Qənirə Paşayeva Nazirlər Kabinetinə çağırış etdi

Qənirə Paşayeva Nazirlər Kabinetinə çağırış etdi

Millət vəkili Qənirə Paşayeva bu gün parlamentdə valideyn himayəsindən məhrum olan və uşaq evlərində yaşayan uşaqların ali və orta ixtisas məktəblərində təhsil haqılarından tam azad edilməsini təklif etdi və Nazirlər Kabinetinə çağırış etdi.

“Valideyn himayəsindən məhrum olan və uşaq evlərində yaşayan, ali və orta ixtisas məktəblərinə daxil olan uşaqların təhsil haqlarından tam azad edilməsi öz həllini tapmalıdır.” Bu fikirləri millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında səsləndirib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməli, uşaq evində böyüyən  uşaqlar  ali məktəblərə və orta ixtisas məktəblərinə daxil olarlarsa, onlar təhsil haqqından tam azad olunmalıdırlar.  Bu il uşaq evlərində böyüyən və məzun olan 51 nəfər gəncin ali məktəblərə, 10 nəfərin isə orta ixtisas məktəblərinə daxil olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva  deyib ki, qanunvericilikdə çox yaxın günlərdə belə bir əlavələr edilərsə, bu çox müsbət addım olar. “Biz çalışmalıyıq ki, uşaq evlərində böyüyən uşaqlar ali və orta ixtisas təhsilinə daha çox meyillənsinlər və onların təhsil haqlarından tam azad edilməsi bu məsələyə böyük təkan olardı” .

  Ötən gün “Azərbaycan Respublikasında Dövlət Uşaq Müəssisələrində uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində keçirilən 2012  hesabat konfransındakı müzakirələr zamanı bi sıra məsələlərin öz həllini gözlədiyinin göründüyünü deyən millət vəkili Qənirə Paşayeva bu məsələlərlə bağlı bir neçə digər təkliflər də səsləndirib.

   Millət vəkili Qənirə Paşayeva valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsi ilə bağlı da işlərin sürətlənməsinin vacibliyinə diqqət çəkib.  Millət vəkili Nazirlər Kabinetinə müraciət edərək deyib ki, yaradılmaqda olan yeni himayədar (foster) qayğı xidmətlərinin fəaliyyətini tənzimləyən “Ailə Tipli Kiçik Qrup Evi haqqında Nümunəvi Nizamnamə” və “Himayədar (foster) Ailə haqqında Əsasnamə” Təhsil Nazirliyi tərəfindən baxılması və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib və onun qısa zamanda təsdiqlənməsi vacib məsələdir. ” İl artıq başa çatır. Avstriyanın maliyyə dəstəyi ilə həyata keçirilən pilot layihənin başa çatmasına isə cəmi 10 gün qalır. Nazirlər Kabinetinin bu prosesin daha sürətli həyata keçməsi və uşaq evlərində valideyn himayəsindən məhrum uşaqların ev, ailə şəraitində böyüməsi kimi vacib məsələnin həllini tapması istiqamətində bu sənədləri təsdiqləməsi vacibdir. Mən Nazirlər Kabinetindən bu məsələnin tezliklə öz həllini tapmasını xahiş edirəm.  Millət vəkili Qənirə Paşayeva bildirib ki, uşaq evlərində böyüyən və valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə verilməsi və ailə ortamında böyüyüb, tərbiyə alması istiqamətində həyata keçirilən layihələrin genişlənməsi olduqca vacibdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az