"Ailə dəyərlərinin aşınması psixoloji problemlərin əsas səbəbidir"

"Ailə dəyərlərinin aşınması psixoloji problemlərin əsas səbəbidir"

Son dövrlər cəmiyyətdə artan zorakılıq halları bu məsələyə daha ciddi yanaşmağı tələb edir. Bu mənada mütəxəssislərin fikirləri əhəmiyyətlidir. Suallarımıza Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, “Aktual” Elmi-sosioloji araşdırmalar Mərkəzinin rəhbəri, sosiologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Süleymanlı cavablandırır.

- Azərbaycan toplumunun hazırkı ruh halını necə qiymətləndirirsiniz? Mövcud problemləri necə sıralayardınız?

- Son 20 ildə yeni sosial-iqtisadi sistemə keçid nəticəsində həm insanların təfəkkür tərzində, həm də yaşayış tərzində ciddi dəyişikliklər baş verib. Təəssüflər olsun ki, bunların bir qismi də arzuolunmayan dəyişikliklərdir. Bu mənada müasir dövrdə zorakılıq hallarının yayılması cəmiyyəti narahat edən aktual problemlərdəndir. İnsanların bir-birini qarşı zorakılığı barədə statistik rəqəmlər problemin kəskinliyini diqqətə çatdırır. Son illər zorakılıq mənşəli cinayətlərin baş verməsində müşahidə olunan artım da bunun nəticəsidr.

- İnsanlar arasında münasibətdə gərginlik, aqressiv elementlər çoxalıb dediniz. Bunun səbəbləri nədir?

- Bunları yalnız bir səbəblə açıqlamaq mümkün deyil,   çünki ictimai hadisələr mahiyyət etibarilə çox səbəbli hadisələrdir. Bu mənada burda bioloji səbəblər də əhəmiyyətli rol oynayır, düzgün olmayan maariflənmə ilə bağlı səbəblərdə var, sosial-iqtisadi xarakterli səbəblərin də rolu az deyil. Ən əsası cəmiyyətdə aqressiyaya qarşı tolerant münasibətin olması bu məsələni daha çox qızışdırır. Misal üçün əgər qadına və yaxud uşağa qarşı şiddət cəmiyyətdə kişilik etalonu kimi qəbul olunur və təbliğ olunursa bu istər istəməz bu halın kütləviləşməsinə səbəb olur.

Son dövrlər aqressiyanın bu dərəcədə artması texnologiyanın düzgün istifadə olunmaması, insanların bir-birinə qarşı yadlaşması, tənhalaşma, sosial mühitdən uzaqlaşma, aqressiv yönümlü informasiyanın çoxluğu və həmin informasiya kanallara çıxışın asan olması da ciddi təsir göstərir. Ən təhlükəlisi odur ki, insanların şüuraltında aqressiyanın bir növ normallaşması hadisəsi baş verir.

 Digər tərəfdən iqtisadi və sosial problemlər qarşısında çarəsiz olmaq və yaxud belə olduğunu düşünmək, kənddən şəhərə miqrasiya, təbəqələşmə kimi sosial-iqtisadi  təzyiq amilləri də gərginliyin və qayğının artmasının əsas səbəblərindəndir. İşsizlik və aşağı gəlir səviyyəsinin səbəb olduğu stress, insanın qarşılaşdığı haqsızlıq və ədalətsizlik aqressiya riskini artıran səbəblər arasındadır.

- Bu gərginliyin ilk mənbəyi hardan başlayır? Məsələn səhər avtobus sürücüsünün vətəndaşla mübahisəsi gün ərzində həm həmin  sürücünün, həm də vətəndaşın iş yerində artıq həmin gərginliyi başqalarına inikas etməsiylə nəticələnir. Bu da gərginliyin digərlərinə keçməsinə yol açır. Sanki bu gərginlik, əsəblərin tarıma çəkilməsi sistemli bir şəkil almağa başlayıb...

- Bunun ilkin mənbəyi ailədir. Ənənəvi ailə dəyərlərinin aşınması müasir cəmiyyətdə özünü büruzə verən çox saylı psixoloji problemlərin əsas səbəbidir. Çünki, ailədaxili münaqişələr insanlara daha çox təsir edir. Xüsusilə də son dövrlər valideyninə qəsd edən üzdəniraq övladların, övladlarına qarşı acımasız rəftar edən “valideynlərin” sayının çoxalması insanın tüklərini ürpədir. Bəs ailələrimizdə nə baş verir? Bir insanın yad birini canına qəsd etməsini müəyyən izahat vermək olar, lakin öz yaxınına qarşı bu cür hərəkəti anlamaq həqiqətən asan deyil. Bu ilk növbədə insanlar arasında sevgi  bağlarının azalması və son dövrlər özünü büruzə verən ailə dəyərlərinin aşınması ilə bağlıdır. Bunlar həmdə cəmiyyətdə sosial həmrəylik hissinin azalmasına da səbəb olur. Eyni zamanda valideynlərin burda mənfi rol modellər sərgiləməsi vəziyyəti daha da dramatikləşdirir. Aparılan tədqiqatlar daha əvvəlki illərdə aqressiyaya məruz qalanların məruz qalmayanlara görə zorakılığa daha çox  meylli olduqlarını müəyyənləşdirmişdir. Ailədə, cəmiyyətdə öz hərəkətlərini cilovlaya bilməyən, aqressiv davranan və zorakılıq tətbiq edən valideynlər övladları üçün mənfi nümunə təşkil edirlər. Digər tərəfdən televiziyada, internetdə aqressiya məzmunlu filmlər izləyən, oyunlar oynayan uşaqlar digərlərinə görə  zorakılığa daha çox meylli olurlar. Çünki həmin filmlər bir tərəfdən həm uşaqların emosional inkişafının qarşısını alır, həm də onların “yaxşı” və “pis” anlayışları arasında sərhədi fərqləndirməyə imkan vermir. Beləliklə də onlarda destruktiv elementlərin potensialının artmasına səbəb olur.

- Əsəblərin tarıma çəkilməsində, gərginliyi artmasında Azərbaycan dilindən lazımınca istifadə edilmədiyin də əlaməti ola bilərmi? Yəni dilimiz zəngin olarkən, yaranan problemlərin həlli zamanı yalnız kobud və gərginlik yaradacaq ifadələrin işlənməsi nə ilə bağlıdır? Dilimizin daha yumşaq ifadələrindən, kübar davranış formasından niyə istifadə edilmir?

- Təbii ki, xırda konfliktlərin yaranmasında və yaxud qarşısının alınmasında istifadə olunan üslubun çox böyük əhəmiyyəti var. Təəssüflər olsun ki, xüsusilə son dövrlər dilin imkanlarından daha çox mənfi mənada istifadə olunduğunun şahidi oluruq. İnsanda bəzən elə bir təəssürat yaranır ki, sanki insanlar bir-birini acılamağı özlərinin gündəlik vəzifəsinə çeviriblər. Bununda nəticəsində ictimai nəqliyyatda, küçədə, parkda, restoranda və yaxud ailədə xırda bir məsələ məhz o səhv üslub ucbatından böyüyərək  içindən çıxılmaz vəziyyətə gəlir. Ələlxüsus bir qisim gənclərdə bu qüsur özünü  daha qabarıq formada büruzə verir. Bu da onun nəticəsidir ki, ailədə onlara düzgün ünsiyyət forması öyrədilmir, test sistemi üzərində qurulmuş təhsil sistemində onların nitq və ünsiyyət mədəniyyəti inkişaf etdirilmir. Digər tərəfdən hazırda medianın dili onlara həmin vərdişi aşılamaqdan çox-çox uzaqdır, ətraf mühitdə isə bir balaca mədəni danışmağa cəhd edən insanlara qarşı kinayəli yanaşma hökm sürür. O zaman belə bir sual ortaya çıxır ki, bu gənc həmin leksikona necə yiyələnməlidir? Hətta ali məktəbə qəbul olunmuş gənclərdə belə  ünsiyyət, üslub və davranış problemi özünü açıq şəkildə büruzə verir. Bəzən həmin gənclərin primitiv nitqlərindən, nizamsız davranışlarından həqiqətən də tələbə olduğunu anlamaqda çətinlik çəkirsən. Burda onların az mütaliə etmələri də şübhəsiz ki böyük rol oynayır. Lakin  müəllimin, hansısa bir vəzifəli şəxsin də bu cür üslubdan istifadə etdiyini görəndə tələbələrin bu cür davranışını səbəbini anlamaq çox da çətin olmur.

- Sivil ölkələrdə iş yerində, xəstəxanalarda, küçədə yüksək tonla danışılmır. Azərbaycanda isə bir sıra hallarda, bu kimi davranışla rastlanılır. Yüksək tonla danışıq nəyin əlamətidir?

- Əslində müəyyən mənada əvvəlki sualınızda bu məsələyə aydınlıq gətirməyə çalışdım. Bir şeyi əlavə etmək istəyirəm ki, cəmiyyətin əsas norma və qaydalarını mənimsənilməsi prosesi olaraq adlandırılan  sosiallaşma  prosesi yarımçıq qaldığı zaman fərdin öz davranışlarını nəzarət altında saxlaması çətinləşir. Həmin insan anlamır ki, onun yüksək tonla danışması, nizamsız hərəkətləri başqalarını narahat edir, onların nəqliyyatda rahat səyahət etmək hüququnu və yaxud parkda, istirahət mərkəzində və  hətta öz evində rahat istirahət etmək hüququnu kobud şəkildə pozur. Bu cür insanları elmi ədəbiyyatda “sosiopat” adlandırılır. Təəssüflər olsun ki, cəmiyyətdə bu cür sosiopatların sayı kifayət qədər çoxdur və vaxtında lazımlı tədbirlər görülməzsə bunların sayının daha da çoxalması təhlükəsi var.  Sosiallaşma prosesi ilk əvvəl ailədə başlayır, daha sonra məktəbdə davam edir.  Bugün ailə bəzən valideynlərin gərgin iş rejimi, bəzən isə laqeyd yanaşması nəticəsində həmin  vəzifəni yerinə yetirməkdə çətinlik çəkir. Onların əvəzinə bu vəzifəni qeyri-rəsmi olaraq KİV-lər öz öhdəsinə götürür. Onların indiki vəziyyətində isə onların təsiri altında qalan fərdin nəinki düzgün sosiallaşması baş verməsini gözləmək olar, əksinə həmin proses tərs istiqamətdə inkişaf edir. Geriyə qalır məktəb. Orda da xüsusilə ibtidai təhsildən sonra günün böyük hissəsini repetitor yanında keçirən şagirdlərin sağlam sosiallaşma prosesi keçməsini gözləmək əbəsdir. Axı ən yaxşı halda repetitorun mənzilində, çünki bu bəzən zirzəmidə olur, aparılan təlimdən, diqqət edin mən təhsil deyil, məhz təlim deyirəm,  hansı sosiallaşma prosesinin baş verməsini  gözləmək olar? Bu məsələnin görünməyən və çox vaxt diqqətdən yayınan tərəfi olsa da, zənnimcə ən əhəmiyyətli məqamdır. Çünki bu şərtlər altında formalaşan fərd empatiya, özünü başqasının yerinə qoymaq bacarığına, malik olabilmir. Bu da istər-istəməz cəmiyyətdə zorakılığın və aqressiyanın artmasına, gücün kultunun möhkəmlənməsinə  və insani dəyərlərin çatışmamazlığına səbəb olur.

- Sadalanan problemlərdən necə qurtulmaq olar?

- Hesab edirəm ki, məsələyə ilk növbədə elmi yanaşma çox vacibdir. Bunun üçün də cəmiyyətdə aqressiyanın miqyasını və hansı təbəqələrdə özünü daha çox büruzə verdiyi məsələsi ciddi elmi tədqiqatlarla ortaya qoyulmalıdır. Misal üçün ilkin mərhələdə məhz aqressiv davranış nəticəsində kobud qanun pozuntusuna yol vermiş fərdlər, onların yetişmə tərzi, ailə quruluşu, aldıqları təhsil kimi faktorlar kompleks şəkildə tədqiq olunmalı, beləliklə də problemli məqamlar aşkara çıxarılmalıdır. Burdan əldə olunan nəticələr əsasında daha effektiv tədbirlərin görülməsi mümkündür.

-Nələr edilə bilinər ki, insanlar kobudluqdan uzaq olsunlar, bir-birlərinə nəvazişlə müraciət etsinlər, yaranan problemləri hay-küysüz həll etməyə çalışsınlar?

-Bu cür problemlərin həllində müsbət model nümunəsi çox əhəmiyyətlidir. Bunun üçün də mümkün olduğu qədər ailədə, təhsildə, mediada və cəmiyyətdə müsbət davranış modellərini geniş sürətdə təbliğ etmək lazımdır. Eyni zamanda ictimai qınaq vasitələrindən də geniş  istifadə olunmalıdır. Belə ki, ictimai yerlərdə davranış pozuntusuna yol verən insanlara mütləq sürətdə onun səhv hərəkət etdiyini dərk etməsi üçün münasib bir üslubla qınamaq lazımdır. Lakin bunu əksər hallarda olduğu kimi bir nəfərin öhdəsinə buraxmaq düzgün deyil. Əks halda bunun effekti olmur və həmin səhvə yol verən insan ya onu qınayan insana tərs cavab verir və yaxud ən yaxşı halda səsini çıxarmır. Lakin xəbərdarlıq tək insandan gəldiyi üçün onu bir o qədər də ciddi qəbul etmir və növbəti dəfə də o hərəkəti etməkdən çəkinmir. Bunlar hamısı daha çox maarifləndirici xarakterli tədbirlərdir. Lakin bəzən, əksər xarici ölkələrdə olduğu kimi həmin insanlara qarşı inzibati yollarla cəzalandırılması kimi sərt sanksiyalaşdırıcı tədbirlərə də ehtiyac duyulur.  Həmin ölkələrdə bu qanunlarla tənzimlənir, bizdə isə dəyərlərlə. Əgər dəyərlərə riayət olunma baxımından problemlər özünü büruzə verirsə onda qanunların sərtləşməsi zərurəti meydana gəlir. Misal üçün artıq uzun müddətdir yeraltı keçidlərdən istifadə etməyən piyadalara pul cəzası kəsilir. Təzəliklə yerləri zibilləyənlər üçün də oxşar cəza tədbirlərinin tətbiq olunacağı haqqında qanun qəbul olundu. Hesab edirəm ki, bir müddət sonra ictimai yerlərdə insanları öz hərəkətləri, səs tonları ilə narahat edən insanlar üçün də oxşar cəza tədbirləri tətbiq olunması vacib olacaq. Əgər biz ələlxüsus şəhər həyatında insanların davranışlarında müsbət yöndə dəyişikliklərin olmasına nail olmaq istəyiriksə bu kompleks tədbirlərin görülməsi vacibdir.  Bütün bunlar üçün yeni bir qurumun yaranması zərurəti də meydana gəlir. Bundan bir neçə müddət əvvəl bütün bu tədbirləri koordinasiya edəcək Şəhər İctimai Nəzarət idarəsinin qurulmasını təklif etmişdim.

- Bu istiqamətdə hansı maarifləndirici fəaliyyətlərı ehtiyac var və bunları necə sıralayardınız?

- Cəmiyyətdə aqressiya və zorakılıq hallarının azaldılması üçün milli və dini dəyərlərin təbliğ olunması çox vacibdir. Böyük-kiçik münasibətlərindən tutun cəmiyyətdəki davranışların xarakterinə qədər adət-ənənə və halal-haram prinsiplərinə riayət olunması, xüsusilə yeni yetişən nəslə bunların təbliğ olunması bu səpgidə bir çox problemləri böyümədən qarşısını alacaqdır. Lakin bu gün daha çox maddi dəyərlərin təbliğatı aparılır, bu isə tam tərsinə zorakılıq elementlərin artmasına səbəb olur. Uzun perspektivdə isə cəmiyyətdə zorakılıq hallarının azaldılmasının ən kəsə yolu yeni yetişən nəslin psixoloji sağlamlığının, ruh halının qorunmasına nail olmaqdır. Çünki uşaqlıq dövründə qarşılaşılan və ailə tərəfindən kifayət qədər ciddi qəbul olunmayaraq müalicə olunmayan  aqressiya, yalan danışmaq, yoldaşlarına və ətrafına zərər vermək kimi mənfi davranışlar sonrakı dövrdə fərdin yaxasını buraxmayacaqdır. Bunun baş verməməsi üçün qabaqlayıcı profilaktik tədbirlər görülməsi zəruridir. Profilaktik tədbirlər cərgəsində valideynlərin övladlarını zorakılıq elementləri olan filmləri izləmələrinin və oyunlar oynamalarının qarşısını almaları, onları daim nəzarətdə saxlamaları vacibdir. Lakin bu nəzarət özüdə zorakı üsullarla həyata keçirilməməlidir. Uşaqları zorakılıq elementlərindən qorumaq üçün onlarda sevgi hisslərini inkişaf etdirməli, bunun üçündə ilk növbədə onları sevmək lazımdır. Eyni zamanda lokal psixoloji yardım mərkəzlərinin qurulmasına da ciddi ehtiyac duyulur.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az