"Veteninfo.az" xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Giresun Universitetinin rektoru Aygün Attarla və bu universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Qara Dəniz Strateji Araşdırma və Uyqulama Mərkəzi (KARASAM) tərəfindən təşkil edilən və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin siyasətçilərinin, alimlərinin, universitet rəsmilərinin, qeyri-hökumət təmsilçilərinin qatıldığı 5-ci Qara Dəniz Beynəlxalq Simpozium çərçivəsində millət vəkili Qənirə Paşayeva Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attarla görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın getdikcə daha da genişləndiyini bildirən millət vəkili Qənirə Paşayeva bunun gələcəyimiz üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Millət vəkili Qənirə Paşayeva Universitet kollektivi qarşısında çıxışında Azərbaycan və Türkiyənin haqlı davalarını ən yüksək şəkildə illərlə həm böyüyən gənc nəsillərimizə, həm də beynəlxalq ictimaiyyətə çatdırılması yolinda dəyərli alim Aygün Attarın əməyinin hər kəs tərəfindən yüksən qiymətləndirdiyini və illərlə yaxından tanıdığı çox dəyərli dostunun, dəyərli insanın Giresun Universitetinə rektor təyin edilməsinə sevindiklərini deyib. O, Aygün Attarın rektor təyin edilməsindən sonra Giresun Universitetinin sürətlə inkişaf etməsi barədə xəbərləri böyük məmuniyyətlə izlədiklərini də deyib. “Giresun təkcə universitetinə gözəl bir rektor qazanmayıb, həm də Giresunu hər yerdə ən gözəl şəkildə təbliğ edən bir səfir, böyükelçi də qazanıb”, – deyən millət vəkili Qənirə Paşayeva Giresun Universitetində belə böyük beynəlxalq simpoziumun keçirilməsinin vacibliyi və əhəmiyyətindən də danışıb.
Giresun Universitetinin rektoru Aygün Attar da Azərbaycanın ali təhsil müəssisələri ilə artıq geniş əməkdaşlığa başladıqlarını və bu əməkdaşlığın sürətlə davam edəcəyini bildirib. O, rəhbərlik etdiyi Giresun Universiteti ilə Azərbaycanın ali məktəbləri arasında əlaqələrin daha da gücləndirilməsi üçün ciddi işlərin görüldüyünü və Giresun universitetində azərbaycanlı tələbələrin yaxşı təhsil ala bilməsi üçün hər cür imkanlar yaradıldığını deyib. O bildirib ki, hər il universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının artacağına inanırlar. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Giresun Universitetinin rektoru Aygün Attar Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini də bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu da bildirib.
Millət vəkili Qənirə Paşayeva Universitetə ziyarəti çərçivəsində rektor Aygün Attarla geniş fikir mübadiləsi apardıqdan sonra burada təhsil alan azərbaycanlı tələblərlə də görüşüb. Onlarla fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva onların yaxşı təhsil alaraq yüksək səviyyəli peşəkarlar kimi ölkəmiz üçün gözəl fəaliyyət göstərəcəklərinə inandığını bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Giresun Universitetinin rektoru Aygün Attara Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar,kitablar hədiyyə edib.
Elnur Eltürk