizdən sonra tarixçilər tərəfindən onsuz da veriləcək.

                                         Torpaqların getməsi yeni "razborka"ları tətikləyirdi

Rəhim Qazıyev, necə ki, o illərdə ölkədə bütün ikihakimiyətlilik və hakimiyətsizlik şəraitini siz və mənsub olduğunuz düşərgə qoymuşdu, elə də 1993-cü ildən indiyə kimi uzanmış hərbi məğlubiyətimizin əsaslarını siz və mənsub olduğunuz hökümət öz çirkin, xain, məsuliyətsiz oyunbazlığı ilə qoymuşdu. Azərbaycanı təkərə salmışdınız- siyasi çayxana "razborka"ları torpaqların getməsinə səbəb olurdu, torpaqların getməsi isə yeni "razborka"ları tətikləyirdi. 

                                               Müharibənin həlledici dövründə nazir siz idiniz

Özünüzdən əvvəl və sonrakıları tənqid edə bilərsiz. Ancaq müharibənin həlledici dövründə nazir siz idiz, hökümət də sizin idi.
1992-ci ilin aprelində ermənilər iki tərəfdən Şuşa və Laçına hücuma hazırlaşarkən (və bu hamıya məlum olduğu halda) yeni yaranan ordumuzun ilk və ən nizam-intizamlı h/h-dən biri- Laçın polkunu siz ləğv etdiniz. Deyirsiz, baxmamış imzalamışam. Siz müəllim olmusuz, cavaba baxmadan tələbəyə qiymət qoymusuz? Bu isə yeni yaranan ordunun 3-4 h/h-dən birinin ləğv olunması əmrinin altında nazir imzası olsun. İnanaq ki, baxmadan imzalamısız?  

                                                    Özünümüdafiə batalyonlarını ləğv etdiniz

Sizin hökümət uğurlu Ağdərə hücumunun ortasında hərbi planlarla və gedişatla hesablaşmadan, iyulun 9-dan ermənilərlə atəşkəs bağladı. Bu azmış kimi, siz bu bir aylıq pauzadan istifadə edib, özünümüdafiə batalyonlarını ləğv etdiniz və onlara yeni yaradılmış briqadalara daxil olmağı təklif etdiniz. "Kim istəmir, daxil olmasın, silahını qoyub, getsin”. Bu proses o zaman cəbhədə ağır nəticələrə səbəb oldu. İyulun 15-i ermənilər atəşkəsi pozaraq, Ağdərədə əkshücuma keçəndə, bir günə 15 km irəliləyib, Ağdərə şəhərinə dirəndilər. Ağdərənin qərb girəcəyində çoxsaylı erməni qüvvələrinin qarşısını Şəhid batalyon komandiri Xosrov Əhmədovun və Şəhid bölük komandiri Bəxtiyar Əliyevin rəhbərliyi ilə 17 nəfərlik bir qəhrəman tağımı kəsdi.  Bu "ordu quruluşu” 1992-ci ilin sonlarına kimi davam etdi və cəbhə boyunca qüvvələrimizi zəiflətdi, əsasən könüllülərdən ibarət hücum qüvvələrimizi azaltdı və ruhdan saldı.   
Siz Azərbaycan ordusunun yeganə döyüş rezervini 1993-cü ilin yanvarında ilk baxışdan mənasız hücuma atmısınız. Niyə "ilk baxışdan"? Çünki altqatında sizin şəxsi siyasi ambisiyalarınızın "qulaqları görünür". 

Bu hücumun heç bir hərbi zərurəti, əsaslanması yoxdur. Təkrar edə bilərsiz ki, "qış idi, ermənilər acından ölürdülər, yanacaqları yox idi, analara İrəvanın mərkəzində müharibə əleyhinə oturaq mitinqlər keçirirdilər..."

                                            Kimin tapşırığı ilə bu hücum qərarını Elçibəyə sırıdınız? 

 
Birincisi, bunların hamısı sizin əsassız şəxsi mülahizələrinizdən başqa bir şey deyil. İstənilən hərbçi bu əsasların diletant düşüncəsinin məhsulu olduğunu ilk cümlədən anlayır. 
İkincisi, uzatmayaq- sonrakı, 1992-ci ilin fevralındakı cəbhədə gedişat sizin mülahizələrinizi təkzib etmişdi- ermənidə hücum üçün yanacaq da var imiş, ac deyilmişlər, müqavimət göstərirdilər. Onu da qeyd edim ki, bu əsasları siz Ə.Elçibəyi bu hücumun lazımlılığına inandırarkən də gətirmisiz.  Ə.Elçibəyin hərbi müşavirləri- türk paşaları bu hücumun qəti əleyhinəydilər. Ancaq siz Elçibəyi inandıra bilmisiz ki, hücum lazımdı. Kimə lazım idi bu hücum, yaxud kimin tapşırığı ilə hücum qərarını sadəlöhv ali baş komandana sırıdınız? 

                                                Orduya və dövlətə dəhşətli  xəyanət

Maraqlısı budur ki, bir neçə il əvvəl mən 1993-cü il yanvar hücumunun hərbi mənada mənasız və kobud səhv olduğunu isbat edəndə, Qarabağa heç bir döyüş aidiyatı olmayan İsa Sadıxov özünü atdı "milli hökümətin” köməyinə, ancaq  sizin versiyaya tamamən əks versiya irəli sürdü ki,  "bizdə (kimdə? İsa Sadıxov o vaxt Qazaxda briqada komandiri idi-NB) məlumat var idi ki, ermənilər 1993-ün fevralında hücuma hazırlaşırlar, ona görə biz (?) yanvarda qabaqlayıcı hücum həyata keçirdik”. İsa Sadıxovun sözlərindən belə çıxır ki, erməninin çörəyi də var idi, yanacağı da, mitinq də eləmirdi, hücuma hazırlaşırmışlar və biz buna görə onları qabaqlayıb, hücuma keçmişdik... Orduya və dövlətə dəhşətli  xəyanətin iki, bir birinə zidd ört-basdır cəhdi.  

Bütün bu xəyanətlərin gizlədilməsi məqsədilə uydurulan "dəlillər” və illərlə aparılan çəkişmələrin məni ən məyus edən tərəfi odur ki, bu zaman xalq avam yerinə qoyulur. Bu məni alçaldır. Bir məqsədim də odur ki, xalqın düşünən hissəsi axtardığı suallara rasional- faktlar üzərindən cavab tapsınlar. Mən əsas sualıma cavab tapdım. Sizin təşəbbüsünüzlə başlamış 1993-cü il yanvar hücumu və Fərəc Quliyevin 9 fevral bəyanatı cəbhədə ermənilər tərəfə köklü dönüş yaratdı və sonrakı məğlubiyətlərin əsasını qoydu. Çünki sizin də mərkəzində olduğunuz oyunlar, Kəlbəcər gedəndən sonra da, səngimədi, 4 iyun hadisələrinə gətirib çıxardı. 
 
Bunlardan biri səhv olsun, ikisi səriştəsizlik olsun... bəs qalanı?  

Nazim Bayramov, 
Qarabağ qazisi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az