Veteninfo.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Amsterdamda Vrij Universitetində Hollandiyadakı minlərlə Türk Gəncinin və tələbəsinin təmsil olunduğu onlarla Türk tələbə və gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb.
Onlarla Türk tələbə və gənclər təşkilatlarının rəhbərlərinin iştirak etdiyi görüşdə millət vəkili Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerində, o cümlədən Hollandiyada yaşayan minlərlə Türk əsilli tələbə və gənclərimiz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. Hollandiyada harada doğulmasından asılı olmayaraq 500 mindən çox Türkün və minlərlə Türk tələbə və gəncin yaşadığını vurğulayan millət vəkili Qənirə Paşayeva bunun çox böyük bir güc olduğunu və səsimizin Hollandiya ictimaiyyətinə, gəcnlərinə, tələbələrinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib. Millət vəkili Qənirə Paşayeva Vrij universitetində keçən görüş zamanı Hollandiyada yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli gənclərin, tələbələrin və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb. Millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi torpaqlarda apardığı etnik təmizləmə siyasəti, tarixi, dini, mədəni abidələri dağıtması, Xocalı, Qaradağlı soyqırımı, 1 milyon azərbaycanlı qaşqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi, Daglıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə ətraflı məlumatlar verib və onların suallarını cavablandırıb. Bir neçə saat davam edən müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin,tələbələrin üzərinə böyük vəzifələr düşdüyünü deyərək Türk Gənclər və Tələbə təşkilatlarını sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə çağırıb. “Hər kəsin sosial şəbəkələrdə çoxlu xarici dostları var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri, qondarma “erməni soyqırımı” yalanları barədə müəyyən məlumatlar vermək imkanına malik oluruq”, – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva türk gənclər və tələbə təşkilatlarına Azərbaycan həqiqətlərinə dair materiallar təqdim etmişdir. Gənclər və tələbə cəmiyyətləri rəhbərləri millət vəkili Qənirə Paşayeva ilə görüşdə müzakirə olunan məsələlər ətrafında səylərini daha da artıracaqlarını, Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində fəaliyyətlərini genişləndirəcəklərini bildirmişlər. Onlar millət vəkilinə həyata keçirdikləri layihələr və planları barədə də ətraflı məlumatlar vermiş və fikir mübadiləsi aparılmışdır. Görüşdə Benelüks Azərbaycanlıları Cəmiyyətinin sədri Sahil Qasımov, Avropa Türk Demokratlar Birliyinin başqanı Veys Güngör, Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma Birliyinin rəsmiləri, Eko-Avrasiya dərgisinin rəhbəri Hikmət Eren də iştirak etmişlər.
Elnur Eltürk