QMİ İranın Xarici İşlər Nazirinin Qafanda verdiyi açıqlamasını qətiyyətlə pisləyir
Qafqaz Müsəlmanları İdarəsi İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir.
Miq.az xəbər verir ki, bu ifadələr QMİ-nin yaydığı bəyanatda yer alıb.
Bu gün yayılan bəyanatda qeyd olunub ki, Araz çayı hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəsdir. Onun üzərindən yalnız dostluq körpüləri qurula bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırarkən söylədiyi kimi: "Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir... Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Azərbaycan-İran sərhədi dostluq, əməkdaşlıq sərhədidir”
Azərbaycanda din dövlətdən ayrıdır, biz məscidlərimizdə heç bir dövlətə qarşı hər hansı təbliğat aparmır, heç kəsin daxili işlərinə qarışmırıq. Lakin mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı hər hansı təhdid və qarayaxmaya göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir.
Qafqaz Müsəlmanları İdarəsi olaraq, İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsini tələb edirik. Ümumislam mənafeləri naminə, İslam dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz arasında münasibətlərin qorunub saxlanılması və bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə bağların qırılmaması üçün zəruridir. Bu bizim üçün qırmızı xətdir. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadiqdirlər və dövlət mənafeyini, ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. 44 günlük Vətən müharibəsində dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi öz Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı səfərbər olmağın nadir nümunəsini bütün dünyaya nümayiş etdirib və bunu təkrarlaya bilər. Azərbaycan dindarları hər zaman dövlət rəhbərimizi dəstəkləyirlər.
Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!"