“Qoy, güclülər qalib gəlsin!”

“Qoy, güclülər qalib gəlsin!”

 “Artıq, ilk Avropa Oyunlarına start verilib. Bakı nəinki Avropa qitəsinin, həmçinin dünyanın diqqət mərkəzindədir. Bu möhtşəm idman hadisəsi hər bir azərbaycanlı üçün bir qürur və fərəh mənbəyidir”. Vətəninfo.az SİA-ya istinadən xəbər verir ki, bunu “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev I Avropa Oyunlarında start verilməsinə münasibət bildirərkən deyib.
 B. Quliyevin qeyd etdiyinə görə, belə bir mötəbər və böyük miqyaslı tədbirin keçirilməsi bir daha Azərbaycanın davamlı inkişaf və tərəqqisinin, sabitliyin, demokratik dəyərlərin qorunmasının, tolerantlıq mühitinin bariz göstəricisidir: “Əgər bu faktorlar olmasaydı, Avropa qitəsində keçirilən irimiqyaslı bir idman hadisəsi Azərbaycan olmazdı. Bu gün bizimlə yanaşı, ölkəmizə, paytaxt Bakımıza gələn çoxsaylı xarici qonaqlar, turustlər, o cümlədən, idmançılar da vurğulayır ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi heç də təsadüfi deyil”.
 “SƏS” Media Qrupun rəhbəri həmçinin vurğulayıb ki, Azərbaycanın tətbiq etdiyi iqtisadi inkişaf modeli bizi istəməyən bir sıra siyasi dairələrin qıcıqlanmasına, qısqanclıq hisslərinin yaranmasına səbəb olub. Ancaq həmin dairələrin ölkəmizə və xalqımıza qarşı yönləndirməyə çalışdıqları yalanlar, təxribatlar, qərəzlər və şantajlar ayaq açıb yerimir: “Baxmayaraq ki, bəzi xarici dairələr I Avropa Oyunları ərəfəsində "qara piar" kampaniyasına start verdilər, ikili standartlarından çıxış edən bəzi medialar aldıqları sifarişlər əsasında erməni lobbisinin maraqlarını təmin etməyə cəhd göstərdilər, amma onların bütün səyləri nəticəsiz qaldı. Ona görə ki, onların heç biri ədalət prinsipindən çıxış etmədlər, bunu bacarmadılar. Hər dəfə olduğu kimi bu dəfə də məğlubiyyətə düçar oldular. Bayaq da qeyd etdiyim kimi, ölkəmizə səfər edən çoxsaylı əcnəbi qonaqlar Bakının, bölgələrin inkişafına, tərəqqisinə heyran qaldıqlarını sadəcə, gizlədə bilmirlər. Təkcə bir faktı nəzərinizə çatdırım, Azərbaycana bir neçə dəfə səfər edən əcnəbilər hər dəfəki gəlişlərində Bakıda və rayonlarımızda müsbət yöndə çox böyük dəyişikliyin baş verdiyini etiraf etməli olurlar. Məgər bu faktın özü Azərbaycana qarşı "qara piar" kampaniyası aparan dairələrə yetərli cavab deyilmi?”.
 Media Qrupun rəhbəri eyni zamanda qeyd edib ki, Avropa Oyunları ərəfəsində Avropa Parlamentinin, bu qurumla sıx əməkdaşlıq edən erməni lobbisinin, eləcə də bir sıra qərəzli beynəlxalq təşkilatların öz istəklərinə çatmamalarına daha bir faktor səbəb olub: “Bu gün Azərbaycanda xalq-hakimiyyət birliyi mövcuddur. Bu sarsılmaz vəhdət heç bir qara qüvvənin ona təsir etməsinə imkan vermir. Çünki dünyada ədalət tərəzisi deyilən bir  məfhum da mövcuddur. Əgər qərəzləri, şantaj və böhtanları Azrbaycanda görülən nəhəng miqyaslı işlərlə bir tərəziyə qoysan, həmin tərəzinin qərəz gözü çox yuxarıda qalar. Çünki yalan və böhtan hətta nə qədər çox olsa belə, haqq-ədalətin çəkisini üstələyə bilməz. Ədalət faktoru hər zaman, hər yerə zəfər çalaraq öz sözünü deyib, ağırlığı ilə seçilib. Məhz bu dəfə də belə oldu”.
 Bəhruz Quliyev son olaraq onu da vurğulayıb ki, hələ də mənfur hisslərini gizlətməyən bir sıra dairələr öz çirkin kampaniyalarını reallaşdıracaqlarını düşünürlər: “Ancaq güclü dövlətimiz həm də təhlükəsizlik baxımından bütün önləyici tədbirləri alıb. 12-28 iyun tarixləri arasında təxribat törətmək istəyənlər ola bilsin ki, öz bəd əməllərini icra etməyə müəyyən cəhdlər göstərsinlər. Amma möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da vurğuladığı kimi, heç bir dövlət, heç bir siyasi dairə bizimlə, Azərbaycan dövləti və xalqı ilə təzyiq dilində danışa bilməz. Danışmağa cəhd edənlər isə öz layiqli cavablarını alacaqlar.
Artıq idman yarışlarına start verilib və Avropa Oyunları məşəli bizi istəməyən tərəflərin, qərəzli dairələrin gözlərini qamaşdıracaq. Bununla yanaşı, böyük idman hadisəsində yarışacaq idmançılar da I Avropa Oyunlarının ilk iştirakçıları kimi adlarını tarixə yazmaqla bunun qürurunu yaşayacaqlar. Mən hər bir idmançıya uğur və qələbə arzu edirəm. Qoy, güclülər qalib gəlsin!”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az