.jpg)
- Məskunlaşmanın arealına diqqət yetirəndə, prosesin Laçın və Kəlbəcərdə daha aktiv getdiyini görmək olar…
- Laçın və Kəlbəcər çıxış nöqtələridir. İşğal olunmuş torpaqlar ilk dəfə Laçın üzərindən birləşdirildi və məşhur Laçın dəhlizi hadisəsi də bundan qaynaqlanır. İkinci xətt Kəlbəcərdən açıldı. Faktiki olaraq Ermənistanla işğal olunmuş torpaqlar arasında əsas iki infrastruktur xətt var. Laçında başladı, Kəlbəcərdə mövcud idi və onu genişləndirdilər. Bu, ermənilərin işlərini hərbi cəhətdən asanlaşdırdı.Danışıqlar prosesində ən mühüm məsələlərdən biri Laçın dəhlizi ilə bağlıdır. Ermənilər dəhlizi hər vəhclə əllərində saxlamaq istəyirlər. Danışıqların tənzimlənməsi prosesi ətrafında yeddi rayonla yanaşı, altı, hətta beş rayon söhbətləri gedir. Beş rayon söhbəti ona görə gedir ki, ermənilər yavaş-yavaş Laçının böyrünə Kəlbəcəri də əlavə etmək istəyirlər. Gələcəkdə heç bir şəkildə 5 rayonu saxlamaq üçün əsaslarının olmadığını bilirlər, amma Dağlıq Qarabağdan başqa, Laçın və Kəlbəcəri də özlərində saxlamaq kimi absurd xəyalları və gülməli planları var. Bu baxımdan, əsas məskunlaşma enerjisini Laçın və Kəlbəcərə sərf edəcəklər ki, həm Azərbaycanı, həm beynəlxalq ictimaiyyəti fakt qarşısında qoysunlar.
- Ermənistan daxilində də maraqlı proseslər baş verir. Bu ölkənin sabiq prezidenti Robert Koçaryan öz partiyasını yaratmağa və müxalifətə getməyə hazırlaşdığını bəyan edib. Bu hadisə işğalçl ölkədə daxili siyasi proseslərə necə istiqamət verə bilər?
- Dəstəkləmək lazımdır, qoy, Ermənistan siyasətinə gəlsin. İşğal nəticəsində yaranan indiki qarşıdurmanı nə qədər körükləmək mümkündürsə, o qədər körükləmək lazımdır. Paşinyanın gücü bu gün artmaqdadır və bu, Koçaryan üçün şəxsi məsələyə çevrilir. Paşinyan üçün də şəxsi məsələ idi, çünki 2008-ci ildə Koçaryanın vaxtında həbsxanaya atılmışdı və aralarında şəxsi ədavət var. Bu şəxsi ədavətin alovlanmasının, Köçaryanın siyasətə daxil olmasının tərəfdarıyam. Daxildə işğalın yaratdığı və partlamaması mümkün olmayan siyasi və iqtisadi böhranın ortaya çıxmış formasını çox təqdir edirəm, eyni zamanda onun davamını arzulayıram. Bu mənada, kifayət qədər ciddi fiqur olan Koçaryanın siyasətə qayıtması indiki daxili münaqişəni bir az da qızışdıracaq. Gələcək parlament seçkiləri olsa belə, burada bir partiyanın üstünlük qazanmasını əngəlləmə ehtimalını artıracaq və bu ikitirəlik, bu bölünmüşlük davam edəcək. Bunun davam etdiyi bütün ssenarilər Azərbaycan üçün yaxşı ssenarilərdir.
- Hesab etmək olarmı ki, Koçayran Moskvadan dəstək barədə konkret zəmanət almadan belə bir fikrə düşməzdi?
- Çox güman ki, Moskva ilə məsləhətləşib. Çünki, Koçaryan Moskvaya çox yaxın adamdır və bunu Rusiya ilə məsləhətləşmədən elədiyini düşünmək doğru olmaz. Amma burada nə dərəcədə idarəçilik var, nə dərəcədə daha böyük strategiyanın tərkib hissəsidir, bunu bilmirəm. Amma hesab edirəm ki, Koçaryan indiki qarışıq vəziyyətdə başqa dövlətlərin də əlində saxlamaq istədiyi kartlardan biridir. Çünki, siz qalibin kim olduğu məlum olmayan mühitlərdə qələbə şansınızı artıracaq addımlar atarsınız ki, gələcəkdə o potensialı müxtəlif konfiiqurasiyalarda istifadə edəsiniz. Buna görə də Koçaryan hadisəsi gələcəkdə, amma hələlik qeyri-müəyyən olan oyunda bir tərəfin öz dayaqlarını artırma cəhdləridir ki, gələcəkdə bundan bu və ya digər şəkildə istifadə etməyə çalışsın. Koçaryanın gəlməsi onun növbəti seçkilərdə iştirak edəcəyi anlamına gəlməz, amma bu Paşinyanın qarşısındakı qrupun bir az da güclənməsi anlamına gəlir. Bundan həm daxildə, həm də xaricdə biriləri istifadə edə bilər. Amma dediyim odur ki, Azərbaycan prizmasından baxanda da bu yaxşı hadisədir. Qarşıda parlament seçkiləri var və parlamentə nə qədər çox partiya girsə, hökumət o qədər qeyri-stabil olur. Torpağı işğal olunan bir dövlətin prizmasından baxanda, bu, bizim üçün yaxşı xəbərdir.