“Azərbaycanda beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli formalaşıb”
“Vətəninfo.az” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Qusar rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimində bildirib.
O, vurğulayıb ki,DSMF-nun maddi-texniki bazası, infrastrukturu tamamilə yenilənib. Fondun 70-dən yuxarı rayon şöbələrində müasir informasiya-texnologiyalarına əsaslanan lokal şəbəkə qurulub, "incə müştəri" sistemi və "1 işçiyə 1 kompüter" prinsipi əsasında beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb: “Bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan “mərkəzi server”də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmərəliliyinin artırılmasına nail olunur. Yaradılan müasir infrastruktur, elektron xidmətlərin tətbiq dairəsinin genişlənməsi sığorta-pensiya sistemində vətəndaşla Fondun əməkdaşları arasında birbaşa əlaqə yarada bilən bütün halları aradan qaldıracaq, sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmasına imkan verəcək”.
S.Müslümov şöbənin işçilərinə sosial sığorta sahəsində fəaliyyətin daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar verib: “Şöbə əməkdaşları həm pensiyaçılara, həm də sığortaolunanlarla yüksək xidmət göstərməlidirlər. Qusar rayonu ərazisində bütün çalışanların sosial sığortaya cəlb olunması təmin olunmalıdır. İşləyən vətəndaşlarımızın arasında təbliğat işi gücləndirilməli və hər bir insan özünün gələcək pensiyasının təminatçısı olmalıdır”.
Qeyd edək ki, toplantıda DSMF-nin, rayon icra hakimiyyətinin başçısı Şair Alxasov çıxış ediblər. Natiqlər son illər əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhəmiyyətindən, pensiya və müavinətlərin artırılması, aztəminatlı ailələrə dövlət qayğısı sahəsində aparılan islahatların bəhrəsindən danışıblar.
Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olublar. İki mərtəbəli, 15 iş otağından ibarət inzibati bina müasir avadanlıqlarla təchiz edilib.
Mirvari Nəcəf