Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Vətəninfo.az-a bildirib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kəndin davamlı inkişafı: Vətəndaş cəmiyyəti – bələdiyyənin əməkdaşlıq modeli (COSMO)” layihəsi çərçicəsində Quba rayonunun Çiçi-Səbətlər bələdiyyəsini əhatə edəcək xalça muzeyində son tamamlama işləri aparılır. Yaxın günlərdə muzeydə işlər başa çatdırılacaq. Üç otaqdan ibarət olan muzeyin bir otağında qədim xalçaçılıq sənətinin nümunələri sərgilənəcək, digər iki otaqda isə xalça sexi fəaliyyətdə olacaq. Layihənin yerli koordinatorunun töhvəsi olan otaqlarda fəaliyyət üçün bütün şərait yaradılacaqdır.
Xatırlqdaq ki, bundan əvvəl Qubanın Əlik, Çiçi-Səbətlər və Söhüb bələdiyyələri “Azərxalça” Elm və Yaradıcılıq İstehsalat Birliyi ilə müqavilə imzalamışlar. AİB Quba xalçalarının beynəlxalq arenada nümayişinə yardımçı olmaqla yanaşı, həmdə birlik əməkdaşları mütəmadi olaraq bələdiyyələrdə olmaqla sakinlərə bu istiqamətdə öz metodik tövsiyələrini verirlər. Qeyd edək ki, müqaviləyə görə, bələdiyyə ərazilərində yaşayan sakinlər tərəfindən toxunan müxtəilif növ xalçaların yerli və beynəlxalq sərgilərdə nümayiş olunması, habelə onların satışı “Azərxalça” tərəfindən həyata keçiriləcək.
AİB-in 2011-ci ilin dekabr ayının 6-dan etibarən müstəqil olaraq icrasına başladığı layihənin əsas məqsədi “bələdiyyə-vətəndaş cəmiyyətinin əməkdaşlığı, habelə kəndin davamlı inkişafına” nail olmaqdır. Bununla yanaşı, kənd və ev turizmin inkişafı, etnik mədəniyyət nümunələrinin təşviqi, məşğulluğun yaradılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması layihənin əsas vəzifəsi kimi qəbul edilir.
Vətəninfo.az