Tomris Azəri: "Obamanın həyata keçirdiyi xarici siyasətin gələcək 4 ildə dəyışəcəyini düşünmürəm"
ABŞ-da keçirilən son seçkilərdə Barak Obamanın yenidən prezident seçilməsi Azərbaycan üçün də maraq kəsb edir. ABŞ-ın Azərbaycanla bağlı apardığı siyasətdə hansı dəyişikliklər ola bilər? Qarabağla bağlı Obama Adminstrasiyasının apardığı siyasətdən yeniliklər gözləməyə dəyərmi? Azərbaycan oxucusunu maraqlandıran bu suallara cavab tapmaq üçün "Vətəninfo"nun suallarını Azərbaycan-Amerika Cəmiyyətinin (ASA) prezidenti və Pax Turcica İnstitutunun həmtəsisçisi Tomris Azəri cavablandırdı.
- ABŞ-da keçirilən prezident seçkilərində azərbaycanlılar nə dərəcədə aktiv iştirak etdilər?
- Noyabrın 6-da keçirilən prezident seçkilərində, ABŞ-da yaşayan azərbaycanlılar da fəal iştirak etdilər. Diaspor təşkilatlarının ABŞ mətbuatında seçkilərlə bağlı dərc etdiyi məqalələr bunun bir göstəricisidir.
Misal üçün, seçkilərdən 4 gün əvvəl ASA-nın qardaş təşkilatı olan Amerika Azərbaycanlıları Şurası (AAC) erməni lobbisinin ABŞ xarıcı siyasətinə zərəri haqda "NBC", "ABC", "Reuters", "Yahoo News", "Mayami Herald", "San Fransisko" və "Hyuston Kronikl" də daxil 140-dan artıq ABŞ mediya mənbəyində məqalə dərc edib. Namizədləri müqayisələndirdiktə xarici siyasət mövqelərində Barak Obama və Mitt Romni arasında əsaslı fərq olmadığı üçün, Azərbaycan diaspor qrupları konkret bir namizədi dəstəkləmirdi. Bu seçimi hər bir vətəndaş öz maraqları əsasında edib. Şəxsən mən Mitt Romniyə səs verdim, çünki Barak Obamanın həyata keçirdiyi iqtisadi siyasətlə razı deyiləm. Ancaq sosial şəbəkələrdəki maraq mübadilələri və soydaşlarımızın ən kütləvi şəkildə məskunlaşdıqları Kaliforniya, Nyu-York, Nyu Cersi, Massaçusetts, İllinoys və Minnesota kimi ştatlarda Demokrat partiyasının ənənəvi üstünlüyünü nəzərə alaraq, əminliklə deyə bilərəm ki, ABŞ azərbaycanlılarının əksəriyyəti bu seçkilərdə Barak Obamaya səs verdib.
- Yeni dönəmdə yürüdülən xarici siyasətdə hansı dəyişiklikləri gözləyirsiniz?
- Obamanın həyata keçirdiyi xarici siyasətin gələcək 4 ildə dəyışəcəyini düşünmürəm. Bu həmçinin Azərbaycanla bağlı siyasətə də aiddir. Onu da əlavə edim ki, Azərbaycan istiqamətində Obamanın siyasəti əvvəlki ABŞ administrasiyalarından o qədər də fərqlənmir. Əsas problem erməni lobbisinə xidmət edən bəzi Konqres üzvlərinin bu siyasətə yaratdığı maneələrdir. Bunların arasında senatorlar Robert Menendez, Barbara Bokser və Mark Kirk, konqressmenlər Frenk Palloun, Adam Şiff, Bred Şerman, Ed Roysun adlarını xüsusən qeyd etmək olar. Əlavə olaraq, Kaliforniya ştatındakı iki dairədən seçilən Konqres üzvləri, Anna Eşu və Ceki Speyer, erməni əsillidirlər. Adları çəkilən ermənipərəst ABŞ millət vəkillərinin əksəriyyəti demokratdır.
Eyni zamanda, keçən həftəki seçkilərdə Barak Obamanın qətiyyətli qələbəsi göstərdi ki, Respublikaçılar Partiyasının proqramında dərin islahatlara ehtiyac var. ABŞ-ın demoqrafik tərkibi deyişdikcə, respublikaçıların uşaqsaldırma və eyni cins nigahlara əleyhdarlıq kimi köhnəlmiş prioritetləri artıq geniş Amerikan seçici kütləsində dəstək tapmır. Nəticədə indiki respublikaçı siyasi platforması əsasında hər hansı bir namizədin Ağ Evə yetişməsi, demək olar ki, imkansızdır.
Qeyd edilən amilləri nəzərə alaraq, ABŞ azərbaycanlıları respublikaçılarla bərabər demokratlarla da yaxından yaxından çalışmalıdırlar.
- Ümumiyyətlə Amerikanın Azərbaycan, İran və bölgəmizlə bağlı planlarında aktivləşmə ola bilərmi?
- Obama, İranın nüvə proqramına aid məsələdə diplomatik çözümə üstünlük verir. Bu siyasət böyük ehtimalla yaxın 4 ildə davam etdiriləcək. Artıq ABŞ-da bəzi sol-yönlü siyasi icmalçılar hətta belə fikir yürüdür ki, Şimali Koreyanın nüvə qabiliyyəti əldə etməsi ilə regionda fundamental dəyişiklik baş vermədiyi kimi, İran da buna nail olacağı halda ABŞ siyasətinə təsirli təzyiq göstərə bilməyəcək. Ancaq təbii ki, İran nüvə proqramı məsələsində İsrail və ABŞ-dakı yahudi maraq qruplarının ABŞ siyasətinə güclü təsiri də danılmazdır.
Bildiyiniz kimi, ABŞ qoşunları 2014 -cü ildə Əfqanıstanı tərk edəcək. Yəni ən azı 2014-cü ilin sonuna qədər, Azərbaycan ABŞ-ın mühüm hərbi maraq dairəsində qalmağa davam edəcək. Əlavə olaraq Azərbaycanın təbii ehtiyatları, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir və bu nöqteyi nəzərdən Azərbaycan ABŞ-ın iqtisadi və strateji maraq dairəsində olmağa davam edəcək.
- Güney Azərbaycan məsələsinin Konqresdə qaldırılması böyük rezonans yaratdı. Hazırda bu məsələ ilə bağlı hansı yeniliklər var?
- Bəli, iki ay bundan əvvəl, Güney Kaliforniyadan Respublikaçı Konqressmen və xarici məsələlər üzrə Konqress komitəsinin üzvü, cənab Dana Rohrabaker, Güney Azərbaycana aid 137-saylı qətnamə layihəsini təqdim edib. Qətnamədə, Azərbaycanın 1828-ci il Türkmənçay müqaviləsi əsasında Rusiya və İran arasında bölündüyü qeyd olunur. Əlavə olaraq, bu qanun layihəsi, güney azərbaycanlıların öz müqqədəratlarınn müəyyənləşdirilməsini təmin etmək üçün ABŞ hökumətini səy göstərməyə çağırır.
Təbii ki, Güney Azərbaycan məsələsinin ABŞ Konqresi kimi yüksək bir məclisdə ilk dəfə qaldırlıması hər bir azərbaycanlı üçün sevindirici haldır. Ancaq bu həssas istiqamətdə böyük irəliləyiş üçün ABŞ-da yaşayan güneyli soydaşlarımızın bu siyasi prosesdə kütləvi şəkildə fəal iştirakı zəruridir. Onları bu məsələdə maarifləndirmək və aralarında milli kimliyimizi qüvvətləndirmək üçün Azərbaycan dövlətinin qayğısına böyük ehtiyac var. Təəsüf ki, bu istiqamətdə dövlət diaspor qurumunun işi qaneedici deyil.
- Erməni diasporu seçkilərdə kimi dəstəklədi?
- ABŞ-ın aparıcı erməni diaspor qurumları, Amerika Ermənı Milli Komitəsi (ANCA) və Erməni-Amerikan Assambleyası (AAA), bu seçkilərdə heç bir namizədi dəstəkləmirdilər. ANCA bu barədə rəsmi bəyanatla da çıxış edərək qeyd etdi ki, Barak Obama 2008-ci ildə seçkidən əvvəl verdiyi vədləri (yəni, qondarma erməni soyqırımı iddialarının tanınması) yerinə yetirməyib, Mitt Romni isə erməni "məsələlərinə" heç bir maraq göstərmir. Ancaq eyni zamanda, erməni lobbisinin dəstəklədiyi bir çox konqressmenlər və senatolar var. Bunlardan bəzilərı keçən həftəki seçkilərdə məğlub oldu. Məsələn, Massaçusetts ştatından ermənipərəst respublikaçı Senator Skot Braun, Virciniya ştatından respublikaçı sabiq Senator Corc Allen demokrat rəqiblərə uduzdular. Erməni lobbisinin illərdir aparıcı dəstəkçilərindən olan demokrat konqressmen Hovard Berman isə, dairə dəyişdirmələri nəticəsində öz kürsüsünü itirdi.
Erməni lobbisinin Azərbaycan və Türkiyəyə qarşı fəaliyyətlərini əngəlləmək üçün ABŞ-dakı türk və azərbaycanlı icmaların siyasi müstəvidə birgə çalışması zəruridir. Bu istiqamətdə aparıcı Türk-Amerikan təşkilatları ilə bir neçə il əvvəl qurduğumuz Pax Turcica İnstitutu uğurlu bir nümunədir. Bu qurumun səyləri nəticəsində bu il mart ayında, Nyu-York ştatının Senatı tarixdə və Azərbaycandan xaricdə ilk dəfə 31 mart Azərbaycanlıların Soyqırım Gününü 3784 saylı qətnaməsi ilə rəsmi şəkildə tanıdı. Əlavə olaraq, Pax Turcica İnstitutunun apardığı kampaniyanın nəticəsində, Corciya ştatının Nümayəndələr Palatası ilk dəfə Xocalı soyqırımında Ermənistan rəhbərliyinin rolunu qeyd edən və cinayətlə bağlı Serj Sarkisyanın adını hallandıran 1594 saylı qətnaməni qəbul etdi. Onu da qeyd edim ki, Pax Turcica İnstitutu bu uğurlu nəticələri yalnız ABŞ türk və azərbaycanlı icmaların səyləri və dəstəyi ilə əldə edib. Gələcəkdə biz bu cür uğurlu fəaliyyətlərə davam edəcəyik.
Firudin